Məhkəmə qərarları › İş №3(001)-2173/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2173/2023

14.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2173/2023 14.06.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən İXM-in 329.3 və 333.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxış edərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, 16 may 2023-cü il tarixdə dostları ilə birgə restoranda yemək yemiş və bir qədər də spirtli içki qəbul etmişdir. Bundan sonra sərxoş vəziyyətdə avtomobili idarə etməsin deyə, ayıq sürücü xidmətindən istifadə etmiş və həmin ayıq sürücü onu yaşadığı ünvana gətirmiş, avtomobili yaşadığı evin qarşısında saxlamışdır. Ayıq sürücü ilə sağollaşmış, onun xidmət haqqının 8 manat olmasına baxmayaraq, ayıq sürücüyə 10 manat pul vermişdir. Ayıq sürücü oradan uzaqlaşdıqdan təxminən bir-iki dəqiqə keçdikdən sonra yol polisi əməkdaşlarının avtomobilinin yaxınlaşdığını görmüşdür. Yol polisi əməkdaşları onu ilk olaraq sayrışan işıq siqnallarından düzgün istifadə etmədiyi üçün saxladıqlarını bildirmişlər, daha sonra isə onun spirtli içkidən istifadə etdiyini bildirmişlər. O etiraz etmiş, avtomobili idarə etmədiyini, ayıq sürücünün idarə etdiyini bildirmişdir. Lakin, buna baxmayaraq, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin vaxt yaşadığı küçədə qonşusu da olmuşdur və o da avtomobili onun yox ayıq sürücünün idarə etdiyini görmüşdür. Məhkəmənin 06 iyun 2023-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şifahi vəsatətlə müraciət edərək həmin vaxt küçədə olmuş qonşusunun və ayıq sürücünün məhkəmə iclasında iştiraklarının təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş şifahi vəsatət təmin edilmiş, məhkəmə iclası 07 iyun 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmənin 07 iyun 2023-cü il tarixli iclasında şahid X4 izahat verərək bildirmişdir ki, 16 may 2023-cü il tarixdə ona ayıq sürücü kimi sifariş gəlmiş, o da əvvəldən tanımadığı İlqar adlı şəxsi restorandan götürüb yaşadığı evə gətirmişdir. İlqar yaşadığı küçəyə daxil olduqdan sonra o, avtomobili saxlamış, İlqar ona xidmət haqqını vermişdir. O da növbəti sifarişə çatması üçün İlqarın avtomobilindən düşüb getmişdir. İlqarın evinin olduğu küçədən çıxanda yol polisi avtomobilinin sayrışan işıqlarını görmüş, lakin həmin avtomobilin hara getdiyini bilməmişdir. Sonradan ona işlədiyi şirkətdən İlqar barəsində yol polisi əməkdaşları tərəfindən sərxoş halda avtomobil idarə etdiyindən protokol tərtib edildiyini bildirmişdir. Məhkəmənin 07 iyun 2023-cü il tarixli iclasında şahid X1 izahat verərək bildirmişdir ki, onlar artıq uzun müddətdir ki, Şəxs ilə qonşuluqda yaşayırlar. 16 may 2023-cü il tarixdə evdə olan zaman o küçədən səs-küy gəldiyini eşitmiş, nə baş verdiyini bilmək üçün küçəyə çıxmışdır. Bu zaman İlqarın yol polisi əməkdaşları ilə mübahisə etdiyini görmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər DYPİ Yol patrul xidmətinin inspektoru polis baş serjantı X3 rəsmi qaydada məlumat verilməsinə, eyni zamanda istifadəsində olan mobil nömrəsinə “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə “sms bildiriş” göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin 07 iyun 2023-cü il tarixə təxirə salınmış məhkəmə iclası inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər DYPİ Yol patrul xidmətinin inspektoru polis baş serjantı X2 məhkəmə iclasında iştirakını təmin etmək məqsədi ilə 14 iyun 2023-cü il tarixə təxirə salınmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər DYPİ Yol patrul xidmətinin inspektoru polis baş serjantı X5 məhkəmə iclasında iştirak etməsə də, məhkəmənin şifahi sorğusu əsasında baş vermiş hadisənin görüntülərini əks etdirən videogörüntülər məhkəməyə təqdim edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər DYPİ Yol patrul xidmətinin inspektoru polis baş serjantı X2 iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli, 2/12293 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, “Vaz 21074” minik markalı, ** LS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Siqnal” İLİİ-nin 7 saylı mühafizə olunan duracağa yerləşdirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə işıq cihazlarından istifadə qaydalarını pozmuş və nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında təqdim edilmiş görüntüyə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə baxış keçirilmiş və yol polisi əməkdaşı Şəxs “avtomobili niyə içkili vəziyyətdə” idarə etməsi barədə iradını bildirmiş, “dar küçədir, qabaqda gələn maşını az qala sürtmüşdün” bildirmiş, Şəxs onu ayıq sürücün satmasını bildirmiş, öz yaşadığı məhlədə avtomobili idarə etdiyini bildirmişdir, Yol polisi əməkdaşı “ayıq sürücünü çağırmışdın, ağlın olardı sürməzdin” deyə bildirməsi müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır, lakin İXM-in 329.3-cü maddəsi ilə araşdırmanın aparılması Bakı şəhər BPİ X9 İdarəsinə həvalə olunmalıdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, Şəxs törətməsi ehtimal edilən İXM-in 329.3cü maddəsi ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə məhkəmə araşdırmasının aparılması qanunvericiliyin tələblərinə ziddir. Bununla yanaşı, iki və ya daha çox inzibati xəta törətmiş şəxs barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbehin tətbiq edilməsinə dair qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə İXM-in 329.3-cü maddəsi ilə araşdırmanın aparılması Bakı şəhər BPİ X9 İdarəsinə həvalə olunması qənaətinə gəlmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarından da göründüyü kimi, Şəxs xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi faktı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə sübuta yetirilmişdir. Belə ki, müayinə nəticəsində Şəxs alkoqolun konsentrasiyasının 0,763 promilli olması müəyyən edilmişdir. Bundan əlavə məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdə də Şəxs içkili halda avtomobil idarə etməsi öz təsdiqini tapmışdır. Beləliklə, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 333.1-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbehin təyin edilməli, İXM-in 329.3cü maddəsi ilə olan xətaya münasibət bildirmək məhkəmənin səlahiyyətinə aid olmadığından, həmin maddə üzrə araşdırmanın aparılması Bakı şəhər BPİ X9 İdarəsinə həvalə olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair hissəsi üzrə araşdırmanın aparılması Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar