Məhkəmə qərarları › İş №3(001)-2145/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2145/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2145/2023 02.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, X1 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Şamaxı rayonu, Şıxzərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 31A, mənzil 17-də qeydiyyatda olmaqla yaşayan, 38D7PZE FİN-ə malik olan, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. X2 həmin qərarın ləğv edilməsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayətlə müraciət etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN BDYP idarəsinin verdiyi BA 185597 nömrəli, xx.xx.2022-ci il tarixli texniki pasporta əsasən, **- CS-*** dövlət qeydiyyat nişanlı olan “KAMAZ 5511 YÜK” markalı nəqliyyat vasitəsi ona məxsusdur. Baş vermiş inzibati xəta pozuntusu Bakı şəhəri, Binəqədi rayonu, Mədən 3-də, 25-ci km-də xx.xx.2023-cü il tarixdə İXP ******* saylı protokol ilə qeydiyyata alınmışdır. Tərtib edilmiş qərar üzrə onun adına qeyd olunan 60 AZN cərimə hesablanmışdır. İnzibati xəta haqqında qərarın surətini xx.xx.2023-cü il tarixdə rəsmi olaraq almışdır və müddətin axımı da həmin tarixdən hesablanmalıdır. xx.xx.2023-cü il tarixində Binəqədi rayonu, Mədən 3 ərazisində tağım YPX inspektoru, polis baş serjantı X7 tərəfindən qanunsuz cərimələnmişdir. Video kamera müşahidələrindən onun qaydaları pozmadığı aydın görünsə də, polis əməkdaşı qərəzli şəkildə ona cərimə yazmışdır. İXP ******* nömrəli bu protokol ona qarşı qərəzli və qanunsuz yazılmışdır. O, yük maşını ilə müəyyən işlərin icrasını həyata keçirərək dövlətin qoyduğu qanun və qaydalara əməl etsə də, müxtəlif vaxtlarda polis baş leytanantı İmanov Elnurun süründürməçilik hərəkətlərinin qurbanı olmuşdur. Həmin polis əməkdaşları onu tanıyırlar və müxtəlif vaxtlarda bu və ya digər formada ona lüzumsuz böyük məbləğdə cərimələr yazaraq mütəmadi yük daşıdığına görə əlavə aylıq rüşvət tələb edirlər. Müxtəlif vaxtlarda yük maşını saxlanılmış, ondan əlavə və qanunsuz formada məcburi formada pul aldıqdan sonra cərimə meydançasından maşını çıxarılıb. Yuxarıda qeyd edilən qanun pozuntularından və özbaşınalıqdan irəli gələrək öz konstitusion hüquqlarının təmin edilməsi və bərpası, eləcə də, ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İnzibati xəta haqqındakı protokolda göstərilmişdir ki, İXM-in 327.2-ci maddəsinin tələblərinə riayət etməmişdir Halbuki, video müşahidə ilə aydın şəkildə görmək olar ki, həmin vaxt heç bir qayda pozuntusu törədilməmiş və bu cərimə ona qərəzli şəkildə yazılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin nümayəndəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada dəfələrlə məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmanın təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında şikayətçi X4 ərizəsində qeyd etdiyi xüsusatları təkrarlayaraq əlavə olaraq qeyd etmişdir ki, qeyd edilmiş cərimələr İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən silinməlidir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar və həmin qərar üzrə yazılmış 60 manat cərimənin cərimənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfi dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 şikayəti təmin olunmalıdır. Belə ki, xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə “Kamaz 5511” yük markalı, ** CS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokoldan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X4 barəsində Polis İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinin tələbləri pozularaq işə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımi qaydada məlumat verilmədən qəbul edilmiş və nəticədə, sonuncu inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək kimi hüquqlarından məhrum edilmişdir. Digər tərəfdən, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və ya izahat verməkdən imtina etmişsə bu barədə, həmçinin şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməsi barədə protokolda müvafiq qeydiyyat aparılmamışdır. Bundan əlavə inzibati xəta haqqında protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış və ya şəxs protokolu imzalamaqdan imtina etmişdirsə bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Yuxarıda göstərilən səbəblərdən də, protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə görə inzibati xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, İXP ******* tarixli inzibati xəta haqqında protokoldan görünür ki, protokolu tərtib etmiş şəxs tərəfindən qanunun bu tələbi pozulmuş, inzibati xətanın mahiyyəti “327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir” kimi ifadə edilməklə konkretləşdirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 100.1-ci maddəsində inzibati xəta haqqında protokolda mütləq qaydada əks olunmalı hallar sadalanmışdır. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən yuxarıda qeyd edilən prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə göndərilsin. Qərardan 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar