Məhkəmə qərarları › İş №3(001)-2139/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2139/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2139/2021 01.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.2.2-ci maddələri tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.2.2-ci maddələri tərtib edilmiş 19.05.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 19.05.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, iş materialları təhlil edilərkən müəyyən olunmuşdur ki, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən tərtib edilmiş 19.05.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs törətməsi ehtimal edilən inzibati xətanın mahiyyəti düzgün göstərilməmişdir. Çünki səlahiyyətli orqan tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2 və 333.1-ci maddələrinin dispozisiyası qeyd edilmişdir. Qanunvericiliyin tələblərinə görə inzibati xətanın mahiyyəti dəqiq göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. Çünki şəxsin məsuliyyətə cəlb edilə bilməsi məsələsi yuxarıda göstərilən amilin dəqiq şəkildə iş materiallarında öz əksini tapmasından asılıdır. Eyni zamanda qeyd edilməlidir ki, Şəxs idarə etdiyi avtomobil Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinin YPX inspektoru tərəfindən saxlanılan zaman onun sərxoşluq vəziyyətini müəyyən etmək məqsədi ilə polis əməkdaşı tərəfindən xüsusi texniki vasitədən istifadə olunsa da, YPX inspektoru tərəfindən sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən həmin xüsusi texniki vasitənin göstəricisi, tipi, markası, modeli və s. göstərilməli olduğu halda bu barədə inzibati xəta haqqında protokolda heç bir qeyd aparılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda göstərilməli hallara inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar da aid edilmişdir. Bundan başqa, qanunvericiliyin tələblərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin nə iş materiallarında, nə də inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati xəta haqqında protokolun surətinin təqdim edilməsinə dair heç bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Bununla yanaşı, Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hal müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, həmin protokolun tərtibi zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini pozaraq onun əməlində həmin Məcəllənin 342.2.2-ci maddəsinin tərkibi olması müəyyən edildiyindən şəxs barəsində hər iki maddə ilə bir protokol tərtib edilərək onun əməlinə qiymət verilməsi üçün məhkəməyə göndərilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi həmin Məcəllənin 43.1-ci maddəsinin tətbiq dairəsinə düşmür. Yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq rayon (şəhər) məhkəmələrinə aid deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.2.2-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.2.2-ci maddələri ilə tərtib edilmiş 19.05.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1 və 342.2.2-ci maddələri ilə tərtib edilmiş 19.05.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Baş Polis İdarəsi X1 İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar