Məhkəmə qərarları › İş №3(001)-2106/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2106/2023

12.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2106/2023 12.07.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında 18 may 2023-cü il tarixli qərara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X5 tərəfindən prokurorluğun icraatında olmuş 110C-23 nömrəli material əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında 18 may 2023-cü il tarixli qərar qəbul edilmişdir ona görə ki, “Şəxs 2013-cü ildən "xxxx" QSC-in infrastruktur departamentinin Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanası idarəsində təmir sahə ustası vəzifəsində işləməklə dəmiryoluna aid olan motorlu rels nəqliyyatının, maşın və mexanizmlərin təmiri vəzifəsi həvalə edilməsinə baxmayaraq “Çəngəlli yükləyicilərin istismarı və texniki xidmətinə dair təlimat”ın 2 bəndinin və “Sahə ustasının vəzifə təlimatın”nın 1 və 2 bəndlərinin tələblərinə riayət etməyərək həmin qaydaları pozmuş, nəticədə 15 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mehdi Hüseynzadə 12 ünvanda yerləşən "xxxx" QSC-in infrastruktur departamentinin emalatxanasında çilingər işləyən X4 avtokarı təmir etmək istəyərkən silindrin bağlandığı “Ştuçel” qırılmış, çəngəl Mehdi İsmayılovun üzərinə düşmüş və o, sol əlin İİ-İİİ-İV barmaqlarının daraq-falanqa oynağı səviyyəsində subtotal amputasiyası, sol əlin V barmağının proksimal falanqasının yerdəyişmiş sınığı, sol gicgah nahiyəsinin əzilmiş cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan az ağır zərərvurmaya aid xəsarətlər almışdır. Fakta görə cinayət işi başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmiş, Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında 18 may 2023-cü il tarixli qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə özünü təqsirlı bilməyərək izahatında göstərmişdir ki, 2013-cü ildən "xxxx" QSC-in infrastruktur departamentinin Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanası idarəsində təmir sahə ustası vəzifəsində işləyir. Vəzifəsi emalatxanaya gələn motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin birbaşa təmiri, işçilər tərəfindən belə avadanlıqların təmirinə nəzarət etmək, belə mexanizmlərim təmirini işçilərə izah etmək, onlara bu işdə köməklik göstərmək, bu sahədə əməyin təhlükəsizliyi qaydalarını onlara izah etmək və digər məsələlərdən ibarətdir. Emalatxananın rəhbəri Mehman Məmmədovdur. Emalatxananın ümumilikdə 162 nəfər işçisi vardır. Emalatxana üç sahə üzrə texnikitəchizat, təmir və istismar sahələri üzrə fəaliyyət üzrə göstərir. Texniki-təchizat sahəsi emalatxananın işlərinin görülməsində istifadə olunan mexanizmlərin yanacaqla təmin edilməsi, emalatxananın kompüter-operator işlərinin görülməsi və emalatxana rəhbərliyinin sürücüləri tərəfindən onların gediş-gəlişinin təmin edilməsi ilə məşğul olur. Təmir sahəsi ilə drezinlərin və dəmir yol kranlarının təmiri ilə məşğul olur. İstismar sahəsi yararsız vəziyyətdə olan dəmir yollarının əsasən torpaq qatının təmiri ilə məşğul olur. Təmir sahəsinin 5 sexi vardır və təmir sahəsində ondan başqa mexanik Əlifuad Həsənov, briqadir Əliağa Əsədullayev və 35 nəfər çilingər işləyir. Mehdi İsmayılov da təmir sahəsinin dizel mühərrikləri üzrə çilingər vəzifəsində işləmişdir. Mehdi İsmayılov bu vəzifədə 2018-ci ildən işləyir. İşçilər giriş, ilkin, gündəlik, növbədənkənar qaydada təlimatlandırırlar. Giriş təlimatını SƏTƏM üzrə mütəxəssis keçir. İlkin və gündəlik təlimatı isə o keçirir. Buna dair təlimat kitablarına dair işçilər imza edirlər. Növbədən kənar təlimatı da işçi 30 gündən artıq işdə olmayanda və istehsalat hadisələri olduqdan sonra yenə özü keçirir. Təkrar təlimatı isə 3 aydar bir yenidən o, keçilir və buna SƏTƏM üzrə mütəxəssis Təranə Səmədova nəzarət edir. Emalatxanada iş rejimi saat səhər saat 08-dən axşam saa 17:00-dək davam edir. 15 fevral 2023-cü il tarixdə o, birinci sexdə olarkən emalatxanada səs-küy düşmüş, hadisə yerinə, yəni 6-cı sexə gəldikdə məlum olmuşdur ki, çilingər Mehdi İsmayılovun əli avtokarın çəngəli ilə qoruyucu dəmir lövhənin arasında qalmışdır. Təcili tibbi yardıma məlumat verilmiş, vaxt itirməmək üçün Mehdi İsmayılovu özləri Dəmiryol Xəstəxanasına, oradan isə Travmatologiya İnstitutuna aparmışlar. Hadisədən sonra öyrənmişdir ki, emalatxananın çilingəri Telman Muradov ona təhkim olunmuş avtokarın yağ buraxdığını görüb avtoka baxması üçün Mehdi İsmayılova müraciət etmiş, Telman avtokarı təmir yamasına saldıqdan sonra Mehdi əlini salıb yağ buraxan hissəyə baxmaq istəyərkən avtokarın silindri bağlanan “ştuçel” qırıldığına görə avtokarın dəmir çəngəli açılaraq Mehdinin başına oradan əlinin üzərinə düşərək sol əlinə xəsarət yetirmişdir. Mehdi İsmayılovun əli avtokarın çəngəli ilə dəmir qoruyucu lövhə arasında qalmışdır. Neçə illərdir ki, rəhbərliyə müraciət etsə də, emalatxana işçiləri fərdi mühafizə vasitələri ilə təmin olunmurlar. Bu səbəbdən hadisə günü Mehdi İsmayılovun üzərində heç bir fərdi mühafizə vasitəsi olmamışdır. Mehdi İsmayılova sonuncu dəfə fərdi mühafizə vasitələri 2020-ci ilin fevral ayında verilmişdir. Mehdi İsmayılov dizel mühərrikləri üzrə çilingər olduğu üçün həmin avtokarı təmir edə bilərdi. Lakin, Mehdi bunu özbaşına etməməli idi. Belə olan halda, yəni avtokarın yağ buraxması ona məruzə olunmalı və yalnız onun göstərişindən sonra onun təyin etdiyi çilingər avtokarı təmir edə bilərdi. Lakin mövcud halda Telman və Mehdi özbaşına, onun xəbəri olmadan avtokarı təmir etməyə cəhd etmişlər. Bir daha bildirir ki, həmin avtokarda nasazlığının olması əvvəlcə ona məruzə olunmalı və yalnız bundan sonra onun bu işi həvalə etdiyi çilingər avtokarı təmir etməli idi. Mehdi İsmayılov isə ondan icazə almadan, ona bu barədə məlumat vermədən özbaşına həmin nasazlığı aradan qaldırmağa cəhd etmiş, nəticədə isə məlum hadisə baş vermişdir. Bütün işçilər kimi, Mehdi İsmayılov da əmək mühafizəsi və təhlükəsizlik texnikasına dair giriş Təlimatı ilə təlimatlandırıldığından onun özbaşına olaraq belə bir hərəkət edəcəyini heç vaxt düşünməmişdir. Çünki, Mehdi İsmayılov 2018-ci ildən həmin idarədə çilingər işləyir və hadisəyədək belə bir addım atmamışdır. Təsvir edilənləri nəzərə alıb, məhkəmədən barəsində qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə təkrarən məlumat verilmiş inzibati xəta haqqında iş üzrə icraat başlamaq haqqında qərar qəbul etmiş prokuror məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. Məhkəmə işə baxılmasının yeri və müddətinin prokurora vaxtında bildirilməsi barədə məlumat olduğunu və işə baxılmasını təxirə salmaq haqqında prokurordan vəsatət daxil olmadığını nəzərə alıb, həmin işə prokurorun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirliliyı sübuta yetirilməmişdir. Buna görə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, 110C-23 nömrəli materialda olan və məhkəmə iclasında tədqiq edilmiş: X2 izahatından görünür ki, o, təqribən 5-6 il olar ki, "xxxx" QSC-in İnfrastruktur departamentinin Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanası idarəsində çilingər vəzifəsində işləyir. Çilingər vəzifəsindən başqa ona xx.xx.2002-ci il buraxılışlı 3.5 tonluq yükqaldırıcı maşın təhkim olunmuşdur. Onun işi həmin avtokarla drezinlərin təmiri zamanı ağır yüklərin qaldırılıb-boşaldılması və daşınmasından ibarətdir. Emalatxananın rəhbəri Mehman Məmmədovdur. Emalatxananın ümumilikdə 162 nəfər işçisi vardır. Emalatxananın təyinatı dəmiryoluna aid olan motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmirindən ibarətdir. 15 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində emalatxanada olarkən avtokarla işini bitirdikdən sonra onu emalatxananın 6-cı sexindən təxminən 10-15 metr məsafədə saxlamış, çay içib qayıtdıqdan sonra avtokarın qaldırıcı çəngəlinin silindrindən yağ axdığını görmüşdür. Bu səbəbdən avtokara baxması üçün çilingər Mehdi İsmayılova müraciət etmişdir. Mehdi bu vəziyyətdə avtokara baxa bilməyəcəyini deyib avtokarı yamaya salmasını istəmiş, o da avtokarı 6 nömrəli sexdəki yamaya salmışdır. Mehdi təxminən 1 metr dərinlikdə olan yamaya düşmüş və avtokarın altına əyilib baxmaq istəyərkən çəngəli qaldırmağını istəmişdir ki, yağ gələn hissəni dəqiq görə bilsin. O, avtokarın idarəetməsi sükanından avtokarın çəngəlini təxminən 1 metr yarım hündürlüyə qaldırmış, Mehdi əlini avtokarın çəngəlinin silindrinin rezin borusuna uzatmışdır ki, yağ axan yeri dəqiqləşdirsin, bu zaman silindrin bağlandığı “Ştuçel” qırılmış və çəngəl aşağı düşən zaman həmin çəngəli saxlayan və onun altında yerləşən düz dəmir də aşağıya düşmüş və Mehdinin sol əli həmin dəmir ilə avtokarın aşağı hissəsindəki digər düz dəmir arasında qalmış və sol əlindən və başından xəsarət almışdır. Bu zaman hadisənin təsirindən halı dəyişmiş, şəkəri qalxmış və 3-4 saat özünə gələ bilməmişdir. Digər işçilər hadisə yerinə gəldikdən sonra lom vasitəsi ilə çəngəli qaldırmış və Mehdini xəstəxanaya aparmışlar. Hər gün səhər olduğu kimi həmin gün səhər sahə ustası Şəxs tərəfindən təlimatlandırılmışlar, özü çilingər olsa da və həmin avtokar ona təhkim olunsa da, Mehdi bu sahədə daha peşəkar olduğu üçün avtokarı təmir etməsini Mehdidən istəmiş, bu zaman həmin avtokarda nasazlığının olması barədə sahə ustası Şəxs məruzə etməmiş, ondan icazə almamış, özbaşına həmin nasazlığı aradan qaldırmaq istəmişlər. X1 izahatından görünür ki, o, 2018-ci ildən "xxxx" QSC-in İnfrastruktur departamentinin Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanası idarəsində çilingər vəzifəsində işləyir. İşi drezınlərin mühərriklərini təmir etməkdir. 15 fevral 2023-cu ildə təxminən saat 15:30 radələrində işdə olan zaman iş yoldaşı Telman ondan xahiş etmişdir ki, idarə etdiyi avtokarın yag buraxdığı yerinə baxsın. O, da Telmana avtokarı sexin yamasına salmağı tapşırmışdır. Yamada olan vaxt avtokarın hansı hissəsindən yağ buraxdığına baxan zaman avtokarın mühərrik hissəsinə silindr yerləşən yerə əlini salıb yağ buraxan sahəni düzəltmək istəyərkən avtokarın silindrinə bağlanan dəmir “ştuçel” qırıldığına görə avtokarın dəmir çəngəli açılaraq başına dəymiş, oradan da sol əlinin üstünə düşərək xəsarət yetirmişdir. Bundan sonra iş yoldaşı Telmana demişdir ki, təcili tibbi yardım çağırsın. Sonradan təcili tibbi yardım gec gəldiyinə görə iş yoldaşı Elmir onu şəxsi avtomaşını ilə Biləcəri qəsəbəsində yerləşən X11 Xəstəxanasına aparmışdır. Orada həkimlər ona Travmatologiya xəstəxanasına getməyi məsləhət görmüş, təcili tibbi yardım vasitəsilə Travmatologiya xəstəxanasına aparılmışdır. Həmin xəstəxanada həkimlər tərəfindən ona tibbi yardım göstərildikdən sonra ambulator müalicə uçun evə buraxılmışdır. Hər gün səhər olduğu kimi həmin gün səhər sahə ustası Şəxs tərəfindən təlimatlandırılmışdır, Telmana təhkim olunmuş avtokarda nasazlığının olması barədə sahə ustası Şəxs məruzə etməmiş, ondan icazə almamış, özbaşına həmin nasazlığı aradan qaldırmaq istəmişdir. X6 izahatında bildirmişdir ki, 2021-ci ilin aprel ayından "xxxx" QSC-ın İnfrastruktur departamentinin Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanası idarəsində SƏTƏM üzrə mütəxəssis vəzifəsində işləyir. Onun vəzifəsinə işçilərin əməyin təhlükəsizliyi qaydaları ilə təlimatlandırılmasında iştirak etmək, bu barədə mövcud kitabları tərtib etmək, fərdi mühafizə vasitələrini işçilərə paylamaq, əmrlərin tərtib olunması, məktublara cavab və digər məsələlər daxildir. Emalatxananın rəhbəri Mehman Məmmədovdur. Emalatxananın ümumilikdə 162 nəfər işçisi vardır. Emalatxananın təyinatı dəmiryoluna aid olan motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiridir. X4 emalatxananın təmir sahəsində dizel mühərriki üzrə çilingər vəzifəsində işləmişdir. Təmir sahəsinin sahə ustası Şəxs, briqadir Əliağa Əsədullayev və mexanik Əlifağa Həsənovdur. Mehdi İsmayılov bu vəzifədə 2018-ci ildən işləyir. İşçilər giriş, ilkin, gündəlik, növbədən kənar qaydada təlimatlandırırlar. Giriş təlimatını SƏTƏM üzrə mütəxəssis keçir. İlkin və gündəlik təlimatı isə sahə ustası keçir. Növbədən kənar təlimatı da işçi 30 gündən artıq işdə olmayanda və istehsalat hadisələri olduqdan sonra sahə ustası tərəfindən keçirilir. Təkrar təlimatı isə 3 aydan bir sahə ustası keçir. Emalatxanada iş rejimi saat səhər saat 08-dən axşam saat 17:00-dək davam edir. 15 fevral 2023-cü ildə işdə olarkən emalatxanada səs-küy düşdüyünü eşitmiş və hadisə yerinə getdikdə məlum olmuşdur ki, çilingər Mehdi İsmayılovun əli avtokarda qalmış və sol əli xəsarət almışdır. Təcili tibbi yardımın gec gələcəyini düşünərək Mehdini xəstəxanaya aparmışlar. Hadisədən sonra öyrənmişdir ki, emalatxananın çilingəri Telman Muradov ona təhkim olunmuş avtokarın yağ buraxdığını görüb avtokarı təmiri edilməsi üçün Mehdi İsmayılova vermiş, Telman avtokarı təmir yamasına saldıqdan sonra Mehdi əlini salıb yağ buraxan hissəni düzəltmək istəyərkən avtokarın silindrinə bağlanan “ştuçel” qırıldığına görə avtokarın dəmir çəngəli açılaraq Mehdinin başına, oradan əlinin üzərinə düşərək sol əlinə xəsarət yetirmişdir. Təlimata əsasən Mehdi avtokarı təmir edə bilərdi. Lakin, Mehdi bunu özbaşına etməməli idi. Belə olan halda məsələ sahə ustasına məruzə olunmalı və yalnız onun göstərişindən sonra onun təyin etdiyi çilingər nəzarəti altında avtokarı təmir edə bilərdi. Lakin mövcud halda Telman və Mehdi özbaşına buna qərar vermişlər. Nəticədə isə məlum hadisə baş vermişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 301 saylı rəyindən görünür ki, M.İ.İsmayılovun bədənində aşkar olunmuş xəsarətlər -sol əlin İİ-İİİ-İV barmaqlarının daraqfalanqa oynağı səviyyəsində subtotal amputasiyası, sol əlin V barmağının proksimal falanqasının yerdəyişmiş sınığı, sol gicgah nahiyəsinin əzilmiş cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X3”na müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan az ağır zərərvurmaya aiddirlər. Həmin xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, qərarda göstərilən şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtokarın dəmir qaldırıcısının onun baş və sol əlinin üzərinə düşməsi nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə texniki təhlükəsizlik ekspertizasının 05 may 2023-cü il tarixli, 10/1973 nömrəli rəyindən görünür ki, hadisə "xxxx" QSC-in infrastruktur departamentinin Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasının sahə ustası tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin digər qaydalarına riayət edilməməsi nəticəsində baş vermişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs dindirilməklə və iş materiallarında olan sənədlər tədqiq edilməklə müvafiq məhkəmə araşdırması aparılmışdır. Yuxarıda təsvir olunan izahatlardan görünür ki, araşdırma zamanı izahatı alınmış zərərçəkmiş şəxs və şahidlər hadisə ilə bağlı eyni məzmunlu izahatlar vermiş və "xxxx" QSC-in infrastruktur departamentinin Motorlu rels nəqliyyatı, maşın və mexanizmlərin təmiri yol emalatxanasında çilingər işləyən, təhlükəsizlik texnikası üzrə müvafiq təlimatlandırmalar keçirilmiş Mehdi İsmayılovun heç kimdən icazə almadan, şəxsi təhlükəsizliyinə riayət etmədən, özbaşına emalatxananın çilingəri Telman Muradova təhkim olunmuş avtokarın yağ buraxdığını görüb təmiri ilə məşğul olduğunu və bunun hadisənin baş verməsi ilə nəticələndiyini bildirmişlər. Yuxarıda təsvir olunanlardan həmçinin görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs istər məhkəməyədək araşdırma zamanı, istərsə də məhkəmə baxışı zamanı ona istinad edilən inzibati xətada özünü təqsirli bilməmiş və hadisənin baş verməsinin səbəbi kimi Mehdi İsmayılovun heç kimdən icazə almadan, şəxsi təhlükəsizliyinə riayət etmədən, özbaşına həmin idarəyə məxsus avtokarın yağ buraxdığını görüb təmiri ilə məşğul olduğunu göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. Texniki təhlükəsizlik ekspertizasının 05 may 2023-cü il tarixli, 10/1973 nömrəli rəyində hadisənin baş verməsinin səbəbi kimi emalatxananın sahə ustası tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin digər qaydalarına riayət edilməməsi göstərilsə də, məhkəmə hesab edir ki, ekspertin gəldiyi həmin nəticə əsaslı hesab edilə bilməz. Belə ki, hadisə nəticəsində xəsarət almış Mehdi İsmayılovun izahatından görünür ki, 15 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində işdə olan zaman iş yoldaşı Telman ondan xahiş etmişdir ki, avtokarın yağ buraxdığı yerə baxsın. O, da heç kimə bu barədə məlumat vermədən, özbaşına Telmana avtokarı sexin yamasına salmağı tapşırmış, yamada olan vaxt avtokarın hansı hissəsindən yağ buraxdığına baxan zaman avtokarın mühərrik hissəsinə, silindr yerləşən yerə əlini salıb yağ buraxan sahəni düzəltmək istəyərkən avtokarın silindrinə bağlanan dəmir “ştuçel” qırıldığına görə avtokarın dəmir çəngəli açılaraq başına dəymiş, oradan da sol əlinin üstünə düşərək xəsarət yetirmişdir. Hadisənin baş vermə şəraitinə uyğun olaraq və yuxarıda göstərilənləri nəzərə alaraq keçmiş SSRİ-in 29 sentyabr 1972-ci il tarixdə təsdiq edilmiş «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçulan üçün nümunəvi daxili nizam qaydaları»nın tələblərinə görə: bənd 11. «Fəhlə və qulluqçular borcludurlar: b) istehsalatda əsas qayda olan, əmək nizamintizamına riayət etməli, rəhbərliyin tapşırığını dəqiq yerinə yetirməli...»; d) müvafiq təlimat və qaydalar ilə müəyyən edilmiş əməyin mühafizəsinə və təhlükəsizlik texnikasına dair tələblərə tam riayət... etməlidir». Belə olan halda, sözügedən emalatxanada çilingər işləyən, təhlükəsizlik texnikası üzrə müvafiq təlimatlandırmalar keçirilmiş Mehdi İsmayılov, heç kimdən icazə almadan, şəxsi təhlükəsizliyinə riayət etmədən, özbaşına avtokarın yağ buraxan yerinin təmiri ilə məşğul olduğuna görə, onun tərəfindən «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsi ilə nəticələnmişdir. Həmçinin məhkəmə nəzərə alır ki, maşın və mexanizmlərin təmiri ilə məşğul olunan emalatxanada hər hansı bir avadanlıqda, o cümlədən avtokarda nasazlıqlar yaranması təbii bir haldır və bu, birmənalı olaraq həmin sahəyə nəzarət etməli olan şəxsin öz vəzifə borcunu lazımınca yerinə yetirməməsi kimi qiymətləndirilməməlidir. Hadisə nəticəsində zərərçəkmiş şəxs Mehdi İsmayılov ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə iş yerində təlimat hər səhər, o cümlədən xx.xx.2023-cü ildə, yəni hadisə günü keçirilmişdir. Başqa sözlə, Mehdi İsmayılov bilmişdir ki, avtokarda nasazlığın yarandığını gördükdə bu barədə dərhal sahə ustasına məlumat verməlidir. Ona izah olunmuşdur ki, avtokarın təmiri ilə sahə ustasının təyin etdiyi çilingər onun nəzarəti altında məşğul olmalıdır. Bunlara baxmayaraq Mehdi İsmayılov heç kimə bu barədə məlumat vermədən, özbaşına yaranmış nasazlığı özü aradan qaldırmağa cəhd etmiş və bu hərəkəti ilə «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələblərini pozmuşdur ki, bu da hadisənin baş verməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar