Məhkəmə qərarları › İş №3(001)-2134/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2134/2023

09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2134/2023 09.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli və MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarlardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli və MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarlardan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətçi şikayəti onunla əsaslandırdı ki, Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən 120 manat, Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən 200 manat inzibati cərimə olunmuşdur. Qərarlar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qərarlardan xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur. Məlumat üçün bildirmişdir ki, yaşadığı bina 1970-ci ilin binasıdır. Fizuli adlı şəxs sakinlərə blokun girəcəyinə domofon quraşdırmağı təklif etmiş, bəziləri razılaşmış, bəziləri isə razılaşmamışlar. Bununçün 65 manat tələb olunduğundan və onun maddi imkanı olmadığından razılaşmamışdır. Buna baxmayaraq domofon quraşdırılmış və o, evinə daxil ola bilməmişdir. Buna görə də domofonun sökdürülməsini xahiş etmiş, polis əməkdaşlarını saatlarla gözləmiş, lakin ona bildirilmişdir ki, bu məsələni sakinlərlə həll etsin. Bu səbəbədən domofonun naqilini və maqnitini çıxarmışdır. Müxtəlif yerlərə şikayət etmiş, lakin heç bir nəticə əldə etməmişdir. Domofonun naqilini və maqnitini çıxarmaqda məqsədi özgə əmlakına ziyan vurmaq deyil, öz mülkiyyətində olan evə giriş-çıxışını təmin etmək olub. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib 120 manat cərimə edilmişdir. DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X5 Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə edilmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, İXM-nin 232-1-ci maddəsi üzrə qərar qəbul etmək səlahiyyəti yalnız həmin Məcəllənin 43-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin aidiyyətinə daxildir. Həmin maddənin dispozisiyasına görə özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta hesab edilir. Məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokol və qərarda yaşayış binasının giriş qapısının damafonunun X5 tərəfindən sındırılması qeyd edilmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Məhkəmə hesab edir ki, protokol və qərarda özgə əmlakına zərər vurulması halının mövcud olduğu qeyd edilsə də hazırki işdən görünür ki, X5 tərəfindən ümumi birgə mülkiyyətdə olan yaşayış binasının qapısına zərər vurulmuşdur ki, bu da onun mülki məsuliyyətini yaratmaqla inzibati qaydada məsuliyyətini istisna edir. Odur ki, X3 əməlində inzibati xəta tərkibi olmadığından şikayəti təmin edilməli və inzibati tənbeh tətbiq edilməsinə dair MN ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı qərar ləğv edilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-1343-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli və MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarları ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar