Məhkəmə qərarları › İş №3(001)-2147/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2147/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2147/2020 18.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayətçi «X11.» Şirkətinin Azərbaycandakı nümayəndəliyinin baş meneceri X4 nümayəndəsi və vəkili X5, Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X6 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı 461975 nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarından X12 tərəfindən verilmiş şikayətə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. A.E.Kərimov həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə müraciət edərək şikayət etmək müddətinin ötürülməsini üzürlü hesab edərək müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X12 şikayət ərizəsində göstərmişdir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh tətbiq vermə haqqında MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli İnzibati xəta haqqında protokol əsasında qəbul etdiyi MN ******* nömrəli xx xxxx 2020-ci il tarixli qərarda qeyd olunmuşdur ki, guya mən X11. şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin baş meneceri kimi həmin nümayəndəliyin işçisi X3 əmək haqqı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq ödəmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunan qərar ilə razı deyil, qanunsuz və əsassız hesab edir. Qərardan bəlli deyil ki, o, E.T.Məmmədovun hansı dövr üçün, hansı məbləğdə əmək haqqısını düzgün hesablamamışdır. Protokol mücərrəddir. Qərar inzibati xətanın xarakteri və miqdarı, onun təqsirini müəyyən edən sübutlar, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait əks olunmamışdır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş qərarda inzibati xətanın tərkibi və hadisəsinin mahiyyəti təsvir olunmamışdır. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi məni 1400 manat məbləğində cərimə etmişdir. Həmin cərimənin məbləği yuxarıda qeyd edilən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan cərimənin yuxarı həddindən cəmi 100 manat azdır. Bu o deməkdir ki, inzibati orqan onun guya yol verdiyi inzibati xətanı yüksək cəriməyə layiq bilmişdir. Lakin, inzibati orqan bu qənaətini heç cür əsaslandırmamışdır, onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları şərh etməmişdir. Beləliklə, xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli qərar qanunvericiliyin tələblərinə zidd qaydada tərtib olunmuşdur. Hazırki işdə inzibati orqan İnzibati Xətalar Məcəlləsinin 135.1.1, 135.1.2, 135.1.3, 13.5.1.4, 135.1.6-cı maddələrində nəzərdə tutulan pozuntulara yol vermişdir. İşin mühüm halları araşdırılmamışdır, ondan izahat alınmamışdır, səlahiyyətli orqanın gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir, işin faktiki halları qərarda ümumiyyətlə qeyd olunmamışdır, protokolda və qərarda heç bir sübuta istinad edilməmişdir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli xx xxxx 2020-ci il tarixli qərarı xx xxxx 2020-ci il tarixdə “X11.” şirkətinin Azərbaycan Respublikasının nümayəndəliyinin ünvanına göndərilmişdir və xx xxxx 2020-ci il tarixdə həmin qərar ona çatmışdır. Bununla da inzibati hüquq norması pozulmuş və qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə şikayət verilməsi mümkün olmamışdır. “X11.” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 10 ünvanında yerləşdiyindən inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə ərizə ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət olunmuşdur. Səbail rayon Məhkəməsinin hakimi Ülviyyə Şükürova 3(009)-1234/2020 saylı iş üzrə xx.xx.2020- ci il tarixli qərardad qəbul etmişdir. Qərardadda qeyd etmişdir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qanunvericilik inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın ( vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayətin şikayəti verən şəxsin yaşayış yeri üzrə rayon məhkəməsində baxılmasını müəyyənləşdirir. Şikayətçi X4 yaşayış ünvanı ünvan 2 mənzil 8-dir. Belə olan halda, yəni şikayətçinin yaşayış yeri Səbail rayonunun inzibati ərazisində yerləşmədiyindən hazırki şikayətə Səbail rayon Məhkəməsində baxılmalı deyil və verilmiş şikayət geri qaytarılmalıdır.” Səbail rayon Məhkəməsinin 3(009)-1234/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərardadı xx xxxx 2020-ci il tarixdə ona göndərilmişdir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən inzibati tənbeh tətbiq vermə haqqında qəbul edilmiş MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi «X11.» Şirkətinin Azərbaycandakı nümayəndəliyinin baş meneceri X4 nümayəndəsi və vəkili X14 şikayətin məzmununa uyğun izahat verib və zəruri sənədləri məhkəməyə təqdim edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X15 şikayətin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayət təmin edilərək Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarı ləğv edilməlidir. İş materiallarında olan MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X3 işə götürən tərəfindən əmək haqqı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq ödənilməmişdir. Nəticədə X12 tərəfindən Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1234/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, X4 Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışdan məlum olur ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinin qanuni təmsilçisi X7r. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışdan məlum olur ki, “X11.” Şirkətinin qanuni təmsilçisi X7r. İş materiallarına əlavə edilmiş SO-16 nömrəli xx.xx.2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkəti ilə X10 arasında Mexanika üzrə texnik 2 vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında xx xxxx 2020-ci il tarixli sazişdən məlum olur ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Şirkətində Mexanika üzrə texnik 3 vəzifəsini tutan X10 ilə xx.xx.2020-ci il tarixdən tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN №0461975 saylı xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, «X11.» Şirkətinin qanuni təmsilçisi X12 işə götürən tərəf kimi əmək haqqının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq ödənilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1400 manat miqdarında inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, şikayətə baxılarkən müəyyən edilmişdir ki, X12 tərəfindən Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı öz təsdiqini tapmamışdır və tərtib edilmiş protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrinin tələblərinin pozulması ilə qəbul olunmuşdur. İnzibati qərardan şikayətə baxarkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərarda işçi X2 iş yeri düzgün qeyd olunmamışdır. Belə ki, qərarda E.Məmmədovun işlədiyi şirkət “X11.” Şirkəti kimi qeyd olunmuşdur, halbu ki, iş materiallarında gürünür ki, o, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətində Mexanika üzrə texnik 3 vəzifəsində işləyib. Bundan başqa Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 18.5-18.7-ci maddələrinə əsaən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Səlahiyyətli orqanlar bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxmaq üçün məhkəməyə göndərir. Lakin məhkəmə baxışı vaxtı müəyyən edilmişdir ki, DƏMX-nin Bakı şəhər İdarəsi «X11.» Şirkəti barəsində protokol tərtib edərək qərar qəbul edilməsindən ötrü işi məhkəməyə göndərməli olduğu halda heç bir əsas olmadan “X11.” Şirkətinin qanuni təmsilçisi X12 barəsində qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat işə baxılarkən müəyyən edilmiş hallar göstərilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəllləsinin 115.5-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, yuxarıda qeyd olunmuş əsaslarla şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilsin. X12 barəsində Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar