Məhkəmə qərarları › İş №3(001)-2115/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2115/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2115/2023 12.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X4 iclas katibliyi, X1, Qərarından şikayət verilmiş inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, X1 Bakı şəhər X12 İdarəsi (DYPİ) 08 fevral 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 08 fevral 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhər DYP YPX-nin səlahiyyətli əməkdaşı tərəfindən 27 yanvar 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək TP ******* saylı qərar qəbul edilmişdir.Qərar onunla əsaslandırılmışdır ki, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə qanunsuz olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimələnmişdir.Atatürk prospekti Bəhlulzadə küçəsinə çatmamış ünvanında ona məxsus ** TN *** saylı dövlət nömrə qeydiyyat nişanlı “Toyota Rav 4” minik avtomobili ilə öz yolunda heç bir manevr etmədən hərəkətdə olmuşdur.Lakin “Toyota Prius” markalı minik avtomobili sağ tərəfindən ötmə əməliyyatı aparıb ön hissədən keçərək qəza törətmişdir.19 may 2023-cü il tarixində İXP ******* nömrəli protokol onun telefonuna SMS vasitəsilə göndərilmiş, 22 may 2023-cü il tarixdə TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı DYP-dən götürmüşdür. Göstərilənlərə əsasən Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 08 fevral 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 08 fevral 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən inzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 protokolun dəlillərinə uyğun çıxış edərək şikayət əsasız olduğundan və bu fakt hadisə yerinin plan sxeminə əsasən təsdiq olunduğundan şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş 27 yanvar 2023-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9 27 yanvar 2023-cü il tarixdə saat 11:15-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 08 fevral 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X9 27 yanvar 2023-cü il tarixdə saat 11:15-də “Toyota Rav 4” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Atatürk prospekti Bəhlulzadə küçəsinə çatmamış ünvanında əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Toyota Rav 4” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil Atatürk prospekti Bəhlulzadə küçəsinə çatmamış ünvanda hərəkətdə olarkən “Toyota Prius” minik markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa sağ tərəfdən vurmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Qeyd edilən 08 fevral 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X9 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir.Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür.Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib.Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsinin baş verməsi və həmin hadisənin törədilməsində kimin təqsirli olması ilə bağlı bəzi qeyri-müəyyənliklər mövcuddur.Bundan başqa, inzibati orqanın nümayəndəsi məhkəməyə inzibati xəta hadisəsinin baş verdiyi yerin sxemini təqdim etsə də, hadisəni əks etdirən video və foto görüntüləri məhkəməyə təqdim etməmişdir.Həmçinin, şikayətçinin izahatı və hadisənin baş verdiyi yerin sxemi arasında kəskin ziddiyyətin olduğu müəyyən olunmuşdur.Eyni zamanda, müəyyən olunmuşdur ki, şikayətçi X7 hadisə baş verdiyi andan etiraz etməsinə baxmayaraq, mütəxəssis çağrılmamış və iş üzrə zəruri ekspertiza keçirilməmişdir.Bu da nəticədə obyektiv həqiqətin müəyyən olunmasında çətinliklər yaratmışdır.Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən noqsanları aradan qaldırmaq üçün şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 08 fevral 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X12 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş 08 fevral 2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında materiallar yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər X12 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar