Məhkəmə qərarları › İş №3(001)-2166/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2166/2022

15.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2166/2022 15.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Muradova Nigar Yunis qızının katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(094)-291/2021 nömrəli icra sənədində xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün saxlanması üçün 21 iyun 2021-ci il tarixdən başlayaraq, cavabdeh Şəxs hər ay, hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat aliment sabit pul məbləğində tutularaq iddiaçı X7 ödənilməsi göstərilmişdir. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu hər ay 350 manat aliment ödənişi etsə də, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi günədək yaranan aliment borcu 1750 (bir min yeddi yüz əlli) manat təşkil edir. Borclu ilə əlaqə saxlanılaraq, icra sənədi üzrə aliment borcunu tam şəkildə ödəməsi tələb edilmişdir. Lakin, borclu 1750 manat borc məbləğindən yalnız 350 manatı ödəyə bilmişdir. Şəxs icra sənədi üzrə hazırda 1400 manat aliment borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXMin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Alimentin ödənlməsini təsdiq edən qəbzləri məhkəməyə təqdim edərək göstərdi ki, o hər ay vaxtlı-vaxtında 350 manat məbləğində aliment ödəyir, bu günkü tarixdə də 350 manat məbləğində ödəniş etmişdir. Yaranmış aliment borcu isə qətnamənin qanuni qüvvəyə minməsinə qədər olan borcdur. Bu borcun ödənilməsindən boyun qaçırmır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki,qalan borc məbləğini isə hər ay 20-30 manat olmaqla hissə-hissə ödəyəcəkdir. İcra sənədini icra etməkdən boyun qaçırmır və icra məmurunun həmin məsələ ilə bağlı qanuni tələblərini yerinə yetirmək üçün əlindən gələni etmişdir. Ona görə də, qeyd olunanları nəzərə alaraq, məhkəmədən barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibti xəta haqqında iş üzrə zərərçəkmiş şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının zərəçəkmiş şəxs X5 iştirakı olmadan keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(094)-291/2021 nömrəli icra sənədindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 21 iyun 2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay, hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat aliment sabit pul məbləğində tutularaq iddiaçı X7 ödənilməsi qərar alınmışdır. Binəqədi rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. X1 tərəfindən Binəqədi Rayon İcra şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli şikayət ərizəsindən görünür ki, borclu Şəxs 1400 manat aliment borcu yaranmışdır, həmin borc məbləğinin borclu tərəfindən ödənilməsi üçün zəruri tədbirlər görülməsini xahiş edir. 16247 nömrəli qəbzin surətindən görünür ki, 15 iyul 2022-ci il tarixdə “E-manat” ödəniş sistemi vasitəsi ilə Şəxs tərəfindən zərərçəkmiş şəxs X5 hesabına 350 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(094)-291/2021 nömrəli icra sənədi üzrə yaranmış aliment borcu ödənilməyərək icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında isə Bakı şəhəri Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(094)-291/2021 nömrəli icra vərəqəsi üzrə Şəxs yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş ödəniş qəbzlərinin surətlərindən də görünür ki, borclu tərəfindən hər ay tələbkara 350 manat məbləğinə ödəniş edilmişdir. Borclu məhkəmə iclası zamanı yaranmış aliment borcunun qətnamənin qanuni qüvvəyə mindiyi vaxta qədər olan dövrü əhatə etdiyini, həmin borcun ödənilməsindən boyun qaçırmadığını, bu günkü tarixdə də zərərçəkmiş şəxsə 350 manat məbləğində ödəniş etdiyini, qalan borc məbləğini isə hər ay 20-30 manat olmaqla hissə-hissə ödəyəcəyinə dair izahat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqnda iş üzrə icraat aparılan şəxsin izahatınında göstərdiyi hallar ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, onun tərəfindən zərərçəkmiş şəxsə hər ay 350 manat məbləğində ödəniş edilməsi inzibati xəta haqqında iş üzrə materiallara əlavə edilmiş ödəniş qəbzləri ilə təsdiq olunur. Eyni zamanda xx.xx.2022ci tarixdə 350 manat məbləğində ödəniş edilməsi də, şəxsin qərəzli olaraq icra sənədini üzrsüz səbəbdən icra etməkdən boyun qaçırmadığını təsdiq edir. Beləliklə, borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar