Məhkəmə qərarları › İş №3(001)-219/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-219/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-219/2023 11.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şəki rayonu, Suçma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Suçma ərazi dairəsi, Suçma kəndində qeydiyyatda olan və yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 334.1 və 334.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 334.1 və 334.3-cü maddələri ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinin Yol-nəqliyyat hadisələri üzrə şöbəsinin inspektoru, polis mayoru X2 izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 08:50-də “MERCEDES BENZ E270 CDİ minik” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs Z.Bünyadov prospekti istiqamətində Eldar Babayev küçəsi ilə “Yeganə” şadlıq evi istiqamətində gedərkən idarə etməni itirərək yolun sağ kənarına çıxaraq sağda dayanan “MERCEDES” markalı ** UU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və digər “FORD” markalı ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vuraraq hadisə yerindən yayınmışdır. Lakin həmin avtomobilin sürücüsü Azadlıq prospektində saxlanılmışdır. Saxlanılan zaman həmin şəxsin Şəxs olduğu və nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməsi müəyyən edilmişdir. Nəticədə sürücü Şəxs barəsində İXM-in 334.1 və 334.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 08:50-də “MERCEDES BENZ E270 CDİ minik” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Z. Bünyadov prospekti istiqamətində Eldar Babayev küçəsi ilə “Yeganə” şadlıq evi istiqamətində gedərkən idarə etməni itirərək yolun sağ kənarına çıxaraq sağda dayanan “MERCEDES” markalı ** UU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və digər “FORD” markalı ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vuraraq hadisə yerindən yayınmış, onu Azadlıq prospektində saxlamışdılar. Qeyd edilən avtomobil “Dünyamalı” adlı şəxsə aiddir və onun təmizlənməsi üçün ona vermişdir. Eyni zamanda o, nəqliyyat vasitəsini idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır və məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “MERCEDES BENZ E270 CDİ minik” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Eldar Babayev küçəsi ilə “Yeganə” şadlıq evi istiqamətində gedərkən idarə etməni itirərək yolun sağ kənarına çıxaraq sağda dayanan “MERCEDES” markalı ** UU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və digər “FORD” markalı ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vurmuş və həmin nəqliyyat vasitələrinə zərər dəymişdir. xx.xx.2022-ci il tarixli, 2/36816 nömrəli aktı ilə tərtib edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır. xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “MERCEDES BENZ E270 CDİ minik” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs İXM-in 334.1 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş etibarnamələrin surətindən görünür ki, MERCEDES BENZ E270 CDİ minik” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs məxsus deyildir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməli düzgün olaraq İXM-in 334.1 və 334.3-cü maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar