Məhkəmə qərarları › İş №3(001)-2149/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2149/2022

14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2149/2022 14.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Muradova Nigar Yunis qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs oğlu barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X3 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3696/2019 nömrəli icra sənədində xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, cavabdeh Şəxs hər ay 160 (bir yüz altmış) manat aliment sabit pul məbləğində tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi göstərilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və tərəfindən xx.xx.2019-cu il tarixdə icraata qəbul edilmişdir. Bundan sonra borclu ilə əlaqə saxlanılmış və icra sənədi üzrə aliment borcunu ödəməsi tələb edilmişdir. Şəxs tələbkar Zərərçəkmiş şəxs artıq 5 aydır ki, aliment borcunu ödəmir. Şəxs icra sənədi üzrə hazırda 800 manat aliment borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Çünki onun səhhəti ilə bağlı problemləri var, bu ilin may ayında sol bud-çanaq əməliyyatının enprotezləşdirilməsi əməliyyatını keçirmişdir.Hazırda isə ev şəraitində müalicəsi davam edir. Sağlamlığı tam bərpa olunması üçün əlavə olaraq 6-9 ay vaxt tələb edilir. Səhhətində problemlər yaranana qədər "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləmişdir. Orada işlədiyi bütün müddət ərzində onun əmək haqqından tutulmalar aparılmışdır və alimentin ödənilməsində heç bir gecikməyə yol verməmişdir.Sonradan səhhəti ilə bağlı problemlər yarandığı üçün öz ərizəsi əsasında işdən çıxmış və müalicələrə başlamışdır.Elə həmin vaxtdan da alimentin ödənilməsində gecilmələrə yol vermişdir. Hazırda anasının təqaüdə ilə dolanır. Əlavə olaraq ona verilən suallara cavab olaraq bildirmişdir ki, icra sənədini icra etməkdən boyun qaçırmır və icra məmurunun həmin məsələ ilə bağlı qanuni tələblərini yerinə yetirmək üçün əlindən gələni edir, hazırda tələbkara olan borcundan 100 manat ödəniş edə bilər. Ödənilməmiş aliment borcunu isə işə düzələn kimi ödəyəcəkdir. Qeyd olunanların nəzərə alınaraq, barəsində olan inzibati xəta haqqında işin işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 çıxış edərək Şəxs hazırki vaxta qədər icra sənədini qərəzli olaraq yerinə yetirməkdən imtina etmədiyini, hər ay mütəmadi olaraq vaxtlı-vaxtında ödəniş etdiyini, son zamanlar səhhətində yaranmış vəziyyətlə bağlı olaraq aliment ödənişlərini ödəyə bilmədiyinin nəzərə alınmasını və onun barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3696/2019 nömrəli icra sənədi üzrə yaranmış aliment borcu artıq 5 aydır ki, ona ödənilməmişdir. Hazırda borclu Şəxs 800 manat aliment borcu yaranmışdır. Şəxs həmin aliment borcunu ona tam şəkildə ödəmək fikri yoxdur. Əlavə olaraq ona verilən suallara cavab olaraq borclunun ödəmək istədiyi 100 manat ödənişi qəbul etməyəcəyini, aliment ödənişi üzrə borc məbləğinin tam şəkildə ödənilməsini tələb etdiyini bildirmiş, ödənilməyəcəyi təqdirdə isə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 3696/2019 nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, cavabdeh Şəxs hər ay 160 (bir yüz altmış) manat aliment sabit pul məbləğində tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərar alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. Binəqədi Rayon İcra şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs borclu Şəxs tərəfindən ona aliment ödənişinin 5 ay ödənilmədiyi bildirmiş və borclu barəsində məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3696/2019 nömrəli icra sənədi üzrə yaranmış aliment borcu ödənilməyərək icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2022-ci il tarixli, 1869/22 nömrəli “X9” tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə “X9” klinikasında “Sol bud-çanaq oynağının endoprotezləşdirilməsi” əməliyyatı icra olunmuşdur. “TƏBİB” X10 Elmi-tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəxs sol bud-çanaq oynağının endoprotezləşdirmə əməliyyatından sonra “Osteofitlər, yerişin pozulması” diaqnozu verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, 2(001)-3696/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 4480.00 (aylıq 160 manat, 28 ay) tutularaq rekvizitlərə uyğun ödəniş icra edilmişdir. Borclu Şəxs xx.xx.2022-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 93164/2019-14-9 saylı icra işinə əlavə edilmiş sorğulardan görünür ki, Şəxs adına daşınar, danşınmaz əmlak və əmək müqaviləsi qeydə alınmamışdır. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında vurğulanır: «Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər.» Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Aparılmış araşdırma zamanı Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3696/2019 nömrəli icra vərəqəsi üzrə yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmədə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3696/2019 nömrəli icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icra məmuru tərəfindən Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icra edilməsi barədə bildiriş göndərilmişdir. Qeyd edilən icra sənədi üzrə borclu Şəxs işlədiyi müddət ərzində əmək haqqından ümumilikdə 4.480 (dörd min dörd yüz səksən) manat (aylıq 160 manat olmaqla 28 ay müddətinə) tutularaq zərərçəkmişin xeyrinə ödəniş edilmişdir. 11 mart 2022-ci il tarixdə öz ərizəsi ilə işdən azad edildiyi üçün əmək haqqından tutulmalar həyata keçirilməmişdir. Eyni zamanda məhkəmə iclasında Şəxs məhkəməyə xəstəliyi və əməliyyat olunması ilə bağlı arayış təqdim edərək, icra sənədi üzrə müəyyən edilmiş alimenti müntəzəm olaraq hər ay ödədiyini, sonradan səhhəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar işləyə bilmədiyi üçün aliment məbləğini ödəyə bilmədiyini, hazırda yaranmış aliment borcundan 100 manat ödəniş etmək iqtidarında olmasını, alimenti ödəməkdən qərəzli şəkildə yayınmadığı, sağlamlığı bərpa olunan kimi həm aliment borcunu, həmçinin aylıq aliment məbləğini vaxtlı-vaxtında ödəyəcəyinə dair izahat vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs icra sənədi üzrə borcunu ödəməkdən yayınmayaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3696/2019 nömrəli icra sənədi üzrə aliment borcunu 2022-ci ilin mart ayına qədər ödəmişdir, sonradan əməliyyat edilməsi və bu səbəbdən işləyə bilməməsi səbəbindən aliment borcunu ödəyə bilməmişdir. Eyni zamanda məhkəmə iclasında yaranmış aliment borcundan 100 manat ödəməyə hazır olduğunu bildirmişdir. Göstərilənlərə əsasən,Şəxs əməli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar