Məhkəmə qərarları › İş №3(001)-2191/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2191/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2191/2025 03.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 4 yetkinlik yaşına çatmayan uşağı olan, ikinci dərəcə əlilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 227-ci maddəsi ilə tərtib edilmiş 03 aprel 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X5 tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə 03 aprel 2025-ci il tarixli, MN ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilərək, baxılması üçün həmin tarixdə məhkəməyə göndərilmişdir. İXM-nin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq cinayət məsuliyyətinə səbəb olmadığı halda həmin maddə üzrə inzibati məsuliyyət yaradır. Tərtib edilmiş protokol onunla əsaslandırılmışdır ki, Şəxs 22 fevral 2025-ci il tarixdə Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən “Tac” şadlıq sarayında vətəndaş X2 məxsus 01 ədəd “Samsung A24” və 01 ədəd “RedMi Note 10S” markalı mobil telefonları oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X5 izahatında göstərdi ki, zərərçəkmiş şəxsin müraciəti əsasında 5-ci Polis Bölməsinin təhqiqat şöbəsində araşdırma aparılmış, 03 mart 2025-ci il tarixdə əməldə cinayət tərkibi olmadığından, xırda talama əməlini törətmiş şəxsin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Mobil telefonun istifadəsi ilə bağlı müvafiq operatordan əldə edilmiş məlumatlarla telefonlardan birinin Şəxs istifadə etdiyi müəyyən edilmiş, şəxs Polis Bölməsinə dəvət edilərək, izahatı alınmış, bu zaman o, telefonlardan birini oğurladığını etiraf etsə də, digər telefon barədə eyni məzmunlu izahat verməmişdir. Şəxs 22 fevral 2025-ci il tarixdə “Tac” şadlıq sarayında müğənni kimi fəaliyyət göstərən zaman X1 musiqi sifarişi ilə bağlı “RedMi Note 10S” telefonunu ona verdiyini, daha sonra həmin telefonu sahibinə qaytarmayaraq özündə saxladığını, bir neçə gün sonra isə satıb, pulunu şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. Buna görə də, şəxs barəsində hazırki protokol tərtib edilmişdir. Sonda V.H.Hüseynov Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında göstərdi ki, o, 22 fevral 2025-ci il tarixdə “Tac” şadlıq sarayında tədbirdə olarkən özümə məxsus “RedMi Note 10S” və “Samsung A24” markalı mobil telefonları əyləşdiyi masanın üzərinə qoymuş, bir müddət sonra telefonlarının yerində olmadığını görmüşdür. Telefonlarının itməsi barədə şadlıq sarayının müdiyyətinə müraciət etsə də, nəticə əldə olunmadığından polisə müraciət etməli olmuşdur. Telefonunun hər birinin dəyəri təxminən 250 manat olmuşdur. Hal-hazırda oğurlanmış telefonlarının dəyərinin ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında göstərdi ki, həqiqətən də 22 fevral 2025-ci il tarixdə “Tac” şadlıq sarayında müğənni kimi fəaliyyət göstərən zaman X4 musiqi sifarişi ilə bağlı “RedMi Note 10S” telefonunu ona vermək, daha sonra o, telefonu qaytarmayaraq özündə saxlamışdır. Bir neçə gün telefonu özündə saxlasa da, sonradan maddi ehtiyacı səbəbi ilə onu 70 manata tanımadığı şəxsə satmışdır. H.Quluzadənin oğurlandığını bildirdiyi “Samsung A24” markalı mobil telefonu ümumiyyətlə görməmişdir. Buna baxmayaraq, hər 2 telefonun dəyərini ödəməyə hazırdır. Sonda Şəxs əməlini səmimi etiraf etməsinin, əməlindən peşmanlıq hissi keçirməsinin, himayəsində 4 yetkinlik yaşına çatmayan uşağının olmasının və ikinci qrup əlil olmasının məhkəmə tərəfindən nəzərə alınaraq, ona yüngül cəza təyin olunmasını xahiş etdi. İş materiallarında olan, Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş 03 mart 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, bəhs edilən hadisə cinayət hadisəsi olmadığından, cinayət işinin başlanması rədd edilmiş, hadisəni törədən naməlum şəxs və ya şəxslərin müəyyən edilərək İXM-nin 227-ci maddəsi, yəni xırda talama ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilmələri və barələrində inzibati tənbeh tədbirləri görülməsi üçün qəbul edilmiş qərarın surətinin icra olunmasından ötrü Binəqədi RPİ-nin 5-ci PB-yə təqdim edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Şəxs 01 aprel 2025-ci il tarixdə, saat 18:10-da inzibati qaydada tutulmuşdur. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, Şəxs himayəsində 4 yetkinlik yaşına çatmayan uşağı vardır. Həmçinin, iş materiallarında olan 006334 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs ikinci dərəcəli əlildir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, Şəxs əməlində İXM-nin 227-ci maddəsində göstərilən inzibati xətanın bütün tərkib əlamətləri mövcud olduğundan, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və inzibati tənbeh edilməlidir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmanlıq hissi keçirməsini və himayəsində 4 yetkinlik yaşına çatmayan uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, İXM-nin 227-ci maddəsinin sanksiyasında yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya üç ayadək müddətə inzibati həbs növündə inzibati tənbeh tədbirləri nəzərdə tutulmuşdur. Lakin, İXM-nin 30.2-ci maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Eyni zamanda, həmin Məcəllənin 28.4.1-ci maddəsinə əsasən, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ictimai işlər növündə tənbeh tətbiq edilə bilməz. İXM-nin 34-1-ci maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Qanunvericiliyin göstərilən tələbləri nəzərə alınmaqla, məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbeh əvəzinə 200 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34-1-ci maddəsi tətbiq edilməklə 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar