Məhkəmə qərarları › İş №3(001)-2165/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2165/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2165/2024 03.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Binəqədi rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Dəvəçi rayonunun Ağbaş kəndində anadan olmuş, evli, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 181.0.2-ci maddəsi ilə Binəqədi Rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Binəqədi Rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən Şəxs barəsində İXM-in 181.0.2-ci maddəsi ilə icraat başlanmış və toplanmış material baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar onunla əsaslandırılmışdır ki, fiziki şəxs Şəxs ünvan 2 ünvanında yerləşən 90 saylı Körpələr evi uşaq bağçasında xadiməçi-dayə işləyərkən, 2023-cü ilin dekabr ayının sonlarında bağçada 1-ci orta qrupda təhsil alan “Uğur” adlı uşağın üstünə qışqırmaqla, sonuncuya “küçük” və digər qeyri- etik ifadələr işlətməklə psixoloji zorakılıq nümayiş etdirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 181.0.2-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol vermə inzibati xətasını törətmişdir. Qeyd olunanlar X10, X1, Şəxs izahatları, diskə baxış keçirilməsi haqqında protokol və toplanmış digər sənədlərlə təsdiq edilir. İzahatı alınmış Şəxs bildirmişdir ki, 2023-cü ilin dekabr ayının təxminən sonlarında səhər saatlarında o, uşaqlara yemək paylayan zaman Uğur adlı uşaq ağlayaraq yemək istəmədiyini bildirmişdir. O da Uğura “narahat olma, sənə yemək verməyəcəm” demişdir. Bundan sonra o, Uğura biraz yemək vermiş, daha sonra Uğur ağlayaraq anasını istədiyini bildirmiş, o, Uğura “narahat olma, günorta vaxtı zəng edəcəm anan gələcək”demiş, həmin gün günorta yeməyi vaxtına yaxın Uğur yenidən ağlamağa başlamış, o, Miranə müəlliməyə “mən yemək gətirməyə gedirəm, sən Uğuru sakitləşdir, ağlamasın”. Miranə müəllimə ona “mənə işimi sən öyrətməyəcəksən, anam məni 4 il ona görə oxutmayıb ki, kiminsə qusmağını təmizləyim” demişdir. Daha sonra yeməyi gətirdikdən sonra o Uğuru qucağına alıb yemək yedizdirmiş, Miranə müəllimənin onunla həmin tərzdə danışmasına çox əsəbiləşdiyi üçün Uğurun ağlamasına sərt reaksiya göstərib uşağa qarşı qeyri-iradi olaraq xoşagəlməz ifadələr işlətmişdir. Məhkəmə iclasında Binəqədi rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X6 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın məzmununa uyğun çıxış edərək, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahi etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs çıxış edərək bildirmişdir ki, o, 90 saylı Körpələr evi uşaq bağçasında dayə xadiməçi kimi çalışmışdır. 25 dekabr 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verilmişdir. 90 saylı Körpələr evi uşq bağçasında işlədiyi vaxt həmin bağçaya gələn Uğur adlı uşağın üstünə qışıraraq kobud ifadələr işlətmişdir. Lakin, uşaqlardan heç birinə qarşı zorakılıq hərəkətləri etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tədbiri tərbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 14 mart 2024-cü il tarixli Binəqədi rayon prokuroruna ünvanlanmış təqrirdən görünür ki, ünvan 2 ünvanında yerləşən 90 saylı Körpələr evi uşaq bağçasında xadiməçi-dayə işləyən xx.xx.1974-cü il təvəllüdlü, Şəxs 2023-cü ilin dekabr ayında bağçada 1-ci orta qrupda təhsil alan “Uğur” adlı uşağın üstünə qışqırmaqla, sonuncuya “küçük” və digər qeyri-etik ifadələr işlətməklə psixoloji zorakılıq nümayiş etdirmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 181.0.2-ci maddəsində nəzərdə tutulmuş təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verməsi faktı ilə əlaqədar Binəqədi rayon Prokurorluğunda toplanmış material Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsi ilə inzibati xəta naqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-ci il tarixdə saat 11:12 radələrində X11 DİN-nin 102 Xidmətinə zəng edərək Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən 90 Saylı körpələr evində işləyən Sultanova Nurayə adlı dayənin uşaqlara işgəncə verməsi və buna dair sübutlarının olması barədə məlumat vermişdir. X4 izahatından görünür ki, 90 saylı Körpələr evində 1birinci orta qrupda müəllimə vəzifəsində işləyir. Həmin qrupda dayə kimi işləyən Şəxs uşaqlara qarşı psixoloji zorakılıq göstərmişdir. X7 izahatından görünür ki, oğlu X8 da olduğu 90 saylı Körpələr evində 1-ci orta qrupda dayə işləyən Şəxs uşaqlara qarşı psixoloji zorakılıq göstərmişdir. X2 izahatından görünürki, müdiri olduğu 90 Saylı körpələr evində Şəxs dəyə vəzifəsində işləmişdir, onun uşaqlara qarşı psixoloji zorakılığa yol verdiyindən məlumatlı oduqdan sonra onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs ilə bağlanmış əmək müqaviləsinə öz ərizəsi əsasında xitam verilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş səs yazılarına baxış keçirilmiş, baxış zamanı Nurayyə adlı texniki işçinin ağlayan uşağa “dur rədd ol yatağıva, qusma, qusma şalvarıva siləcəm qusma, dur ayağa”, “küçük”, “ ayə sən niyə ağlayırsan, sinirlərimə toxunursan, bəsdidə, gəlmə bağçaya”, “ yox ee sən niyə ağlayırsan, anonu niyə istəyirsən ki, ananın yanınnan gəlmirsən baxçaya, ananın sənnən xoşu gəlmire xəbərin var, anan deyir o gələndə elə bil əzrayil gəlir baxçadan” deməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 181.0.2-ci maddəsinə əsasən 181.0.2. təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən 90 saylı körpələr evi uşaq bağçasına gələn Uğur adlı uşağa qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsi faktı iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, CD diskə yazılmış səs yazıları, digər şəxslərin izahatlarıı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini və onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar