Məhkəmə qərarları › İş №3(001)-2196/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2196/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2196/2022 26.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə iclasında X4 bildirmişdir ki, inzibati tənbeh edilməsinə dair barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan narazıdır. Çünki, xx.xx.2022 tarixdə səhər saat 08:00-da Binəqədi rayonu, Azadlıq prospekti ilə şəhər tərəfdən gəlib, “Hollivud” şadlıq sarayının qarşısından sola dönüb Binəqədi Rayon İcra hakimiyyətinə tərəfə getmək üçün sağ tərəfdən birinci zolaqda durmuşdur. Sağdan hər üç hərəkət zolağı ilə gələn avtomobillər yolda sıxlıq olduğundan YHH qanunun 75.2 bəndinə əsasən yol kəsişməsinə daxil olmamış, digər istiqamətdə hərəkət edən avtomobillərə hərəkətlərinə davam etməyə imkan yaratmışlar. Onun avtomobili yol ayrıcını tərk edərkən sağdan birinci zolaqdan sonra yerləşən 1.16.2 nömrəli üfüqi yol nişanının üzərində hərəkət edən “Toyota Prius” **-PH-*** qeydiyyat nişanlı maşın onun avtomobilini sağ tərəfdən vurmuşdur. Bundan sonra YPX müfəttişi gəlib hadisə yerinə baxış keçirmiş və səhəri gün on protokol tərtib edilmişdir. Bəhs etdiyi yol qəzası “Toyota Prius” avtomobilinin sürücüsün səhvi ucbatından baş vermişdir. Çünki həmin sürücü özündən əvvəlki avtomobillərin dayandığını görüb dayanmamış sağa tərəfdə özü üçün "yeni hərəkət zolağı" açmış bununla da Yol hərəkəti Azərbaycan Respublikası Qanunun 69-cu (Vİİ. Üfiqi nişanlanma xəttinin xüsusiyyəti: 1.1-1.3 xətlərini kəsib keçmək qadağandır) və 75.2-ci (Əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.) maddələrini pozmuşdur. O, isə öz zolağının içində hərəkət etmişdir. Ona görə də, məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli qərarın əsassız hesab edilərək ləğv edilməsi və inzibati xəta haqqında işə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2022-ci il tarixdə saat 08:00-da Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində “Nissan Sunyy” markalı **- MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X4 barəsində Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında toplanmış sübutlardan müəyyən edilmişdir ki, inzibati xəta hadisəsinin baş vermə yeri olaraq göstərilən ərazidəki quraşdırılmış kamera görüntüləri götürülərək baxış keçirilməmiş, kamera görüntüləri əsasında yol-nəqliyyat hadisəsini törətməkdə təqsiri olan aydınlaşdırılmalıdır. Məhkəmənin gəldiyi həmin qənaət iş üzrə təsvir edilmiş və toplanmış sübutlara əsaslanır. Habelə qeyd edilməlidir ki, iş üzrə tam və hərtərəfli araşdırmanın aparılması məqsədi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Habelə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X4 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X4 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar