Məhkəmə qərarları › İş №3(001)-22/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-22/2021

26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-22/2021 26.01.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2020-ci il tarixli, №00100-2329/20 saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC (**********) xx xxxxxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********1336 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilən, Rusiya Federasiyasında fəaliyyət göstərən “Narzan” şirkətindən 7296 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 99TL933/99ZE980 nömrəli nəqliyyat vasitəsilə göndərilmiş malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx xxxxxxx 2020-ci il tarixdə saat 16:15-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan keçirməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin yüklərə dair qısa idxal bəyannaməsini mallar gömrük ərazisinə gətirilənədək elektron formada gömrük orqanına verməmişdir. Nəticə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə İdarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Məhkəmə prosesində Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, inzibati xətanın törədilməsində onların heç bir təqsirləri yoxdur. Belə ki, ölkədə Vətən Müharibəsi ilə əlaqədar internet resursları işləmədiyi üçün onlar qısa idxal bəyənnaməsini verə bilməmişlər. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli №00100-2329/20 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə sorğu-sual zamanı bildirmişdir ki, şirkətin ünvanına Rusiya Federasiyasında fəaliyyət göstərən “Narzan” şirkətindən göndərilmiş yükləri daşıyan 99TL933/99ZE980 nömrəli nəqliyyat vasitəsi, sərhədi keçənədək gömrük orqanına qısa idxal bəyannaməsi verilməmişdir. Buna səbəb isə göndərən şirkət sənədləri onlara vaxtında göndərməmiş, buna görə də qısa idxal bəyannaməsi yaza bilməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin rəisi, gömrük xidməti mayoru Kamran Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru X3 ünvanlanan xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin adına xx.xx.2020ci il tarixində 99TL933/99ZE980 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və **********1336 sorğu nömrəli GB ilə bəyan edilmiş mallara dair Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, xx xxxxxxxx 2020-ci il tarixdən başlanılıb 44 gün davam edən Vətən Müharibəsi ilə əlaqədar Azərbaycan Respublikasında internet informasiya resurslarına məhdudiyyətlərin qoyulması ilə əlaqədar törədilmiş inzibati xətada Şəxs MMC-nin təqsiri olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Hesab edirəm ki, inzibati xəta haqqında materialda olan sübutlarla Şəxs MMC əməlində qəsdlə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərinin pozulması halı olmadığından iş üzrə inzibati xəta haqqında protokol üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131, 485.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, №00100-2329/20 saylı inzibati xəta haqqında protokol üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar