Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2166/2023 26.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 548.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" ASC barəsində İXM-in 548.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, "xxxx" ASC barəsində olan xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli EP ******* saylı inzibati protokol və əlavə edilmiş sənədlərin İXM-nin 18.6-cı maddəsinə əsasən məhkəməyə göndərilməsi göstərilsə də, həmin məcəllənin 18-ci maddəsinin digər tələbləri nəzərə alınmamış və həmin tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasən təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Bununla belə, inzibati xətanın subyektləri fərqli, yəni fiziki, vəzifəli və hüquqi şəxslər olduğundan, bu sahədə qanunvericiliyin ümumi prinsipləri həmin subyektlərin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla realizə olunur. Belə ki, hüquqi şəxs müvafiq psixoloji elementlərə malik olmadığından, onun təqsiri fiziki və vəzifəli şəxslərin təqsirindən fərqlənir. İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarının əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hüquqi şəxsin təqsiri inzibati xətanın törədilməsinin səbəbkarı olan nümayəndəsinin təqsiri ilə eyniləşdirilməsə də, onunla sıx əlaqədardır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. “Arzu etmək”, “şüurlu” kimi kateqoriyalar hüquqi şəxs üçün səciyyəvi olmadığından, inzibati xətanın subyektiv cəhətinin zəruri əlaməti kimi hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin təqsiri ilə əlaqədə müəyyən edilir. Beləliklə, hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Eyni zamanda hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilibedilməməsi məsələsinin həlli zamanı hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Göründüyü kimi İXM-in 18.2-ci maddəsində hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb edilməsinin əsasları və hüquqi şəxslərin inzibati məsuliyyətə cəlb olunmalarının halları göstərilmişdir. İXM.nin 548.2-ci maddəsinin sanksiyasında qeyd edilən inzibati xətanın törədilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilməsi göstərilmişdir. Lakin "xxxx" ASC barəsində İXM-in 548.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda isə niyə vəzifəli şəxs barəsində deyil hüquqi şəxs barəsində birbaşa protokolun tərtib edilməsi, habelə həmin inzibati xətanın hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün konkret olaraq hansı şəxs tərəfindən törədilməsi və bu inzibati xəta ilə hüquqi şəxsin xeyrinin və ya maraqlarının qorunmasının nədə ifadə olunması göstərilməmiş, bu barədə hər hansı sübut protokola əlavə edilməmişdir. İXM-nin 8-ci maddəsində nəzərdə tutulmuş “Təqsirsizlik prezumpsiyası prinsipinə” əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd edilən maddənin mənasına görə inzibati xəta tərətmiş şəxsin (fiziki, vəzifəli və ya hüquqi şəxsin) təqsirini sübut etmək vəzifəsi protokol tərtib edən orqanın (səlahiyyətli şəxsin) vəzifəsidir. Lakin hazırkı halda tərtib edilmiş protokolda niyə məhz hüquqi şəxsin barəsində protokolun tərtib edilməsi, hüquqi şəxsin yuxarıda qeyd edilənlərə əsasən təqsirinin nə olması, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar göstərilməmişdir. İş materiallarından müəyyən edilir ki, "xxxx" ASC-nin səhmdarı X2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankına ərizə ilə müraciət edərək bir neçə illərdir ki, səhmdarların ümumi yığıncağının keçirilməməsini, kütləvi informasiya vasitələrində elanın verilməməsini, mənfəətin bölüşdürülməməsini bildirərək, qanunvericiliyə uyğun təqdbirlərin görülməsini xahiş etmişdir. Mərkəzi Bank tərəfindən də həmin halların araşdırılması üçün xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla səhmdar cəmiyyətə müraciət edərək lazım sənədlərin təqdim edilməsi tələb edilsə də, lazımi sənədlərin təqdim edilməsəsi göstərilmişdir. X1 ərizəsindən də görünür ki, səhmdar kimi onun hüquqları pozulmuş, cəmiyyətin mənfəətindən divident almamışdır. Səhmdarın hüquqlarını pozan isə cəmiyyətə rəhbərliyi həyata keçirən vəzifəli şəxslər olmuşdur. Lakin tərtib edilmiş protokol isə inzibati xətanı törətmiş vəzifəli şəxs barəsində deyil, bir başa hüquqi şəxs barəsində tərtib edilmiş, hüquqi şəxsin həmin inzibati xətanın törədilməsi nəticəsində xeyrinin və ya maraqlarının qorunmasının nədə ifadə olunması müəyyən edilməmişdir. Hüquqi şəxs birbaşa inzibati məsuliyyətə cəlb edildiyi halda tətbiq edilən cərimə həmin inzibati xətanı törətmiş vəzifəli şəxsin vəsaiti hesabına deyil, hüquqi şəxsin vəsaiti hesabına ödənilməlidir ki, bu da yenidən səhmdar cəmiyyətin səhmdarlarının almalı olduğu dividentin azalması və səhmdarların hüququnun yenidən pozulması ilə nəticələnəcəkdir. Bu səbəbdən də, inzibati xəta haqqında protokol həmin inzibati xətanı törətmiş səhmdar cəmiyyətin vəzifəli şəxsi barəsində tərtib edilməli, həmin inzibati xəta nəticəsində hüquqi şəxsin xeyrinin olması və ya onun maraqlarının qorunması ilə nəticələnməsi sübut olunarsa həmin hüquqi şəxsin də barəsində protokol tərtib edilməlidir. Lakin hazırkı halda törədilmiş inzibati xəta ilə hüquqi şəxsin xeyirinin və ya maraqlarının qorunması barədə hər hansı hal müəyyən edilmir və iş materiallarına bunu təsdiq edən sübutlar əlavə edilməmişdir. İXM-nin 100.1.10-cü maddəsinə əsasən İnzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilməlidir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Bununla da, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, "xxxx" ASC barəsində İXM-in 548.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən iş materialları ilə birlikdə geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: "xxxx" ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2166/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2166/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver