Məhkəmə qərarları › İş №3(001)-2117/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2117/2021

03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2117/2021 03.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs XXX İlkin Azər oğlunun iştirakı ilə, XXX İlkin Azər oğlunun inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən tərtib edilmiş 19.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN1041499 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: XXX İlkin Azər oğlu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən tərtib edilmiş 19.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN1041499 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, 15.05.2021-ci il tarixdə “ASAN Pay” mobil tətbiqini yoxlayarkən ona həmin gün MN ******* nömrəli protokola əsasən 100 manat cərimə yazıldığını görmüşdür. Həmin protokolun ona nə zaman və hansı səbəbdən tərtib edildiyinə dair heç bir məlumatı olmamışdır. Protokol ondan xəbərsiz və məlumatı olmadan tərtib edilmişdir. Protokolun tərtib edildiyi tarixdə, yəni 19.05.2021-ci il tarixdə o, Gəncə şəhərində olmuşdur. O isə Gəncə şəhərində olarkən protokolun Bakı şəhəri Binəqədi rayonu RPİ-nin 4-cü PŞ tərəfindən xəbəri olmadan heç bir dəlilsiz sübutsuz tərtib edilməsi İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə ziddir. Məhkəmə iclasında XXX İlkin Azər oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, barəsində qəbul edilmiş qərar qanuna uyğun deyildir. Çünki barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman Bakı şəhərində olmamışdır. Lakin onun barəsində protokol tərtib edilən zaman Bakı şəhərində olmaması bir yana barəsində aparılan icraatla bağlı ona heç bir məlumat verilməmiş, xəta törətmədiyini sübuta yetirməsi üçün protokol tərtib ediləkən və ya qərar qəbul edilən zaman çağırılmamış barəsində isə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Bu səbəblə də məhkəmədən tənbeh olunamasına dair qəbul edilmiş protokol və qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 19.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Respublika paytaxtı, küçə, 19.05.2021-ci il tarixdə, səhər (saat 6-12), epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə XXX İlkin Azər oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, XXX İlkin Azər oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, XXX İlkin Azər oğlu barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən tərtib edilmiş 19.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN1041499 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən XXX İlkin Azər oğlunun qeyd olunan inzibati xətanı törətməsi şübhə yaradır. Çünki XXX İlkin Azər oğlu müraciətində və izahatında heç bir inzibati xəta törətmədiyini, barəsində icraat aparılan zaman inzibati xəta haqqında protokol tərtib edilən zaman Bakı şəhərində olmadığını, barəsində aparılan icraat barəsində məlumatının olmamasını və polis tərəfindən dəvət edilmədiyini göstərmişdir. Göründüyü kimi iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona hansı səbəbə barəsində icraat aparılması haqqında məlumat verilmədən, inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi, eləcə də müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan XXX İlkin Azər oğlu barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də XXX İlkin Azər oğlunun izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, XXX İlkin Azər oğlu barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi XXX İlkin Azər oğlunun hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, XXX İlkin Azər oğlu inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən tərtib edilmiş 19.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN1041499 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: XXX İlkin Azər oğlunun inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ tərəfindən tərtib edilmiş 19.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş MN1041499 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar