Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2134/2021 04.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci PB tərəfindən qəbul edilmiş 21.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan qanuni nümayəndəsi X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, 18.10.2003-cü il təvəllüdlü övladı X4 barəsində MN ******* nömrəli inzibati xəta haqqında protokola dair qəbul edilmiş 21.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi tərəfindən 21.11.2020-ci il tarixdə yetkinlik yaşına çatmayan (18.10.2003-cü il təvəllüdlü) övladı X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokola dair qəbul edilmiş qərarı qeydiyyatda olaraq faktiki yaşadıqları ünvan 1 ünvanına rəsmi göndərmələri barədə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsindən xahiş edilmiş, lakin müraciətləri cavablandırılmamışdır. Bundan sonra 20.04.2021-ci il tarixdə tərəfindən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət edilərək ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün təcili tədbir görülməsini və nəticəsi barədə onlara məlumat verilməsini xahiş etmiş, lakin bu müraciəti də cavablandırılmamışdır. Bütün bunlardan sonra yuxarıda qeyd edilən qeydiyyatda olmaqla yaşadığı ünvana Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin 05.05.2021ci il tarixli məktubu ilə göndərilmiş sözügedən protokola dair qəbul edilmiş 21.11,2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın (elektron formada) surətini 25.05.2021-ci il tarixdə almışlar. O, X2 valideyni qismində qanuni nümayəndəsidir. Yetkinlik yaşına çatmayan övladı X5 barəsində qanunsuz inzibati xəta haqqında icraat aparılmışdır. Çünki inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardan yuxarı səlahiyyətli orqana etdiyi müraciət, yalnız həmin qərarın surətinin ona göndərilməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci PB tərəfindən qəbul edilmiş 21.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Çünki oğlu X2 on səkkiz yaşı hələ tamam olmamış barəsində inzibati qaydada icraat aparılmış və bu zaman onun qanuni nümayəndəsi dəvət edilməmiş sonuncu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu da sözügedən qərarın qanunsuz olduğunu göstərir. Bu səbəblə də məhkəmədən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci PB tərəfindən qəbul edilmiş 21.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 21.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 21.11.2020-ci il tarixdə saat 15 radələrində Binəqədi rayonu, S.vurğun küçəsi 116-da tibbi maskadan istifadə etməyərək karantin qaydalarını riayət etməmiş və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 21.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X5 18.10.2003-cü il tarixdə doğulmuşdur. AZ-İ 404093 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3, 18.10.2003-cü il təvəllüdlü X2 atasıdır. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci PB tərəfindən qəbul edilmiş 21.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən aparılan inzibati xəta haqqında iş üzrə X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman sonuncunun yetkinlik yaşına çatmayan şəxs olması, buna nəzərən də onun psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmadan inzibati məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin müzakirəsi məqsədi ilə müvafiq komissiyanın rəyinin alınması, eləcə də qanunvericiliklə müəyyən edilmiş digər təsir tədbirlərinin tətbiqi nəzərə alınmadan və əsaslandırılmadan yetkinlik yaşına çatmayan şəxs tənbeh olunmuşdur. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsinə əsasən inzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər. Göründüyü kimi, qanunverici tərəfindən inzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər üçün yalnız Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh növlərinin tətbiqini deyil, həm də onların müvafiq komissiya tərəfindən inzibati məsuliyyətdən azad edilməsini, eləcə də digər təsir tədbirlərinin tətbiqi müəyyən edilmişdir. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci PB tərəfindən inzibati xəta haqqında iş üzrə obyektiv araşdırma aparılmayaraq inzibati tənbeh tətbiq edilmiş yetkinlik yaşına çatmayan X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Çünki səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında icraat aparılan zaman X2 qanuni nümayəndəsi dəvət edilmədən və qanuni nümayəndənin iştirakı təmin edilmədən, yetkinlik yaşına çatmayan şəxs X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 63.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxs barəsində bu Məcəllədə nəzərdə tutulmuş hüquqlara malikdir və vəzifələri daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Qeyd olunan qanunvericiliyin tələblərindən göründüyü kimi, on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsi təmsil etdiyi şəxslə eyni vəzifə və hüquqlara malikdir. Bu isə inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman səlahiyyətli orqan tərəfindən qanuni nümayəndənin dəvət edilməməsi həm də sonuncunun hüquq və azadlıqlarının pozulmasına dəlalət edir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci PB tərəfindən qəbul edilmiş 21.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 inzibati tənbeh olunmasına dair Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci PB tərəfindən qəbul edilmiş 21.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci PB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2134/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2134/2021
04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver