Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2160/2022 18.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X4 iclas katibliyi, X1 Maraqlı şəxs X7 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon X19 Şöbəsinin TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə şikayətlə müraciət edərək bildirmişdir ki, o, 17 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində Bakı Hava Limanı istiqamətində “Renault Megane” markalı **- LO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sol tərəfdən birinci yolla hərəkətdə olarkən, irəlidə eyni istiqamətdə və eyni hərəkət zolağında olan “Chery” markalı avtomaşına işıqları yandırıb-söndürüb ona yol verməsini istəmişdir. Qarşısındakı sürücü ilkin olaraq avtomobili sağ zolağa çəkmiş, o, ötmə manevri edərək həmin avtomobili keçmək istəyərkən “Chery” markalı avtomaşının sürücüsü qəflətən onun yoluna çıxmış, o da idarə etdiyi avtomobili saxlaya bilməyib avtomobilin qabaq sağ hissəsini “Chery” markalı avtomobilin arxa sol qənədindən və arxa sol qapısından vuraraq toqquşdu. Baş vermiş hadisə ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmışdır. Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Asəf Məmmədov tərəfindən KP-1-455 saylı material üzrə xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli qərara əsasən X7 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərar Suraxanı RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə X12 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətə məhdudlaşdırılmışdır. Göstərilənlərə baxmayaraq Bakı şəhəri Suraxanı rayon DYPŞ tərəfindən barəmdə 26 oktyabr 2021 -ci il tarixli, İXP ******* qanunsuz və əsassız protokol tərtib olunmuş və həmin protokol əsasında Bakı şəhəri Suraxanı rayon DYPŞ əməkdaşı, polis kapitanı X8 tərəfindən barəmdə 26 oktyabr 2021 -ci il tarixdə TP ******* nömrəli elektron qərar qəbul edilmişdir. Qanunsuz və əsassız qərarda qeyd edilmişdir ki, guya mən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bildirmək istəyir ki, qərar qanunsuz, əsassız və qərəzlidir. Belə ki, o, hər hansısa bir qanunsuz manevr etməmişdir. Hərəkət istiqamətində yolun sol tərəfdən birinci yolla 110-120 km/saatla hərəkətdə olarkən “Chery” markalı avtomobilin sürücüsü onu ötmək üçün yol verdikdən sonra onu ötüb keçmək istəyərkən onu ötüb keçməyini gözləmədən dərhal sola doğru hərəkət edərək qəzaya səbəb olmuşdur. Bakı şəhəri Suraxanı RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Asəf Məmmədov tərəfindən KP-1-455 saylı material üzrə ətraflı araşdırma aparılmış və müəyyən edilmişdir ki, mənim hadisənin qarşısını almağa texniki imkanı olmamış, “Chery” markalı avtomobilin sürücüsünün isə hadisənin qarşısını almağa texniki imkanı olmuş lakin hadisənin qarşısını almamışdır və bununla da qəzanın baş verməsinə səbəb olmuşdur. Bundan başqa, hadisə xx.xx.2020-ci il tarixdə olmasına baxmayaraq barəsində qəbul edilən qanunsuz, əsassız və qərəzli qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Bir il bir ay sonra onun günahkar olmağının müəyyən olunması başqa məqamlardan xəbər verir. X3 yuxarıda göstərilənlərini rəhbər tutaraq ərizəsində və məhkəmə iclasında verdiyi izahatında Bakı şəhər Suraxanı rayon X19 Şöbəsinin TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlarına toxunan şəxs X12 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, qəza törədən şəxs X5 Suraxanı rayon X19 şöbəsi tərəfindən barəsində tərtib edilmiş 26 oktyabr 2021-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tenbeh vermə haqqında 26 oktyabr 2021-ci il tarixli, TP ******* nömrəli elektron qərarın ləğv edilməsinə dair şikayəti tam əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qəzanı törədən şəxs X10 şikayətində məhkəməni çaşdırmaq məqsədi ilə göstərmişdir ki, guya o 17 sentyabr 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı Hava Limanı istiqamətində «Renault Megane» markalı **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə 110-120 km/saatla hərəkətdə olarkən «Chery» markalı avtomobilin sürücüsü onu ötmək üçün yol verdikdən sonra, onu ötüb keçmək istəyərkən qəzanı o, törətmişdir. Halbuki, qəzanın formatı bu cür olub, dostu Məhəmmədlə şəhərdən Şüvəlana «CHERY A 13» markalı, ** MK *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməyə əsasən idarə etdiyi avtomobillə dostu Məhəmmədlə evə qayıdarkən, 17 sentyabr 2020-ci il tarixdə saat 22 radələrində saat 120 km sürətlə hərəkətdə edirdi. O, hərəkətdə olan zaman ondan arxada olan avtomaşının sürücüsü işıqlarını yandırıb söndürmüşdür ki, ona yol versin, lakin, o da sağ tərəfdə, yəni yolun ikinci zolağında avtomaşın olduğuna görə, idarə etdiyi sağ tərəfə çəkə bilməmişdir. O, sağda olan avtomaşını keçəndən sonra idarə etdiyi avtomaşını yolun ikinci zolağına çəkmişdi ki, arxada hərəkətdə olan avtomobil onu ötüb keçsin. Lakin arxadakı avtomaşının sürücüsü də, idarə etdiyi avtomaşını onun arxasına, yəni ikinci zolağa vermişdir. O, idarə etdiyi avtomobilinin əyləncini basıb surətini azaltmışdı ki, həmin avtomaşının sürücüsü onu ötüb keçsin, bu zaman həmin avtomobilin sürücüsü onu ötərək birinci zolağa çıxmış və onun yanına çatanda idarə etdiyi avtomaşının qabaq sağ tərəfi onun idarə etdiyi avtomaşının arxa sol buferindən vurmaqla, avtomobili fırlanmağa başlayarkən, arxa avtomaşın onun atomaşınının sol axra qapısını da vurmuş və bu zaman hər iki avtomaşın yolda fırlanaraq yol kənarında olan dəmir çəpərlərə dəymişdir. Nəticədə onun üz, alın nahiyəsi və ayaqları sükana dəyərək xəsarət almışdır. Onun idarə etdiyi avtomobildə dostu Məhəmməd də xəsarət almışdır. Hadisədən sonra, hadisə yerinə təcili yardım stansiyasının həkimləri gələrək onu və dostu Məhəmmədi 3 saylı ŞKX-na aparmışlar. Həmin işin araşdırılması Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin baş müstəntiqi, polis moyoru Asəf Məmmədova həvalə edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin baş müstəntiqi, polis moyoru Asəf Məmmədov 25 noyabr 2020-ci il tarixdə qərar qəbul etmiş, toplanmış material üzrə cinayət işinin başlanması rədd etmiş, onun, yəni X7 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərar Suraxanı RPİnin DYPŞ-nə göndərilmiş, qəbul edilmiş qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokurorluğuna göndərilməsi qərarında göstərilmişdir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Bakı şəhəri Suraxanı Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 18 yanvar 2021-ci il tarixli qərarı ilə inzibati xəta törətdiyimə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib, ona nəqliyyat vasitələrini idarə etmə hüququnun 1 (bir) il müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh olunmağım barədə qərar qəbul edilmişdir. O, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 18 yanvar 2021-ci il tarixli inzibati qərarından narazı qalaraq, Bakı apellyasiya məhkəməsinə apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsində xx.xx.2021-ci il tarixdə işə baxılmış, hakim tərəfindən qəzanın törəmə videosuna baxışından sonra, işə baxan hakim Ramin Qaraqurbanlı oun tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmin etmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İnzibati iş Bakı Apellyasiya Məhkəməsindən geri qayıtmış və işin baxılması Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimova həvalə edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin №3(010)-64/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə mənim Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməyinə dair inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Hazırda həmin qərar qüvvədədir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin №3(010)-64/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarını Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin baş müstəntiqi, polis baş leytenantı X9 təqdim edildikdən sonra, 25 oktyabr 2021-ci il tarixli qərarına əsasən onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında icraat Suraxanı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xitam verilməsi nəzərə alınması qeyd edilmişdir. Bundan sonra, qəza törədən X10 barəsində 26 oktyabr 2021-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tenbeh vermə haqqında 26 oktyabr 2021-ci il tarixli, TP ******* nömrəli elektron qərarı ilə inzibati tənbeh edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin №3(010)- 64/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının 5-ci vərəqəsinin 4-ci abzasında qeyd edilmişdir ki, hadisə vaxtı yalnız «Chery A13» minik markalı 90MK402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 qısa müddətə pozulmasına səbəb olmuş və sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilən xəsarət almışdır. Bu səbəbdən qəza törədən X10 barəsində 26 oktyabr 2021-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tenbeh vermə haqqında 26 oktyabr 2021-ci il tarixli, TP ******* nömrəli elektron qərarın ləğv edilməsi barədə X10 tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon DYPŞ-yə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon DYPŞ-nin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Buna görə də, İXM-nin 112.1.4-cü maddəsinə əsasən İdarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Məhkəmə şikayətçini dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon X19 Şöbəsinin TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən X10 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-64/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X12 barəsində Azərbaycan respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və Suraxanı RPİ İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2020-ci il tarixli qərarında təsvir olunmuş əməlin mötəbər sübutlarla təsdiqlənmədiyini, habelə yol-nəqliyyat hadisəsi zamanı X6 başqa heç bir şəxsin sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilən xəsarət almadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin əməlində ona istinad edilən inzibati xətanın tərkibi mövcud olması halı müəyyən edilmiş sayıla bilməz. Həmin məhkəmə qərarından görünür ki, iş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilmiş və xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə hadisənin real mexanizminin dəqiq müəyyən edilə bilmədiyi nəticəsinə gəlinmişdir. Belə ki, qərarda təsvir edilənlərdən görünür ki, iş üzrə xx.xx.2021-ci il tarixli 8/1066-6/3097 nömrəli ekspert rəyində göstərmişdir ki, əgər hadisə X7 bildirdiyi şəraitdə baş vermişdirsə onda “Yol hərəkəti haqqında” AR Qanununun tələbləri Nahid Hüseynov tərəfindən deyil, “Renault Megane” minik markalı 99LO230 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X10 tərəfindən pozulmuşdur. Və əksinə, əgər hadisə inzibati xəta haqqında protokolda və Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2020-ci il tarixli qərarında təsvir olunmuş şəraitdə baş vermişdirsə onda “Yol hərəkəti haqqında” Qanunun tələbləri X12 tərəfindən pozulmuşdur. Qeyd edilən məhkəmə qərarıdan göstərilmişdir ki, bu hal X7 “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozması halını şübhə altına alır. Həmçinin məhkəmə iclasında təqdim edilən 1 ədəd diskdəki video görüntüyə baxış keçirilən zaman hadisənin baş vermə mexanizmini dəqiq müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, hadisənin baş vermə mexanizmi dəqiq müəyyən edilə bilmədiyindən hazırki şikayət üzrə X10 barəsində tərtib edilmiş TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərar əsaslı sayıla bilməz. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X13 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. İnzibati xətalar məcəlləsinin məqsədi inzibati xəta hadisələrinin qarşısının alınması və şəxsləri inzibati xəta törətməkdən çəkindirmək məqsədi daşıyır. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi, iş materiallarına əlavə edilmiş video görüntüdə şəxsin inzibati xəta törətdiyinin müəyyən edilmədiyi və iş üzrə artıq qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan mübahisəli qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X10 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Suraxanı rayon X19 Şöbəsinin TP ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2160/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2160/2022
18.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver