Məhkəmə qərarları › İş №3(001)-2188/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2188/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2188/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə rəisi, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxıb, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB tərəfindən tərtib olunmuş 03 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin sahə rəisi, polis baş leytenantı X3 izahat verərək bildirmişdir ki, polis əməkdaşları xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal küçəsində yerləşən “Füzuli” marketin qarşısında 2 nəfər şəxsin qeyri-adekvat halda olduğunu görüb onlara yaxınlaşaraq bölməyə dəvət etmişdir. Bu zaman onlar polisin qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmiş, polisə fiziki müqavimət göstərmişlər. Daha sonra həmin şəxslər bölməyə təmin olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli, 1789 nömrəli rəyinə əsasən Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi və məcburi müalicəyə ehtiyacı olması aşkar edilmişdir. Bundan sonra bölmənin inzibati binasında şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək əməlindən peşman olduğunu, bir daha bu kimi əməllər törətməyəcəyini, həmçinin himayəsində xəstə valideynlərinin olmasını və ailənin yeganə qazanc mənbəyi olmasını nəzərə alaraq, barəsində daha yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, AZA 015237 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün, saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli, AZA 007902 nömrəli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs üzərindən qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 xx.xx.2025-ci il tarixli, 1789 nömrəli rəyindən görünür ki, Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİ-nin 7-ci PB tərəfindən İXM-in 206 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi etiraf edici izahatı ilə onun İXM-in 206 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində xəstə valideynlərinin olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə 300 manatdan 400 manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300(üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar