Məhkəmə qərarları › İş №3(001)-2159/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2159/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2159/2024 17.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tayar oğlunun iştirakı ilə, Şəxs Tayar oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1 maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Şəxs Tayar oğlu barəsində İXM-in 428.7.1 maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. 01 aprel 2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X6 verdiyi izahatında bildirmişdir ki, Şəxs 11 mart 2024-cü il tarixdə ona məxsus obyektin üzərində yayımlanan reklamla bağlı icazənin şərtlərini pozduğu üçün barəsində protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Protokol tərtib edilməmişdən əvvəl həmin ünvanda akt tərtib edilmişdir. Yazılı göstəriş ilə birlikdə göndərilmiş və 5 gün müddətinə də vaxt verilmişdir. Göndərilən həmin yazılı göstəriş həmin ünvanda qəbul edilmişdir. İş materiallarına da əlavə edilmişdir. “Məmiyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Şəxs özünün müraciəti əsasında ona hesab faktura verilmişdir. Həmin hesab faktura üzrə dövlət rüsumu ödənilib və icazə qüvvəyə minmişdir. Rəsmi olaraq onun icazəsi var, sadəcə dövrü 2023-cü ilin iyulun 1-dən başlıyır və 2024-cü ilin iyulun 1-ə kimi davam edir. Həmin dövr üzrə hər ay bitirdikdən sonra növbəti ay ilk 3 iş günü müddətinə yayım haqqını ödəməli idi. O, 2023-cü ilin iyul ayının 1-dən bu vaxtadək heç bir ayın yayım haqqını ödəməmiş, sadəcə rüsumu ödəmişdir. Yayım haqqı ödənişlərini etmədiyi üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. 05 aprel 2024-cü il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tayar oğlu verdiyi izahatında bildirmişdir ki, o, reklam agentliyi ilə müqavilə bağlamışdır. Daha sonra avqustun 24-ü obyekti təhvil vermiş və icarə müqaviləsini ləğv etmişlər. Sadəcə olaraq, o reklam agentliyinə bildiriş verməmişdir. Bildiriş vermək barədə isə məlumatlı olmamışdır. Reklam Agentliyinə gedəndən sonra ona bildirmişlər ki, bildiriş verməli idi. Həqiqətən də həmin reklam ordadır, lakin çıxmağı ilə bağlı bildiriş verməli olduğunu və müqavilənin ləğv olunmalı olduğunu bilməmişdir. İcarə müqaviləsinin ləğvi barədə sənəd də onda mövcuddur. Onun barəsində protokol tərtib edilməsindən protokol tərtib edildikdən sonra məlumatı olmuşdur. O, protokol tərtib edildikdən sonra bundan xəbər tutan kimi reklam agentliyinə gedərək 2023-cü ilin avqust ayının 24-dən obyektdən çıxdığını, orda sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığnı bildirmişdir. Orada isə ona bildirmişlər ki, obyektdən çıxmağı barədə bildiriş göndərməli idi və Reklam Agentliyi də müqaviləni ləğv etməli idi. Obyekti icarəyə götürəndə reklam yazısının biri orada olmuş, digərini isə o yerləşdirmişdir. Belə ki, girişdəki reklamı o yerləşdirmiş, digəri isə əvvəlcədən orda olmuşdur. Protokol tərtib edilərkən həmin obyektdə digər sahibkar fəaliyyət göstərmiş, o həmin obyektdə fəaliyyət göstərməmişdir. Orada 2022-ci ilin yay aylarından fəaliyyət göstərmiş, daha sonra 2023-cü ilin avqust ayında vergi orqanında qeydiyyata aldırdığı təsərrüfat sübyektinin ləğvi barədə ərizə verərək ləğv etdirmiş, sahibkarlıq fəaliyyətini də dayandırmışdır. Protokol tərtib ediləndə də, hazırda da həmin obyektdə digər şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeyd edilən sənədləri təqdim etmək üçün məhkəmə iclasının təxirə salınaraq ona vaxt verilməsini xahiş etmişdir. 17 aprel 2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X6 bildirmişdir ki, Şəxs Tayar oğlunun həmin obyektdə fəaliyyətini dayandırılması barədə onların xəbəri olmamışdır. Bakı Şəhəri Reklam İdarəsinin əməkdaşları həmin obyektə yaxınlaşan zaman orada fəaliyyət göstərən yeni icarəçi özünü təqdim etməmişdir. Onlarda olan sənədlər əsasında Şəxs Tayar oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs Tayar oğlu barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. 17 aprel 2024-cü il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tayar oğlu barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinlyərək belə nəticəyə gəlir ki, Şəxs Tayar oğlu barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında xx.xx.2024-cü il tarixdə, saat 11:22-də “Murad Palace” adlı obyekt i**********0001-0003 nömrəli icazə şərtlərini pozaraq açıq məkanda reklam yerləşdirməsi faktı aşkar edilmişdir. Ona görə də Şəxs Tayar barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şəxs Tayar oğlu “Murad Palace” adlı obyektin üzərində xx.xx.2023-cü il tarixdən 12 ay müddətinə yeni reklam yerləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Bakı şəhəri Reklam İdarəsinə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli, M**********0001 nömrəli dövlət rüsumunun ödənişi üçün bildirişdən görünür ki, Şəxs Tayar oğlu tərəfindən i**********00010001, i**********00010002, i**********00010003 icazə sənədli reklam daşıyıcılarına görə 128.50 AZN (yüz iyirmi səkkiz manat, 50 qəpik) ödəniş edilməlidir. xx.xx.2023-cü il tarixli, M**********0001 nömrəli yayım haqqının ödənişi üçün hesabfakturadan görünür ki, Şəxs Tayar oğlu tərəfindən i**********00010001, i**********00010002, i**********00010003 icazə sənədli reklam daşıyıcılarına görə 955.27 AZN (doqquz yüz əlli beş manat, 27 qəpik) ödəniş edilməlidir. xx.xx.2023-cü il tarixli, i**********00010001 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” icazədən görünür ki, ünvan 2 ünvanında xx.xx.2023-cü il tarixdənxx.xx.2024-cü il tarixədək ölçüsü “5X0.90”, tərəflərinin sayı 1, sahəsi 4.5 m2 olan reklam yerləşdirilməsi üçün Şəxs Tayar oğluna icazə verilmiş, reklamın yayım haqqı aylıq 23,63 olmaqla ümumi 283.56 təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, i**********00010002 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” icazədən görünür ki, ünvan 2 ünvanında xx.xx.2023-cü il tarixdənxx.xx.2024-cü il tarixədək ölçüsü “5X0.90”, tərəflərinin sayı 1, sahəsi 4.5 m2 olan reklam yerləşdirilməsi üçün Şəxs Tayar oğluna icazə verilmiş, reklamın yayım haqqı aylıq 23,63 olmaqla ümumi 283.56 təşkil etmişdir. xx.xx.2023-cü il tarixli, i**********00010003 qeydiyyat nömrəli “Açıq məkanda reklam yerləşdirilməsinə” icazədən görünür ki, ünvan 2 ünvanında xx.xx.2023-cü il tarixdənxx.xx.2024-cü il tarixədək ölçüsü “5.5X0.70”, tərəflərinin sayı 1, sahəsi 3.85 m2 olan reklam yerləşdirilməsi üçün Şəxs Tayar oğluna icazə verilmiş, reklamın yayım haqqı aylıq 20,21 olmaqla ümumi 242.52 təşkil etmişdir. “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair” xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında “Murad Palace” adlı obyektin üzərində müvafiq haqq vaxtında ödənilmədən 3 ədəd 12,85 m2 ölçüdə reklam aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli “İcarə” müqaviləsindən görünür ki, icarəyə verən X1 və icarəçi X4 arasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ Biləcəri qəsəbəsi, ev- Şamaxı-Xocasən yolu kəsişməsi 1-ci və 2-ci mərtəbə Çənlibel otelinin yanı ünvanında yerləşən 250 m2 qeyri-yaşayış sahəsi icarəçiyə 2 il müddətinə icarəyə verilməsi barədə müqavilə imzalanmışdır. Obyektin onlayn ləğv ərizəsindən görünür ki, **********-10001 kodlu, “Murad Palace” adlı təsərrüfat subyektinin (obyektinin) ləğvi barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Həmin qərara əsasən xx.xx.2023-cü il tarixdə Şəxs təsərrüfat sübyektinin fəaliyyətinə xitam verdiyindən obyektin ləğvi barədə vergi orqanına arayış təqdim etmişdir. “Nəzarət-kassa aparatının uçotdan çıxarılması barədə” bildirişdən görünür ki, Şəxs Tayar oğluna məxsus **********-10001 kodlu təsərrüfat subyektində quraşdırılmış 4613- XXX topli İBM Pos-terminalı markalı ******* zavod nömrəli NKA uçotdan çıxarılmışdır. “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və digər təsərrüf subyektinin uçotdan çıxarılması barədə” məktubdan görünür ki, Şəxs Tayar oğluna məxsus **********-10001 kodlu təsərrüfat subyekti qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “Reklam haqqında” Azərbaycan Respublikası qanununun 26.1-ci maddəsinə görə reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin qanuna görə reklam fəaliyyəti - reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək məqsədi ilə reklamvericinin, reklam yaradıcısının, reklam istehsalçısının, reklam agentinin və reklam yayıcısının hərəkətlərinin məcmusunu ehtiva edir. Həmçinin reklam yayıcısı – reklamı həmin qanunda nəzərdə tutulmuş qaydada, müxtəlif forma, üsul və vasitələrlə yayımlayan şəxs kimi başa düşülür. “Reklam haqqında” Azərbaycan Respublikası qanununun 4.1-ci maddəsinə əsasən reklam bu Qanunla qadağan edilməyən üsul və vasitələrlə reklam istehlakçılarının diqqətini əmtəəyə cəlb etməli, əmtəə barədə məlumat vermək və rəy formalaşdırmaqla ona tələbat yaratmalıdır. İXM-in 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs Tayar oğlu barəsində İXM-in 428.7.1 -ci maddəsi ilə olan inzibati protokol əsassız olaraq tərtib edilmiş, onun qeyd edilən əməlin törədilməsinə aidiyyəti olmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi Şəxs Tayar oğlu xx.xx.2023-cü il tarixdə “Murad Palace” adlı obyektdə fəaliyyətinə xitam verdiyindən həmin təsərrüfat subyekti, nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmış, onun fəaliyyət göstərdiyi obyekt isə obyektin mülkiyyətçisi tərəfindən xx.xx.2023-cü il tarixdə başqa şəxsə, yəni X2 icarəyə verilmişdir. Lakin protokol tərtib edən şəxs qeyd edilən halları araşdırmamış, həmin obyektdə faktiki olaraq kimin fəaliyyət göstərdiyini, reklam yayıcısının kim olmasını müəyyən etməmişdir. Bundan baqşa xx.xx.2024-cü il tarixdə açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair aktda Şəxs Tayar oğlunun adı qeyd edilsə də onun tərəfindən imzalanmadığı müəyyən edilir. Eyni zamanda xx.xx.2024-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs Tayar oğlunun izahat verməkdən və protokolu imzalamaqdan imtina etdiyi göstərilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs Tayar oğlu faktiki olaraq xx.xx.2024-cü il tarixdən həmin obyektdə fəaliyyət göstərməmiş, həmin protokolun da tərtib edilməsi zamanı iştirak etməmiş, lakin protokolu tərtib edən əməkdaş formal olaraq onun izahat verməkdən və protokolu imzalamaqdan imtina etməsini qeyd etmişdir. Eyni zamanda məhkəmə iclasında Şəxs Tayar oğlu qeyd edilən obyektə dair icarə müqaviləsinin ləğv edildiyini, nəzarət kassa aparatının qeydiyyatdan çıxarıldığını, həmin obyektdə vergi ödəyicisi kimi fəaliyyətinə xitam verdiyini bildirmişdir. Belə olan halda da açıq məkanda müvafiq icazə olmadan reklam yerləşdirilməsinə görə inzibati xətanı da Şəxs Tayar oğlu deyil, obyektdə hazırda fəaliyyət göstərən şəxs törətmişdir. Çünki reklam istehlakçısının diqqətini reklam obyektinə cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq əmlakdan gəlir götürmək hazırda Şəxs Tayar oğlunun deyil, obyektin faktiki icarəçisinin məqsədidir. Lakin səlahiyyətli orqan tərəfindən qeyd edilən hallar araşdırılmamış, inzibati xətanın kim tərəfindən törədilməsi müəyyən edilməmiş və nəticədə aidiyyəti olmayan şəxs barəsində protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən, İXM-in 428.7.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından Şəxs Tayar oğlu barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı Şəhəri Reklam İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə Şəxs Tayar oğlunun aidiyyəti olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı Şəhəri Reklam İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş MN ******* nömrəli inzibati xəta haqqında protokolda nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti olmadığından Şəxs Tayar oğlu barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar