Məhkəmə qərarları › İş №3(001)-2190/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2190/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2190/2023 26.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Yardımlı rayonu, Şəfəqli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbsi, Motodrom dairəsi ərazisində nömrəsiz evdə yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(007)-2222/2010 saylı icra sənədinə əsasən Şəxs 35000 (otuz beş min) ABŞ dolları məbləğində vəsaitin tutularaq Həsənov X3 ödənilməlidir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 8(007)- 129/2011 saylı qərardadına əsasən qeyd edilən borcun hər ay 500 (beş yüz) ABŞ dolları olmaqla hissə-hissə ödənilməsi qət edilmişdir. xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(007)-2222/2010 saylı icra sənədinə əsasən icraata başlanmış və həmin tarixdə Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Şəxs mülkiyyətində olan daşınmaz əmlak və bank hesablarında olan vəsaiti barədə müvafiq sorğular verilmiş, lakin Şəxs adına hər hansı bir bank hesabı və yaxud daşınmaz əmlak müəyyən edilməmişdir. Hazırda Şəxs tərəfindən qeyd edilən 35000 (otuz beş min) ABŞ dolları miqdarında borcdan 19236 (on doqquz min iki yüz otuz altı) ABŞ dolları ödənilməməkdədir. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(007)-2222/2010 saylı qətnaməsinə əsasən 35000 (otuz beş min) ABŞ dolları məbləğində vəsait tərəfindən Həsənov X3 ödənilməlidir. O, məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq boyun qaçırmır, ürək xəstəsi olması səbəbindən hər hansı bir yerdə işləmir, buna görə də qeyd edilən öhdəliyini icra edə bilmir. Halbuki Həsənov X3 2015-ci ilin noyabr ayınadək 17000 ABŞ dolları məbləğində pul ödəmişdir. Lakin devalvasiya səbəbi ilə ABŞ dollarının dəyəri yüksəldiyindən eyni məbləğdə ödəniş edə bilməmiş, sonrasına hər ay 100 manat olmaqla 1300 manat ödəniş etmişdir. Odur ki, məhkəmədən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən ona verilmiş suallara cavab olaraq açıq ürək əməliyyatı keçirdiyini, səhhətində olan problemlər səbəbi ilə heç bir yerdə işləyə bilmədiyini, məşğulluq orqanında işsiz kimi qeydiyyatı alınması ilə bağlı olan sənədi məhkəməyə təqdim edə bilmədiyini bildirmişdir. Əlavə olaraq adına olan 10FS365 dövlət qeydiyyat nişanlı, “Qaz 32212 Yük” markalı və 90CH524 dövlət qeydiyyat nişanlı, “Mercedes C180 Minik” markalı nəqliyyat vasitələrinin hazırda ona məxsus olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(007)-2222/2010 saylı icra sənədindən görünür ki, Şəxs 35000 (otuz beş min) ABŞ dolları məbləğində vəsaitin tutularaq Həsənov X3 ödənilməlidir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 8(007)-129/2011 saylı qərardadından görünür ki, Şəxs tutularaq Həsənov X3 ödənilməli olan 35000 (otuz beş min) ABŞ dolları məbləğində vəsaitin hər ay 500 (beş yüz) ABŞ dolları olmaqla hissəhissə ödənilməsi qət edilmişdir. xx.xx.2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(007)-2222/2010 saylı icra sənədinə əsasən icraata başlanılmışdır. xx.xx.2017-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(007)-2222/2010 saylı icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icrası təklif edilmişdir. xx.xx.2017-ci il tarixdə Şəxs bildirişin surətini imzalayaraq təhvil almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli, **********35 nömrəli məktubundan görünür ki, Şəxs adına Bakı şəhərində qeydiyyatdan keçmiş əmlak aşkar olunmamışdır. Şəxs “Əmlak və gəlir məlumatları barədə” çıxarışdan görünür ki, Şəxs adına 10FS365 dövlət qeydiyyat nişanlı, “Qaz 32212 Yük” markalı və 90CH524 dövlət qeydiyyat nişanlı, “Mercedes C180 Minik” markalı nəqliyyat vasitələri mövcuddur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinmiş və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. “Kapital Bank” Asc-yə aid qəbzlərdən görünür ki, Şəxs tərəfindən xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müvafiq olaraq 200 manat ümümilikdə 400 manat, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə 100 manat olmaqla ümumilikdə 900 manat ödəniş etmişdir. “Kapital Bank” Asc-yə aid qəbzdən görünür ki, Şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh tədbiri üzrə xx.xx.2022-ci il tarixdə 500 manat inzibati cəriməni ödəmişdir. xx.xx.2023-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(007)- 2222/2010 saylı icra sənədi üzrə Həsənov X3 ödənilməmiş 19236 (on doqquz min iki yüz otuz altı) ABŞ dolları borcu vardır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 8(007)-129/2011 saylı qərardadı ilə Şəxs borcunun hər ay 500 (beş yüz) ABŞ dolları olmaqla hissə-hissə ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(007)-2222/2010 saylı icra sənədi üzrə məhkəmə qətnaməsini icra etmədiyindən 500 manat inzibati cərimə edilmişdir. Məhkəmənin mövqeyi bundan ibarətdir ki, Nizami rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli, 8(007)-129/2011 saylı qərardadına əsasən Şəxs hər ay Həsənov X3 500 ABŞ dolları məbləğində ödəniş etməli olduğu halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aylıq 100 manat ödəniş etməyi məhkəmə qətnaməsinin icrasından qərəzli olaraq yayınma kimi qiymətləndirilməlidir. Belə ki, Şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati tənbeh edilməsinə baxmayaraq cəmi 2 dəfə 200 manat ödəmiş, daha sonra ayda 100 manat ödəniş etmişdir. Bəzi aylar isə ümumiyyətlə ödəniş etməmişdir. Qeyd edilməlidir ki, Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilindikdən sonra barəsində tətbiq edilmiş, 500 manat inzibati cərimə tənbeh tədbirini xx.xx.2022-ci il tarixdə tam şəkildə ödəmiş, həmçinin həmin ay Həsənov X3 ödənilməli olan məbləğdən ümumilikdə 400 manat ödəniş etmişdir. Lakin Şəxs növbəti aylarda Həsənov X3 ödənilməli olan borcundan qeyrimütəmadi şəkildə aylıq cəmi 100 manat ödəniş edərək borcundan etdiyi ödənişləri müəyyən miqdarda belə artırmağa cəhd etməmişdir. Odur ki, məhkəmə Şəxs aylıq 100 manat ödəniş etməsini, sonuncunun formal olaraq məhkəmə qətnaməsinin icrasından boyun qaçırmaması görüntüsü yaratmaq niyyəti kimi qiymətləndirərək onun inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borc ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin Binəqədi rayon Məhkəməsinin 3(001)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə olunduğu halda, yenidən eyni miqdarda cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxs törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növünün yuxarı həddində tənbeh edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ona inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar