Məhkəmə qərarları › İş №3(001)-2162/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2162/2022

14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2162/2022 14.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Muradova Nigar Yunis qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4cü PB-nin sahə inspektoru, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri 115 nömrəli məkəbdə müəllimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis mayoru X7 izahat verərək bildirmişdir ki, Şəxs 10 iyun 2022-ci il tarixdə DİN-in “102” xidməti zəng sistemi mərkəzinə müraciət edərək naməlum qadının onu təhqir edərək qollarını cırmaqlaması barədə şikayət etmişdir. Daxil olmuş məlumat Binəqədi RPİ-nin 4-cü PŞ-də qeydiyyata alınmış və şöbənin təhqiqatçısı polis baş leytenantı Nurəddin Firudinlinin icraatına verilmişdir.Təhiqat araşdırması zamanı vətəndaş Şəxs etdiyi müraciətlə bağlı şöbəyə dəvət edilmiş, o sərxoş vəziyyətdə özünə məxsus olan avtomobillə şöbənin inzibati binasına daxil olmuş, ərizə və izahat verməyəcəyini bildirərək avtomobilə əyləşib şöbədən çıxan zaman inzibati binanın pilləkən hissəsini avtomobil ilə vuraraq sındırmış və oradan uzaqlaşmışdır. Bundan sonra o, Binəqədi rayonu, Azadlıq prospektində Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, alkotester vasitəsi ilə sərxoş olub-olmamağı yoxlanılmış və orada onun sərxoş olması müəyyən edilmişdir. Faktla bağlı təhqiqat araşdırması aparılmış və əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda şəxsin barəsində İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qadın olmasını, himyəsində iki uşağının olmasını, orta məktəbdə müəllimə işləməsini və vurulmuş zərəri aradan qaldıracağını bildirərək barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evin qarşısında tanımadığı qadın tərəfindən döyülməsi ilə bağlı “102” xidmətinə məlumat vermişdir. Məlumat verdikdən sonra baş vermiş hadisənin təsirində olduğu üçün iki badə şərab içmişdir. Təxminən bir-iki saat keçdikdən sonra 4-cü Polis bölməsindən zəng gəlmiş və onu izahat verməsi üçün polis böməsinə dəvət etmişlər. Əvvəlcə artıq saatın gec olduğunu bildirərək etiraz etmişdir, lakin polis əməkdaşı onun izahat vərməsi üçün elə indi 4-cü Polis bölməsinə yaxınlaşmalı olduğunu bildirmişdir. O oğlu ilə birlikdə idarə etdiyi “Mazda” markalı, **-MY-*** dövlət nömrə nişanlı avtomobili ilə 4-cü Polis Bölməsinə getmişdir. Polis bölməsində izahat verərkən X3 ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuş, bu zaman onlar arasında mübahisə yaranmışdır. X1 içkidən istifadə edərək polis şöbəsinə gəlməyini nöqsan tutmuş və Yol Patrul Xidmətinin əməkdaşlarını çağırmışdır. X3 və YPXnin əməkdaşı Nicat adlı şəxs onu video-çəkiliş aparacaqları ilə qorxutmuşlar, o da özünü itirib otaqdan çıxaraq özünə məxsus avtomobilə minmişdir. Həmin an avtomobili arxaya verərkən ehtiyatsızlıqdan şöbənin giriş pilləkənlərinə dəyərək bir neçə pilləkəni sındırmışdır. Bu zaman YPX əməkdaşı ona “dayan” əmri vermişdir. Sərxoşluq dərəcəsini yoxlamaq üçün tibbi müayinəyə, avtomobili isə cərimə meydançasına aparmışlar. Döyülməsi ilə bağlı ondan heç bir izahat alınmamış, tibbi ekspertizaya göndərilməmişdir. Hətta, X3 ondan bütün bu hadisələrin yoluna qoyulması üçün 3-4 min manat məbləğində pul istəmişdir. O isə həmin məbləği ödəmək iqtidarında olmadığını, vurulmuş zərərin əvəzini ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin vaxt polis işçiləri onu video-çəkiliş aparmaqla, eyni zamanda “Xəzər TV” –nin əməkdaşlarını çağırmaqla qorxutduqları üçün dərhal polis şöbəsini tərk edərək avtomobilə minmiş, həyəcanlı vəziyyətdə abvtomobili idarə etdiyindən avtomobili arxaya tərəf hərəkət etdirmək istəyən zaman ehtiyatsızlıqdan şöbənin giriş pilləkənlərinə dəymiş və əmlaka zərər vurmuşdur. Onun ictimai qaydanı pozmaq, şöbənin əmlakına ziyan vurmaq fikri olmamışdır. O polisin qanuni tələblərinə tabe olmuş, yol polisi əməkdaşlarının birinci “avtomobili saxla” əmrində dayanmışdır. Əlavə olaraq şöbənin əmlakına dəymiş zərərin əvəzini ödəməyə hazır olduğunu, əməlində İXM-nin 535.1 və 510-cu maddələrinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X6 çıxış edərək, Şəxs vurulmuş zərərlə bağlı pilləkənlərin təmirinə sərf olunacaq məbləği və cəriməni ödəməyə razı olduğunu bildirmiş, eyni zamanda onun əməllərində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı polis baş leytenantı X5 RPİ-nin 4-cü PŞ-nin rəisinə müraciət edərək, Şəxs AR İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi və sərxoş vəziyyətdə avtomobil idarə edərək şöbədən çıxan zaman inzibati binanın pilləkan hissəsini avtomobil ilə vuraraq sındırıb uzaqlaşmasını bildirmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ictimai qaydanı pozaraq İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə YPX əməkdaşlarına tabesizlik göstərərək İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi sübuta yetirilməmişdir. Belə ki, Şəxs döyülmə faktı ilə bağlı DİN-nin“102” xidmətinə müraciət etmişdir. Polis şöbəsində izahatı alınan zaman içkili olması ilə bağlı təhqiqatçı ilə aralarında mübahisə yaranmışdır. Onun içkili olub-olmamasını müəyyən etmək üçün təhqiqatçı yol polisi əməkdaşını çağırmış, X3 və YPX-nin əməkdaşı Nicat adlı şəxs onu video-çəkiliş aparacaqları ilə qorxutmuşlar, o da özünü itirib otaqdan çıxaraq özünə məxsus avtomobilə minmişdir. Həmin an avtomobili arxaya verərkən ehtiyatsızlıqdan şöbənin giriş pilləkənlərin dəyərək bir neçə pilləkəni sındırmışdır. Bu zaman YPX əməkdaşı ona “dayan” əmri vermişdir. O da həmin əmrə tabe olaraq dayanmışdır. Məhkəmə Şəxs istinad edilən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirsizliyi öz izahatı ilə yanaşı, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, polis işçisinin və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərini pozma polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama hesab edilir. Məhkəmə araşdırması zamanı isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində qanuni tələblərə qəsdən tabe olmama aşkarlanmamışdır. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib etmiş orqan isə Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabesizlik göstərilməsini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hallar aşağıdakılar hesab edilir: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibat xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs müəllimə kimi əmək fəaliyyəti ilə məşğul olmasını, himayəsində 14 və 16 yaşlarında yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, vurulmuş zərərin əvəzinin könüllü surətdə ödəməyə hazır olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. İnzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon 4-cü Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar