Məhkəmə qərarları › İş №3(001)-211/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-211/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-211/2023 24.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X1 iştirakı ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 548.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində İXM-in 548.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-17694 saylı məktubu ilə tələb edilən sənədləri göstərilmiş müddəti ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin hüquqi ünvanında törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X2 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş protokol əsasızdır. Belə ki, xx.xx.2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmiş və bununla bağlı protokol tərtib edilmişdir. Həmin yığıncaq nəticəsində səhmdar cəmiyyətin direktoru vəzifəsinə o, təyin edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2022-ci il tarixdə səhmdarların yığıncağının protokolu və digər sənədlər elektron poçt vasitəsilə Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşı Türkan Babazadənin xidməti elektron poçt ünvanına göndərilmişdir. Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli məktubu xx.xx.2022-ci il tarixdə ASC-yə daxil olmuşdur. 2023-cü il yanvar ayında Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşının şifahi müraciətinə əsəsən xx.xx.2023-cü il tarixdə səhmdarların yığıncağının protokolu və digər sənədlər elektron poçt vasitəsilə təkrarən Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşı Türkan Babazadənin xidməti elektron poçt ünvanına göndərilmişdir. Ona görə də, qeyd olunanlara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli 22 nömrəli protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı keçirilmiş, həmin yığıncaqda ASC-nin yeni redaksiyada nizamnaməsininin xx.xx.2022-ci il tarixdən təsdiq olunması və səhmdar cəmiyyətin direktoru vəzifəsinə X1 təyin olunması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, 6-1.26-2-2022-15862 nömrəli məktubdan və qəbzin surətundən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankına səhmdar Rəfael Əkbərovun daxil olmuş müraciəti üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2022-ci il tarixdə səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağın protokolu və yığıncaqda Rəfael Əkbərovun iştirakını təsdiq edən sənədin 7 gün ərzində təqdim edilməsi xahiş edilmiş, həmin məktub ASC-yə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. xx.xx.2022-ci il tarixli 6-1.26-2-2022-17694 nömrəli məktubdan və qəbzin surətindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən İxtisaslaşdırılmış Kəndtikinti” Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2022-ci il tarixli, 6-1.26- 2-2022-15862 nömrəli sorğuya cavab verilməsi və sənədlərin 5 gün ərzində təqdim edilməsi xahiş edilmiş və həmin məktub ASC-yə xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. xx.xx.2022-ci il tarixli, 6-1.16-2-2022-18977 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə İXM-in 548.2-ci maddəsi ilə 28 dekabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilməsi barədə müvafiq qaydada məlumat göndərilmişdir. xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mərkəzi Bankın xx.xx.2022-ci il tarixli, 6- 1.26-2-2022-17694 saylı məktubu ilə tələb edilən sənədlər göstərilmiş müddəti ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti İXM-in 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktoru X2 tərəfindən məhkəməyə təqdim edilmiş elektron poçt yazışmalarından görünür ki, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşı Türkan Babazadənin xidməti elektron poçt ünvanına (mailto:turkan_babazada@cbar.azElektron ünvan ) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının protokolu və digər sənədlər göndərilmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında toplanmış sübutları hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin tələblərindən müəyyən edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə şəxs barəsində məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırki iş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqsiri müəyyən olunmur. Belə ki, iş materiallarına əlavə edilmiş elektron poçt yazışmalarından görünür ki, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının əməkdaşı Türkan Babazadənin xidməti elektron poçt ünvanına (mailto:turkan_babazada@cbar.azElektron ünvan ) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının protokolu və digər sənədlər göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 548.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 548.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar