Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2153/2023 09.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X5, Şəxs nümayəndəsi X3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 447.0.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs barəsində İXM-in 447.0.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən, Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən “Bravo” mağazasında xx.xx.2023-cü il tarixdə “X14” adlı 30m-lik streçin qiymət kağızında 1,69 manat göstərilməsinə baxmayaraq, kassada 2,99 manata hesablanaraq satılması faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X8 bildirmişdir ki, 15 may 2023-cü il tarixdə X9 nazirliyin çağrı mərkəzinə müraciət edərək xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Bravo” adlı marketdən “X14” adlı mal aldığını, malın piştaxtadakı qiymətinin 1,69 manat olmasına baxmayaraq, kassada həmin mal üçün ondan 2,99 manat tələb edildiyini bildirmişdir. Aparılmış araşdırma zamanı Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən “Bravo” adlı marketdə həmin faktın doğruluğu öz təsdiqini tapmışdır. Bundan sonra, Şəxs barəsində İXM-in 447.0.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X7 etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, cəmiyyət barəsində İXM-in 447.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, iş materiallarına bir neçə fotoşəkil əlavə edilsə də, həmin fotoşəkillər mötəbər sübut qismində qiymətləndirilə bilməz. X2 təqdim etdiyi fotoşəkillərdən məlum olur ki, kassa qəbzi 07 may 2023-cü il tarixinə aid olsa da, vitrində olan qiymət kağızı 16 aprel 2023-cü il tarixinə aiddir. Həmçinin Şirkətin elektron sistemindən Məhsulun normal qiymətinin 2.99 manat olduğu və müəyyən tarixlərdə endirim tətbiq olunduğu üçün aşağı qiymətə satıldığı aydın olur. Son endirim tarixləri 13 aprel 2023-cü ildən 26 aprel 2023-cü il tarixinədək davam etmişdir. Yəni, vətəndaş alışveriş edərkən Məhsulun satış qiyməti 2.99 manat olduğu üçün kassada da onun kaıt hesabından həmin qiymət çıxılmışdır. Vitrində göstərilmiş endirim dövrünə aid qiymət kağızının hansı səbəbdən orada olması isə məlum deyildir və qeyd edilən dövlət orqanı tərəfindən də bu məsələ araşdırılmamışdır. Belə ki, digər səbəblərlə bərabər o da danılmaz faktdır ki, hər hansı şəxs rahatlıqla vitrində göstərilən endirimli qiymət kağızını götürə və endirim müddəti bitdikdə isə onu yeni qiymət kağızı ilə dəyişib süni qiymət fərqi yarada bilər. Haqlı olduğu halda vətəndaş marketdə məsul şəxslərə yaxınlaşa və qiymət fərqinin nə səbəbdən yarandığını və həmin fərqin ona ödənilməsini tələb edə bilərdi. Lakin vətəndaş buna dair heç bir ağlabatan hərəkət etməmiş, əksinə qərəzli olaraq, vitrində göstərilən qiymətlərin şəklini çəkmiş və aidiyyatı üzrə müvafiq quruma şikayət ünvanlamışdır. Daha sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən isə Şirkətə hadisənin araşdırılması üçün müraciət ünvanlanmadan hansı şəraitdə qeydə alındığı məlum olmayan video və fotoşəkillər əsasında Şirkət barəsində protokol tərtib edilmişdir. Hazırkı işlə bağlı xüsusilə bildirmək istəyirik ki, İXM-in 447.0.1-ci maddəsinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aldatma motivi və niyyəti mövcud olmalıdır. Əks halda sözügedən maddəyə əsasən Şirkətin inzibati məsuliyyətə cəlb edilməsi qanuna ziddir. Belə ki, iş materiallarından vitrindəki qiymət kağızının 2023-cü ilin aprel ayına qəbzin isə may ayına aid olduğu görünür. O da praktikadan məlumdur ki, marketlərin vitrinlərində olan qiymət kağızları həm barkodların dəyişilməsi, həm də qiymət kağızlarının aşınmasının qarşısının alınması məqsədilə hər aym əvvəlində yenisi ilə əvəzlənir. Hazırkı halda isə qiymət kağızının dəyişdirilməməsi işçilərin diqqətsizliyindən və ya hər hansı digər şəxslərin qərəzli hərəkətlərindən yarana bilərdi. Bu səbəbdən Şirkətin vətəndaşa qarşı Məhsulun qiyməti barədə hər hansı aldatma niyyətinin olması məntiqə uyğun gəlmir. Digər tərəfdən, bu işlə bağlı müvafiq inzibati orqan tərəfindən Məhsulun vitrindəki qiymətinin onun kassa qəbzindəki qiymətinə uyğun gəlməməsi faktı mübahisələndirilə bilərdi ki, bu da iş üzrə kifayət qədər sübut olduğu halda əməlin İXM-in 447.0.1-ci maddəsinə görə deyil İXM-in 445.1-ci maddəsinə əsasən (qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə) tövsif olunmasına səbəb ola bilərdi. Şirkətə məxsus mağazalarda müştəri müraciətləri ilə bağlı Müştəri Xidmətləri fəaliyyət göstərir. Mağazalarda müştərilərlə maraqlanan belə bir xidmətin olması bir daha təsdiq edir ki, Şirkətin məqsədi müştəriləri aldatmaq deyil, əksinə onların müraciətləri ilə maraqlanaraq hazırki məsələyə oxşar halların qarşısının alınması və qiymət fərqi mövcud olduğu halda həmin fərqin müştəriyə ödənilərək narazılığın aradan qaldırılmasından ibarətdir. Belə olan halda, Şirkətin İXM-in 447.0.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb olunması əsassız və qanunsuz olmaqla Şirkətin hüquqlarının və qanuni maraqlarının pozulmasına səbəb olacaqdır. Hazırkı iş inzibati araşdırılmanın tələb olunduğu hallara aid olmadığı üçün inzibati xətanın törədilməsinə görə protokol iki gün ərzində tərtib edilməli olsa da, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti protokolun tərtib edilməsini heç bir əsas olmadan gecikdirmiş və beləcə də prosessual normaların tələblərini pozmuşdur. Belə ki, həmin dövlət xidməti 17 may 2023-cü il tarixli məktubu ilə Şirkətin nümayəndəsini protokol tərtib etmək üçün 24 may 2023-cü il tarixində öz idarəsinə dəvət etmiş və əsassız yerə prosessual müddətlərə riayət etməmişdir. Bu da özlüyündə yuxarıda sadalananlardan əlavə olaraq nəzərə alındığı halda belə, iş üzrə icraata xitam verilməsinə əsas ola bilər. Onu da qeyd etmək lazımdır ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14.4-cü maddəsinə müvafiq olaraq, “İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir.” Lakin vətəndaş X9 aldığı məhsulun qiymətini dəqiqləşdirmək üçün heç bir hərəkət etməmiş, əksinə Məhsulun vitrində göstərilən qiymətinin kassa qəbzində göstərilən qiymətindən fərqli olduğunu göstərmək üçün vitrinin şəkillərini və videogörüntülərini çəkmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən isə həmin videogörüntülərin və fotoşəkillərin hansı şəraitdə çəkilməsi ətraflı araşdırılmadan Şirkət barəsində protokol tərtib etmişdir. Bu da özlüyündə bir daha təsdiq edir ki, Şirkətin vətəndaşı aldadmaq niyyəti olmamış, əksinə vətəndaş Şirkətə qarşı qərəzli davranmış, adıçəkilən dövlət orqanı isə məsələyə laqeydlikdə yanaşmışdır. Həmçinin qeyd edilən halın baş verməsi Şirkətə heç bir fayda verməmiş əksinə müştərilər arasında nüfuzuna xələl gətirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki Şəxs İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 447.0.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan isə müəyyən edilmişdir ki, 15 may 2023-cü il tarixdə X1 və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çağrı mərkəzinə müraciət edərək xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Bravo” adlı marketdən “X14” adlı mal aldığını, malın piştaxtadakı qiymətinin 1,69 manat olmasına baxmayaraq, kassada həmin mal üçün ondan 2,99 manat tələb edildiyini bildirmişdir. Həmin məlumat əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılmış araşdırma zamanı Şəxsnə məxsus ünvan 1 ünvanında yerləşən “Bravo” mağazasında xx.xx.2023-cü il tarixdə “X14” adlı 30m-lik streçin qiymət kağızında 1,69 manat göstərilməsinə baxmayaraq, kassada 2,99 manata hesablanaraq satılması faktı öz təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxsnə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxsnə istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Qeyd edilməlidir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxsnə inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-2153/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2153/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver