Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2163/2021 01.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4cü PŞ-nin sahə rəisi, polis kapitanı X1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ermənistanın Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən tərtib edilmiş 31.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə rəisi, polis kapitanı X2 izahat verərək bildirmişdir ki, 31.05.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Varovski” dairəsi adlanan ərazidə xidmət aparan polis əməkdaşları bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar. Polis əməkdaşları adı sonradan məlum olan Şəxs yaxınlaşdıqda həmin şəxs səs-küy salaraq, polis əməkdaşlarına tabesizlik göstərmiş, polis əməkdaşları sonuncunu sakitləşdirməyə çalışsalar da Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra Şəxs şəxsiyyətinin müəyyən edilməsi üçün şöbəyə dəvət olunmuş, lakin sonuncu polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək şöbəyə getməkdən imtan etmişdir. Bundan sonra Şəxs polis əməkdaşları tərəfindən 4-cü PŞ-nə gətirilmiş və barəsində raportla müraciət edilmişdir. Daha sonra Şəxs anket məlumatları dəqiqləşdirilərək barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 28.05.2021-ci il tarixdə, axşam saatlarında yaşadığı evdə olan zaman evin qapısı döyülmüş, qapını açdıqda bir nəfər şəxs ona yaxınlaşıb özünü polis əməkdaşı kimi təqdim etmiş və onu polis bölməsinə dəvət etmişdir. O, etiraz edərək nə üçün polis bölməsinə getməli olduğunu soruşduqda, avtomobildən digər 2 nəfər şəxs düşərək onu zorla 4-cü polis şöbəsinə aparmışlar. Sonra onun qarşısına narkotik vasitə qoyularaq həmin narkotik vasitənin ona aid olduğunu etiraf edilməsi bildirilmiş, lakin o bundan imtina etmişdir. O, dörd gün polis şöbəsində saxlanıldıqdan sonra barəsində İXM-in 535.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü polis şöbəsi cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru X6 bildirmişdir ki, 31.05.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Varovski” dairəsi adlanan ərazidə 4-cü polis şöbəsi cinayət axtarış üzrə baş əməliyyat müvəkkili X3 ilə birlikdə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib kim olmasını soruşmuşlar. Bu zaman həmin şəxs səsküy salmağa başlamış, sonuncunu sakitləşdirməyə çalışsalar da həmin şəxs onlara tabe olmamışdır. Həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün onu 4-cü PŞ-nə dəvət etmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq şöbəyə getməkdən imtina etmişdir. Bundan sonra həmin şəxs polis şöbəsinə gətirilmiş, şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən edilərək barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü polis şöbəsi cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X3 bildirmişdir ki, 31.05.2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, “Varovski” dairəsi adlanan ərazidə 4-cü polis şöbəsi cinayət axtarış üzrə əməliyyat müvəkkili X6 ilə birlikdə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər və həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib kim olmasını soruşmuşlar. Bu zaman həmin şəxs səsküy salmağa başlamış, sonuncunu sakitləşdirməyə çalışsalar da həmin şəxs onlara tabe olmamışdır. Həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün onu 4-cü PŞ-nə dəvət etmişlər, lakin həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq şöbəyə getməkdən imtina etmişdir. Bundan sonra həmin şəxs polis şöbəsinə gətirilmiş, şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən edilərək barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 31.05.2021-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. 31.05.2021-ci il tarixli, AZA 005820 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31.05.2021-ci il tarixdə, saat 23:30-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. 31.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31.05.2021-ci il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də müdafiəçinin çıxışını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 4-cü PŞ tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-in 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 31 may 2021-ci il tarixdən, saat 23:30-dan hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 31 may 2021-ci il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2163/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2163/2021
01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver