Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-210/2024 17.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 və müqavilə üzrə vəkili 9 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1985-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu, Çolpı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə 07:45 radələrində Bakı şəhəri, Binəqədi şosesində yol polis xidməti əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin sahə inspektoru tərəfindən xx.xx.2024-cü il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs xx.xx.2024cü il tarixdə polis əməkdaşları Bakı şəhəri, Binəqədi şosesində ona məxsus avtomobili saxlamış, o, polis əməkdaşına “burax gedim, 50-60 manat pul qalır mənə” demiş, lakin polis əməkdaşları ondan 200 manat istəmişdir. Həmin vaxt əsəbiləşmiş və yük maşınının arxasında olan ot tayasını yandıracağı ilə bağlı hədə-qorxu gəlmişdir. Bu zaman polis əməkdaşları ilə arasında mübahisə yaranmışdır. Barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs müqavilə üzrə müdafiəçisi hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxs Şəxs himayəsində 3 azyaşlı uşağı olmasının nəzərə alınmasını, onun əməlində inzibati xəta tərkibi olmadığını qeyd edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşı tərtib edilən protokola uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi şosesində yol polis xidməti əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır.Bununla da, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi inzibati protokol tərtib etmişdir. Buna görə də, barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi RPİ-nin Dövlət yol polisi şöbəsinin polis baş serjantı X6 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhhəri, Binəqədi rayonu, Binəqədi şossesində sürücü Şəxs yük daşıma qaydalarını pozduğundan onun idarə etdiyi avtomobil saxlanılmışdır. Yük çəkildikdən sonra sürücüyə qayda pozuntusu etdiyi və yükün boşaldılmalı olduğu bildirilmişdir. Həmin vaxt sürücü ona və digər polis əməkdaşına pul təklif etmiş və pulun müqabilində onu buraxmasını xahiş etmişdir. Sürücünün bu təklifi ilə razılaşılmadıqda o səs-küy yaratmış və yükün arxasında olan saman tayasını yandıracağı ilə hədələyərək buraxıılmasını tələb etmişdir. Buna hədəqorxulara məhəl qoyulmadığını görüb samanı yandırmışdır. Həmin vaxt yük maşının yanında oddan təhlükəli yazılı yük daşıyan nəqliyyat vasitələri olmuş və bu hadisə nəticəsində ictimai təhlükəsizlik qaydaları kifayət qədər pozula və bədbəxt hadisə baş verə bilərdi. Məhkəmə iclasında şahid qismində dindirilən Binəqədi RPİ-nin Dövlət yol polisi şöbəsinin polis baş serjantı X10 digər şahid X6 ilə eyniməzmunlu ifadə vermişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, o cümlədən şahidlərin ifadəsi ilə ilə İXM-nin 535.1-ci maddəsinə əsasən təqsiri tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs himayəsində xx.xx.2014-cü ildə doğulmuş X7, xx.xx.2016-cı il tarixdə doğulmuş X8 və xx.xx.2019-cu ildə doğulmuş X5 vardır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşaqlarının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı onun əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətaya görə ona İXM-nin 535.1-ci maddəsinin sanksiyada nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci və 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən, saat 08:15 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-210/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-210/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver