Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2127/2023 24.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X3, zərər çəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Laçın rayonu, Malxələf kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Malxələf kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası DİN-in Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-in Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin sahə rəisi, polis mayoru X6 izahat verərək bildirmişdir ki, X5 ərizə ilə Binəqədi RPİ-nin 40cı Polis bölməsinə müraciət edərək qaynatası Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində döyüldüyünü bildirmişdir. Təhqiqat zamanı araşdırma aparılmış, tərəflərdən izahat alınmış, müvafiq ekspertiza təyin edilmiş, ekspertiza nəticəsində X2 bədənində aşkar edilmiş xəsarətlərin dərəcələrini təyin etmək mümkün olmamışdır. Bununla da Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin təhqiqatçısı Murad Bəşirov tərəfindən cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. Təhqiqatçının qərarını əldə etdikdən sonra qanunvericiliyin tələblərinə uyğun tədbirlər görmüş, tərəfləri çağıraraq izahatlarını almış və Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətlərini müəyyən etdiyindən sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X5 izahatında bildirmişdir ki, Şəxs onun qaynatasıdır. 2022-ci ilin iyul ayında X7 ilə ailə həyatı qurmuşdur. Nəriman İbadov həmçinin onun xalası oğlu olmuşdur. Ailə qurduğu andan qaynatası mütəmadi olaraq onunla mübahisələr etmiş, müxtəlif vaxtlarda ona fiziki güc tətbiq etmişdir. 15 gündür ki, bir qız övladı dünyaya gəlmişdir. Hadisə ilə bağlı olaraq isə onu bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində yaşadıqları evdə olan zaman qaynatası heç bir səbəb olmadan onun və valideynlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O isə təhqirlərə etirazını bildirdiyində stolun üstündəki külqabını qaynatası onun üzərinə atmış, o refleks olaraq əli ilə üzünü tutmuş bu zaman kül qabı qoluna dəymişdir. Ardınca qaynatası saçından dartaraq baş nahiyəsinə yumruq zərbələri endirmiş və o huşunu itirmişdir.Ayıldığında nənəsigildə olduğunu görmüşdür. xx.xx.2023-cü il tarixdə isə Binəqədi RPİ-nin 6-cı PB-na ərizə ilə müraciət etmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq barışmaq niyyətinin olmadığını bildirmişdir. Hadisədən dərhal sonra arada olan qohumluq münasibətlərinin daha da korlanmaması üçün polisə müraciət etməmişdir. Həmçinin də nənəsigildə olduğundan atasının hadisədən xəbəri olmamış, yalnız atası xəbər tutduqdan sonra atasının təkidi ilə polisə müraciət etmişdir. Həyat yoldaşı tərəfindən nənəsigilə atasının hadisədən xəbərdar olmaması üçün aparıldığını güman etdiyini bildirmişdir. Təhqiqat zamanı qaynatasının ona külqabı atmasını bildirməməsinin səbəbini isə ilk başlarda hadisənin şokunda olduğundan unutması ilə əlaqələndirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, zərər çəkmiş şəxs X4 heç vaxt döyməmişdir. Zərər çəkmiş şəxsin dedikləri tamamilə yalandır. X4 heç kim döyməmiş və heç vaxt da huşunu itirməmişdir. Özü evdən əşyalarını yığaraq getmişdir. Onların evinə gəlin gəldiyi gündən X2 valideynləri baş tutmuş evliliyə müxtəlif cür müdaxilələr etməyə çalışmışlar, toy gününün sabahı belə qızlarına qayıtmaq istədiyi halda gəlib aparacaqlarını bildirmişdirlər. Qudalarının bu cür davranışın səbəblərini bilmədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8”-nin xx.xx.2023-cü il tarixli, 409 saylı rəyindən görünür ki, X2 bədən səthində - sol dirsək oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən müayinədən 2-3 həftə əvvəl meydana gəlmişdir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcə təyin oluna bilməmişdir. Bundan başqa rəydən o da görünür ki, həmin xəsarət xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsinin (barmaqlarının dırnağı və s.) təsirindən və eləcə də həmin nahiyənin bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilərdi. Rəydə həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsinin az inandırıcı olması da qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, X2 ərizəsi ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8”-nin xx.xx.2023-cü il tarixli, 409 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə Şəxs zərər çəkmiş şəxsin yalan izahat verməsi və tərəfindən X2 döyülməməsi ilə bağlı izahatını özünümüdafiə xarakterli hesab edir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, zərər çəkmiş şəxsin yalan yerə qaynatası tərəfindən döyülməsi ilə bağlı polisə müraciət etməsi inandırıcı görünmür. Ekspert rəyinin X2 izahatında göstərdikləri ilə uzlaşması X2 dediklərinin həqiqətə uyğun olmasına dəlalət edir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X8”-nin xx.xx.2023-cü il tarixli, 409 saylı rəyinə əsasən belə nəticəyə gəlir ki, X1 dirsək oynağı nahiyəsinin sıyrığı qaynatası Şəxs tərəfindən törədilmişdir. Lakin Şəxs X2 başına yumruq zərbələri endirməsi ekspertiza zamanı müəyyən edilmədiyindən məhkəmə X2 şikayətinin həmin hissədə əsassız olması qənaətinə gəlir. Göstərilənlərə əsasən məhkəmə ekspertiza zamanı X2 yalnız sol dirsək oynağı nahiyəsində xəsarətin olmasını nəzərə alaraq Şəxs inzibati cərimə edilməsini məqsədəuyğun hesab edir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İnzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsi ilə təqsirli bilinərək, 300 (üç yüz) manat inzibati cərimə edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2127/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2127/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver