Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2188/2024 09.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X1 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 233.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 233.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Həmin protokola əsasən Şəxs tabeliyində olan modul tipli çirkab sutəmizləyici qurğulardan keçərək Xəzər dənizinə axıdılan tullantı sularının tərkibində zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq idarəsinin əməkdaşları tərəfindən keçirilmiş ekoloji monitorinqin nəticələri haqqında xx.xx.2024-cü il tarixli informasiya bülletenində Şəxs tabeliyində olan modul tipli çirkab sutəmizləyici qurğuların çıxışlarından götürülmüş nümunələrdə zərərli maddələrin miqdarının yol verilə bilən həddən artıq olduğu qeyd edilmişdir. Qeyd edilənlərlə bağlı Şəxs direktoru Eldar Məmmədovun iştirakı ilə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılmış və akt tərtib edilmişdir. Aparılmış araşdırma zamanı aşkar edilmiş nöqsanlar Eldar Məmmədovun nəzərinə çatdırılmışdır. Aşkar edilmiş nöqsanlarla bağlı Şəxs barəsində İXM-in 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X7 tərtib edilmiş aktı və xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X3 bildirmişdir ki, Şəxs MMC modul tipli təmizləyici qurğularla tullantı sularının təmizləndikdən sonra dənizə axıdılması ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq idarəsinin əməkdaşları Şəxs MMC-nin tabeliyində olan təmizləyici qurğulardan nümunələr götürmüşdür. Bundan əlavə həmin tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri tərəfindən də Şəxs MMC-nin tabeliyində olan təmizləyici qurğulardan nümunələr götürülmüşdür. Bundan sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq idarəsinin əməkdaşları yenidən Şəxs MMC-nin tabeliyində olan təmizləyici qurğuların yerləşdiyi əraziyə gəlmiş, bu dəfə çirkab suların toplandığı şambolardan və çirkab suların təmizləyici qurğuya daxil olduğu borularda olan sulardan nümunələr götürmüşlər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq idarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə götürülən nümunələr deyil, xx.xx.2024-cü il tarixdə götürülmüş nümunələr analiz üçün "xxxx" MMC-yə gödərilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə götürülmüş nümunələrdə heç bir zərərli maddə aşkar edilmədiyi halda, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq idarəsinin əməkdaşları tərəfindən tullantı sularının toplandığı şambodan götürülmüş nümunələrdə zərərli maddələr aşkar edilmişdir. Bununla da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində əsassız olaraq İXM-in 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılmış araşdırma və tərtib edilmiş protokol əsassız və qərəzli olduğundan tərtib edilmiş akt və protokol onun tərəfindən imzalanmamışdır. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 233.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 001502 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq idarəsinin əməkdaşları tərəfindən aparılmış monitorinq zamanı Şəxs tabeliyində modul tipli çirkab su təmizləyici qurğularda bir sıra nöqsanlar aşkar edilmiş, su nümunələri götürülmüşdür. xx.xx.2024-cü il tarixli aktdan və "xxxx" MMC tərəfindən aparılmış analizin nəticələridən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq idarəsinin əməkdaşları tərəfindən Şəxs tabeliyində modul tipli çirkab su təmizləyici qurğulardan nümunələr götürülmüş, nümunələrdə zərərli maddələrin miqdarının normadan artıq olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli analiz nəticələrinə dair hesabatdan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs tabeliyində modul tipli çirkab su təmizləyici qurğulardan götürülmüş nümunələrdə zərərli maddələr aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tabeliyində olan modul tipli çirkab sutəmizləyici qurğulardan keçərək Xəzər dənizinə axıdılan tullantı sularının tərkibində zərərli maddələrin miqdari yol verilə bilən normativlərdən artıq olduğundan Şəxs MMC-nin barəsində İXM-in 233.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs əməlində İXM-in 233.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs tabeliyində olan modul tipli çirkab sutəmizləyici qurğulardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X5 Monitorinq idarəsinin əməkdaşları tərəfindən 19 yanvar və 22 yanvar 2024-cü il tarixlərdə nümunələr götürülsə həmin nümunələrdən ancaq 22 yanvar 2024-cü il tarixdə götürülənlər analiz üçün "xxxx" MMC-yə göndərilmişdir. Bundan əlavə 19 yanvar 2024-cü il tarixdə "xxxx" MMC tərəfindən Şəxs tabeliyində olan modul tipli çirkab sutəmizləyici qurğulardan nümunələr götürülmüşdür. 19 yanvar 2024-cü il tarixdə götürülmüş nümunələrdə zərərli maddələr aşkar olunmadığı halda 22 yanvar 2024-cü il tarixdə götürülmüş nümunələrdə zərərli maddələr aşkar edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli 001502 nömrəli aktda götürülmüş nümunələrin analiz üçün "xxxx" MMC-yə göndərildiyi qeyd edilsə də, iş materiallarına həmin nümunələrin analiz nəticələri əlavə edilməmiş, xx.xx.2024-cü il tarixdə götürülmüş nümunələrin analiz nəticələri əlavə edilmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən Şəxs MMC-nin tabeliyində olan modul tipli çirkab sutəmizləyici qurğulardan nümunələrdə zərərli maddələr aşkar edilməmişdir. Yuxarıda göstərilənlər təhlil edilərək belə nəticəyə gəlinir ki, inzibati xəta haqqında iş üzrə materiallarında Şəxs tərəfindən İXM-in 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı ziddiyyətli məqamlar mövcuddur ki, həmin ziddiyyətli məqamlar Şəxs xeyrinə təfsir edilməldir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə- vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Odur ki, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs İXM-in 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 233.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-2188/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2188/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver