Məhkəmə qərarları › İş №3(001)-2112/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2112/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2112/2023 07.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X12 katibliyi, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin polis sahə inspektoru, polis leytenantı Nümayəndə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X5 iştirakları ilə, X5 Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş tarixi göstərilməyən, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş tarixi göstərilməyən, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X9 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə inspektoru Nümayəndə 18 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli, inzibati xəta haqqında Protokoluna əsasən, həmçinin, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin rəisi, polis mayoru Natiq Teymurov tərəfindən 15 mart 2022-ci il tarixdə X5 vətəndaş X4 döyməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə MN-1255426 nömrəli, tarixi göstərilməyən inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin 18 oktyabr 2022-ci il tarixli, MN ******* nömrəli protokolu və Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin MN ******* nömrəli, tarixi göstərilməyən qərarı qanunsuz, əsassız və tam ədalətli olmadığından ləğv edilməlidir. Belə ki, o, hüquqmühafizə orqanının bu qərarından yalnız cari ilin aprel ayının 25-də, mobil telefonuna Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Şakir Bahadırov tərəfindən göndərilmiş "SMS" bildirişi nəticəsində xəbərdar olmuşdur. Elə ertəsi gün Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin inzibati binasında həmin sənədlərdən biri- Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin rəisi, polis mayoru Natiq Teymurov tərəfindən qəbul edilmiş MN ******* nömrəli, tarixi göstərilməyən inzibati tənbeh vermə haqqında qərarın surəti, həmçinin, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, l dərəcəli ədliyyə qulluqçusu Şakir Bahadırov tərəfindən qəbul edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərar təqdim edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə inspektoru Nümayəndə tərəfindən 18 oktyabr 2022-ci il tarixdə qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolunun surəti isə, ona həmin şöbənin inzibati binasında, rəsmi surətdə, heç bir qəbzə imza atdırmadan xx.xx.2023-cü il tarixdə verilmişdir. (Tərəfindən xx.xx.2023-cü il tarixdə ərizə verildikdən bir neçə gün sonra). Məhkəmənin nəzərinə çatdırır ki, ümumiyyətlə, xx.xx.2022-ci il tarixdə tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Belə ki, 15 mart 2022-ci il tarixdə, saat təxminən 11-12 radələrində qohumu olan daysı X6 ilə Bakı şəhəri, Binəqədi rayonu, Kirov qəsəbəsində kafedə bir yerdə oturub çay içdikdən sonra onun saçının çox olduğunu görüb bərbərə aparıb saçını düzətdirmişdir. Sonra ona birlikdə yemək yeməyi təklif etmişdir. Onlar təkrarən həmin kafeyə qayıdıb orda nahar etmişlər. Sonra o kafedən çölə çıxıb küçəni süpürməyə başlamış, o da ona “İbrahim ayıbdır, bəsdir, bu kimi hərəkətlərinə son qoy” deyə bildirmişdir. Onun bu sözləri onun xoşuna gəlməyərək valideynlərinin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Bundan sora o, onun qolundan tutub kafedən uzaqlaşdırıb taksi ilə evinə yola salmışdır. Daha sonra Bakı şəhəri Binəqədi rayon 4-cü PŞ-dən yaşadığı evə telefon zəngi olaraq Polis Şöbəsinə gəlməyi bildirilmişdir. O, Polis Şöbəsinə gedəndə orada Malik adlı polis nəfəri dayısını döyməyi barədə şikayət ərizəsinin daxil olduğunu bildirdi. O da dayısını döymədiyini, əksinə, anasının (öz bacısının) ünvanına nalayiq söyüşlər söyməsinə baxmayaraq, onun cibinə pul qoyub taksi ilə yaşadığı ünvana göndərməyini bildirdi. Həmçinin, qohumu (dayısı) X6 tərəfindən deyilənlərin tam yalan, həqiqətə uyğun olmadığını Polis Şöbəsində öz izahatında bildirmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat vermiş və MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək, barəsində başlanan inzibati xəta haqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı çıxarmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı Nümayəndə şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X9 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X9 tərəfindən İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. MN ******* nömrəli inzibati təbeh vermə haqqında qərardan görünür ki, X9 AR İXMin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş X3 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. X2 barəsində İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti profilaktiki və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Binəqədi RPİ-nin 4-cü PŞ-nə göndərilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və həmin tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmış və borclu X7 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 AR İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin inzibati tənbeh vermə haqqında qərarın hansı tarixdə qəbul edilməsini müəyyən etmək mümkün olmur. Həmçinin, sözügedən qərarın və inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxsə təqdim edilməsinə dair iş materiallarında hər hansı sübuta rast gəlinmir, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs də əksini təsdiq edəcək sübutu məhkəmə iclasında təqdim edə bilməmişdir. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; İXM-nin 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşı tərəfindən qəbul edilmiş tarixi göstərilməyən, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş tarixi göstərilməyən, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar