Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2107/2023 22.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 447.0.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 447.0.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs MMC barəsində olan xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol İXM-in tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin soyadı, adı və ata adı göstərilməmiş, onun izahatı alınmamış, hüquq və vəzifələrinin izahına dair qeyd aparılmamış, protokolun surəti təqdim edilməmişdir. Qanunverici tərəfindən isə müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmalı, hüquq və vəzifələri izah edilməli və inzibati xəta haqqında protokol hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmalıdır. İnzibati xəta haqqında protokolda isə sadəcə 3-44-1/2-1-4729/23, 3-44-1/2-1-4526/23, 3-44-1/2-1-4525/23, 3-44-1/2-1-4524/23, 3-44-1/2-1-4483/23 nömrəli məktublarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin dəvət olunduğunu, lakin iştirak etmədiyi göstərilmişdir. Halbuki qeyd edilən məktubların göndərilməsini, həmin məktubların hüquqi şəxs tərəfindən alınmasını təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Həmin məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən Şəxs ünvanına göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-44-1/2-1-3670/23 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-44-1/2-1-4058/23 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-44-1/2-1-4068/23 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-44-1/2-1-4270/23 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-44-1/2-1- 4480/23 nömrəli məktublarda “Qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcək və barənizdə inzibati xəta haqqında iş üzrə icraata başlanacaqdır” ifadəsi qeyd olunsa da məhkəmə səaliyyətli orqanın bu cür mövqeyi ilə razılaşmır. Belə ki, İXM-nin 447.0.4-cü maddəsində qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 100.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqanın cəmiyyət tərəfindən məlumatın verilməməsini məhsulların sertifikatsız satışı kimi qiymətləndirməsi yolverilməzdir. Əgər məhsulların satışı həyata keçirilmişdirsə, səlahiyyətli orqan bunu müəyyən etməli və bu barədə müvafiq akt tərtib etməli idi. Lakin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edən orqan tərəfindən heç bir araşdırma aparılmadan həmin protokolda göstərmişdir ki, “İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD **********, İD**********, İD********** nömrəli müqavilələri əsasında idxal olunmuş ərzaqlar kartof, soğan, portağal, qreyfrut məhsulları sertifikat olmadan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ünvanında xx.xx.2023-cü il tarixdə satmışdır.” Halbuki, qeyd edilən nömrələr məhsulların idxal edilməsi barədə müqavilələrin nömrələri deyildir. İD**********, İD**********, İD**********, İD**********, İD**********, İD **********, İD**********, İD********** saylı müraciətlər “İdxal olunan yeyinti məhsullarınına qida təhlükəsizliyi sertifikatının verilməsi üçün elektron ərizələr barədədir. Həmin qeyd edilən müraciətlərdə göstərilən məhsulun boşaldılacağı yer kimi göstərilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə boşaldılıb-boşaldılmaması, malların həqiqətən də qeyd edilən yerlərə boşaldıldıqdan sonra həmin yerdə satılıb-satılmaması araşdırlımadan, satış yeri müəyyən edilmədən, bunları təsdiq edən sübutlar isə əldə edilmədən ehtimallar əsasında protokol tərtib edilərək malların xx.xx.2023-cü il tarixdə satılması göstərilməklə məhkəməyə göndərilmişdir. Bu qeyd edilənlər İXM-nin 8-ci maddəsində nəzərdə tutulmuş “Təqsirsizlik prezumpsiyası prinsipi”nə də tamamilə ziddir. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yəni barəsində icraat aparılan şəxsin təqsirini sübut etmək vəzifəsi araşdırmanı aparan və protokolu tərtib edən orqanın vəzifəsidir. Təqdim edilmiş protokol və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, protokol tərtib edən orqan heç bir araşdırma aparmadan, sadəcə ehtimallara əsasən (malları satış kimi qiymətləndirməklə) qeyd edilən protokolu tərtib etmişdir. Bundan başqa MN seriyalı ******* saylı qərardadda İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edilməsi göstərilərək inzibati xəta haqqında protokolun Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınsa da, İXM-nin 18-ci maddəsinin digər tələbləri nəzərə alınmamış və həmin tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Eyni zamanda hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilibedilməməsi məsələsinin həlli zamanı hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Göründüyü kimi İXM-in 18.2-ci maddəsində hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsinin əsasları və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb olunmalarının halları göstərilmişdir. Şəxs MMC barəsində İXM-in 447.0.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda isə həmin inzibati xətanın hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün konkret olaraq hansı şəxs tərəfindən törədilməsi və bu inzibati xəta ilə hüquqi şəxsin xeyrinin və ya maraqlarının nədə ifadə olunması göstərilməmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC barəsində İXM-in 447.0.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2107/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2107/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver