Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2089/2022 15.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X2 iclas katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə və Azərbaycan Respublikası Mərkəzi Bankına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. İXM-nin 112.1.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşı tərəfindən tərtib edilmiş protokolda Şəxs MMC 65600 ABŞ dolları vəsaiti Bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürmüşdür. Ödənişin aparıldığı gündən 02 il müddət keçsə də, 65600 ABŞ dolları vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxal etməmişdir. Nəticədə MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilən sənədlər ilə təsdiq edilir. Ona görə də, xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC-nin qanuni təmsilçisi X1 iş materiallarına əlavə etdiyi yazılı izahatında qeyd edilmişdir ki, tələbə yoldaşı Orxan Salmanovla birlikdə Neft və Sənaye Universitetin qarşısında olan vaxtı tələbə yoldaşına zəng gəldi və ona "ASAN xidmət" mərkəzinə gedib telefon nömrəsi almaq lazım olduğu bildirildi və bunun müqabilində hörmət olunacaq, yəni müəyyən məbləğdə pul veriləcəkdi. Qrup yoldaşı həmin təklifi ona da etdi və onlar bundan sonra özünü Allahverdi kimi təqdim edən şəxslə görüşdülər. Allahverdi onlara bildirdi ki, adınıza iki günlük telefon nömrəsi götürüləcək və iki gündən sonra telefon nömrəsi adınızdan çıxarılacaqdır və bunun müqabilində sizin hər birinizə pul veriləcəkdir. Tələbə olduqları üçün həmin təklifə etiraz etmədilər və həmin şəxslə birlikdə Xətai rayonundakı "Asan xidmət" mərkəzinə gedib, oradan hər biri bir telefon nömrəsi götürüb həmin şəxsə verdilər. O da onlara 25-30 manat pul verdi. 2020-ci ildə karantin dövründə 190 manat məbləğində sosial yardım almaq üçün müraciət edərkən bildirdilər ki, adında şirkət olduğu üçün ona yardım düşmür. Elə həmin ərəfədə Həmidov Vüqar adlı şəxs onu telefon vasitəsilə tapdı və onda ona məlum oldu ki, adına qeyd edilmiş şirkəti açan şəxs də elə odur. Buna görə də ona bildirdi ki, şirkəti onun adından çıxartmaq lazımdır. Bunun üçün Həmidov Vüqar etibarnamə lazım olduğunu bildirdi. "Şamaxinka " adlanan ərazidə yerləşən notariat kontorunda ona etibarnamə verdi. Lakin sonradan öyrəndi ki, şirkət hələ də onun adındadır. Bir müddət əvvəl Azərbaycan Beynəlxalq Bankından onun telefonuna zəng gəldi, yalnız onda ona məlum oldu ki, adına açılmış şirkət tərəfindən Türkiyə Respublikasına ödəniş edilməklə pul köçürülmüşdür, lakin həmin pulun qarşılığında ölkəyə tələb olunan müddətdə mal daxil olmamışdır. Odur ki, o, hal-hazırda çox pis durumda qalmışdır. 65600 ABŞ dolları məbləğində vəsaitinin xaricə köçürülməsindən mənim qətiyyən xəbəri yoxdur. Xaricə pul köçürülməsinə dair ərizə də onun tərəfindən nəzərdən keçirilmiş, orada onun imzası da yoxdur. Hal-hazırda X3 tapılıb barəsində qanuni tədbir görülməsi üçün polis orqanına müraciət etmiş və müvafiq köməklik göstərilməsinə ümid edir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sübutlarla təsdiq olunur ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan hüquqi şəxs 65600 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən qanunvericiliklə müəyyən edilmiş müddət keçməsinə baxmayaraq, 65600 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Bununla da Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Bundan başqa, iş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan bəlli olur ki, inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülməmişdir. Məhkəmə aparılmış araşdırma zamanı müəyyən etmişdir ki, qanunvericiliklə müəyyən edilmiş 02 il müddət Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş 65600 ABŞ dollarının 20 faizi miqdarında, yəni 13120 (on üç min yüz iyirmi) ABŞ dolları miqdarında, ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla inzibati qaydada cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2089/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2089/2022
15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver