Məhkəmə qərarları › İş №3(001)-2116/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2116/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2116/2024 15.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialın baxılmağa hazırlanması zamanı müəyyən etdim: İXM-nin 529.3-cü maddəsi ilə Şəxs barəsində barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olmuşdur. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında işin icraatını rədd edən hallar mövcuddur. Belə ki, İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Odur ki, İXM-nin 529.3-cü maddəsi idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara aid olduğundan inzibati tənbeh həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Qanunverici tərəfindən müəyyən edilmişdir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi nəticəsində əməldə İXM-nin 529.3-cü maddəsinin tərkib əlamətləri yaranır. Hazırki iş üzrə qeyd edilməlidir ki, Şəxs xx.xx.2023-cü il tarixli qərarla AR İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin qərar 20 günlük şikayətvermə müddətinin bitdiyi gün qanuni qüvvəyə minmişdir. Sözügedən qərardan şikayət vermə müddətinin son günü xx.xx.2023-cü il tarix olduğundan növbəti gün, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətində xx.xx.2023-cü il tarixli qərarın qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi nəticəsində xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənlərə əsasən Şəxs İXM-nin 529.3-cü maddəsi ilə inzibati tənbeh xx.xx.2023-cü il tarixdən ən geci dörd ay keçənədək, yəni xx.xx.2024-cü il tarixədək verilə bilərdi. Lakin Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib olunmuş, həmin protokol xx.xx.2024-cü il tarixdə isə məhkəməyə daxil olmuşdur. Odur ki, İXM-nin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdığından Şəxs müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən hallar mövcudluğunu yoxlayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar