Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-22/2023 11.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Hüseynov Xəyal Nemət oğlunun katibliyi, X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin baş məsləhətçisi-sektor müdiri vəzifəsini müvəqqəti icra edən Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin MN ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin MN ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin inzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli inzibati t’nbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi üzrə vəzifəli şəxs qismində 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Sözügedən qərarı rəsmi şəkildə qeyd verməklə 30 sentyabr 2022-ci ildə əlbəəl qəbul edərək aidiyyəti qaydada yuxarı səlahiyyətli orqana, yəni İqtisadiyyat Nazirliyinə 08 oktyabr 2022-ci il tarixində şikayət vermişdir. Şikayəti üzrə xx.xx.2022-ci il tarixində görüş təyin edilmiş, səlahiyyətli nümayəndəsi işin əsl hallarını, sübutları təqdim etmişdir. İclasda iştirak edənlər başa düşdüklərini, əsaslı şikayətin nəzərə alınacağını bildirmişlər və əlavə olaraq bildirmişlər ki, düzgün olması üçün şikayətçi tərəfi də çağırıb dinləyək ondan sonra ona məlumat veriləcəkdir. İclas zamanı müsbət istiqamətdə fikir bildirdikləri, protokol, qərar qəbul edilən zaman orqan tərəfindən pozuntuya yol verildiyi səbəbindən bu istiqamətdə də addımlar atılacağını bildirdikləri üçün düşünmüşdür ki, iş üzrə qanuni araşdırma aparılmış və əsassız qərar ləğv edilmişdir. Belə ki, keçən müddətdə əlaqə saxlayanda da bildirmişdilər ki, narahat olmayın şikayətiniz həllini tapıb. Lakin, xx.xx.2022-ci il tarixində kuryer zəng edərək məktub olduğunu bildirmiş və həmin məktubu xx.xx.2022-ci il tarixində rəsmi qavdada “Azcargo” dan götürmüşdür. Qərarla tanış olarkən ona məlum olmuşdur ki, İqtisadiyyat Nazirliyi də iş üzrə qanuni araşdırma aparmamış, qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, qərarda özlərini haqlı çıxartmaq üçün əsassız halları yenidən qeyd edərək şikayətin təmin edilmədiyi qənaətinə gəlinmişdir, bildirilir ki, guya o, pozuntunu səmimi etiraf edir və bunu da yüngülləşdirici hal kimi nəzərə alıblar. Lakin, nəzərə alınmalıdır ki, verdiyi etirazmülahizədə, şikayətdə o, özünü verilən tənbeh üzrə təqsirli bilmir. Hətta, qərarda sözügedən əməlin qəsdlə törədilməli olduğunu özləri də etiraf etsələr də, onun əməlində hər hansı qəsdin olduğunu sübut edə bilməmişlər. Yəni onun qanuni şikayətinə formal baxılmış, qanunun norması səhv tətbiq edilmiş və nəticədə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İşin hallarına və Azərbaycan Republikasının müvafiq qanunvericiliklərinin tələblərinə əsasən barəsində tərtib edilmiş MN ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli qanunsuz qərar ləğv edilməli və eləcə də müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Çünki, onun əməlində qeyd olunan maddə üzrə inzibati xəta tərkibi yoxdur və bununla yanaşı sözügedən qərar qanunvericiliyin tələbləri pozulmaqla, yəni iş üzrə heç bir obyektiv araşdırma aparılmadan qəbul edilmişdir. Hazırda ondan şikayətçi olan, sonradan adını X2 bildiyi şəxs mağazaya daxil olaraq 1 ədəd “Nəfis dad pəhriz kəsmiyi 3% 200qr”, 3 ədəd “yumurta”, 1 ədəd “seçmə alma sirkəsi 0,5 lt şüşə” almışdır və ona rəsmi qaydada məhsulun adı, ştrix kodu, miqdarı va qiyməti barəda ödəniş qəbzi verilmişdir. Şəxs məhsulu alıb getdikdən sonra yenidən qayıdaraq aldığı “Nəfis dad pəhriz kəsmiyi 3 % 200 qr”, məhsulun qiymətinin nə üçün 1.10 azn olduğunu, vitrində 0.90 azn yazıldığını bildirdi. Ona izah olunanda ki, aldığı məhsul sistemda 1.10 manat alaraq qeyd edilib, dediyi qiymətə hazırda məhsul yoxdur va müştəriyə onun aldadılmadığı həmin qiymətə hazırda satışda malın olmadığı, əgər narazıdırsa o zaman məhsulu qaytara biləcəyi deyilsə də səs-küy edərək, kobud danışaraq çıxıb getmişdir. Daha sonra məlum olmuşdur ki, həmin şəxs əsassız olaraq şikayat etmiş və iş üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş üzrə araşdırmanın qeyri-obyektiv şəkildə aparıldığını və qəbul edilmiş protokolun isə qanunvericiliyin tələblərinə zidd şəkildə tərtib edildiyini aşağıda qeyd etdiyi nüanslar bir daha təsdiq edir. MN ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarda qeyd olunur ki, “Nəfis dad 3 % 200 gr” pəhriz kəsmiyi üzərində göstərilən qiymətdən baha satılmışdır, nəticədə X6 tərəfindən AR İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. AR İXM-nin 447.0.1-ci maddəsinə əsasən X6 malın hesabına dair istehlakçının aldadılmasına görə 1500 (min beş yüz) manat məbləğdə cərimə edilsin. Birincisi, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tələbi ilə təqsirli bilinməyi üçün həmin hissədə qeyd edilmiş dispozisiya təsdiqini tapmalı, yəni aldatma faktı olmalı idi. Yuxarıda işin halları hissəsində qeyd etdiyi kimi hansısa aldatma halı baş verməmişdir. İkincisi, onun sözügedən maddə ilə təqsirli bilinməyi üçün qəsd olmalıdır. Çünki, qanunvericilikdə birbaşa təsbitini tapıb ki, “İstehlakçıların hüquqlarının pozulması” ilə bağlı inzibati xəta subyektiv cəhətdən qəsdlə törədilir. İşin hallarından açıq-aydın görünür ki, onun əməlində tətbiq edilmiş maddə üzrə subyektiv cəhət, yəni qəsd mövcud olmamışdır. Həm də ki, mal üzrə satış qiymətinin rəsmi qaydada elektron sistemə yüklənilməsi və həmin sistem üzrə satış aparılması, ödəniş qəbzinin edilməsi, əlavə müdaxilənin isə yolverilməzliyi qəsdin olmadığına bariz nümunədir. Belə olan halda mövcud situasiyanı əsassız yerə qəsd kimi qiymətləndirmək qanunvericiliyin, təqsirsizlik prezumpsiyası prinsipinin tələblərinin və sahibkarlıq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu günə kimi hər hansı müştəri ilə aralarında bu kimi və yaxud buna bənzər hansısa digər problem yaranmamışdır. Hazırkı vəziyyətdə isə müştəriyə qarşı hər hansı aldadılma faktının olmaması, qiymətin məhz tədarükçü şirkət tərəfindən qaldırıldığı səbəbindən satış qiymətinin də qaldırıldığı və bunun da rəsmi qaydada sistemə işlənildiyi, sənədlərlə, faktlarla təsbitini tapdığı, müştəriyə isə razı olmadığı halda məhsulu geri qaytarmaq imkanının olması izah edilmişdir. Həmin müştəri əvvəllər də, yəni qiymət dəyişimindən sonra məhsul almış, lakin hər hansı mübahisə etməmişdir. Lakin, hazırda əsassız yerə bu cür şikayət etməsi xoşagəlməz haldır. Bir daha qeyd edir ki, bir halda ki satış kassa aparatı ilə edilirsə, hər an, hər dəqiqə qiymətə müdaxilə edilməsi mümkün olan hal deyilsə, yəni əsas çekə vurulan qiymətdə, məhsulun ştrix kodu ilə müəyyənləşdirilmiş qiymətdə aldadılma yoxdursa o zaman hansı inzibati xətadan söz gedə bilər ki? Əgər hazırki dövrdə satışıın rəsmi qeydə alınmış kassa aparatı ilə edilməsi müəyyənləşdirilibsə və satışlar da həmin sistemə yüklənmiş qiymət cədvəli ilə həyata keçirilirsə o zaman burada aldatma haradadır? Hazırki iş üzrə aidiyyəti olmayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tətbiqi nə dərəcədə qanunidir? İş üzrə qanuni araşdırılma aparılarsa həqiqətən də hazırki işə qeyd edilən maddənin tətbiqinin mümkün otmadığı açıq-aydın görünər. Belə ki, aidiyyətsiz maddənin tətbiqi, təqsiri olmadığı halda inzibati xəta törətməkdə ittiham olunmağı onun hüquqlarının pozulması deməkdir, bu isə qanunvericiliyin tələblərinə tamamilə ziddir. MN seriyalı, ******* nömrəli 19 sentyabr 2022-ci il tarixli protokolun və MN ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli qərarın tərtib edilməsi və tərəflərin iştirakı ilə də bağlı müddəalar da pozulmuşdur. Belə ki, protokol onun iştirakı olmadan tərtib edilmiş, protokolda onun iştirakı, izahatı və s. ilə bağlı zəruri qrafalar boş saxlanılmış, qərarda inzibati icraat zamanı götürülmüş sənədlər qrafası da tamamilə boş saxlanılmış, o cümlədən qərar heç bir izahat alınmadan, qanuni araşdırma aparılmadan, yəni iş üzrə prosessual qaydalara uyğun iclas keçirilmədən, tərəflərin iştirakı olmadan, yəni əvvəlcədən hazırlanmışdır. Bir halı da xüsusilə qeyd edir ki, verilən tənbeh qanunsuz və əsassız olmaqla yanaşı onun qüvvəyə minməsi də qanunvericiliklə müəyyən edilmiş zaman kəsimində baş verməmiş, buna da səbəb məhz Xidmətin və Nazirliyin özü olmuşdur. Çünki, işin hallarından da göründüyü kimi baş verildiyi deyilən hadisə 08 sentyabr 2022-ci il tarixində olmuşdur. Yəni qanunvericilikdə birbaşa qeyd edilib ki, bu növ işlər üzrə hadisə törədildiyi gündən ən geci üç ay keçənədək tənbeh verilə bilər. Yəni verilmiş tənbehin qanuni qüvvəyə minməsi və icrası üçün həmin qərardan şikayət və digər bütün araşdırmalar məhz üç ay ərzində, yəni 09 dekabr 2022-ci il tarixə kimi yekunlaşmalı idi. Lakin, göründüyü kimi inzibati orqan prosessual müddətin pozulmasına özü şərait yaratmış, müşaiət məktubunu 3 ayın tamamından sonra, yəni 09 dekabr tarixinə yazılması, hazırda onun verdiyi şikayətin özü də göstərir ki, verilən tənbeh qərarı qanuni qüvvəsini almamışdır. Belə olan təqdirdə həmin qərarın 3 aylıq müddət ərzində qüvvəyə minmədiyi səbəbindən, yəni müddətin keçməsi ilə icrası mümkün deyil. Əks yanaşma qanunvericiliyin müddətlə bağlı tələblərinin də pozulması deməkdir. şikayətin təmin edilməsi, hüquqlarını müdafiə etdiyi X3 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 28 dekabr 2022-ci il tarixli iclasında X1 vəkili Nümayəndə1 şikayətin dəlillərini müdafiə edərək, bildirmişdir ki, X3 İXM-in 447.0.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Belə ki, əgər X4 tərəfindən şikayət ərizəsində göstərilən hal öz təsdiqini tapmış belə olsa, X6 barəsində İXM-in 447.0.1-ci maddəsi ilə deyil, İXM-in 445.1-ci maddəsi ilə (Qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə) inzibati xəta haqqında protokol tərtib edilməli idi. Məhkəməyə “Davam market” tərəfindən “Nəfis dad”a məxsus olan malların alınmasını təsdiq edən çıxarışları təqdim edərək bildirmişdir ki, göründüyü kimi Davam market” tərəfindən 20 iyul 2022-ci il tarixdə “Nəfis dad”a məxsus olan 3 faizli 200 gr çəkidə olan pəhriz kəsmiyi 0.80 manata alınmış, satış qiyməti isə 0.90 manat müəyyənləşdirilmiş, 25 iyul 2022-ci il tarixdə “Nəfis dad”a məxsus olan 3 faizli 200 gr çəkidə olan pəhriz kəsmiyi 0.90 manata alınmış, satış qiyməti isə 1.10 manat müəyyənləşdirilmişdir. Belə olan halda isə həmin pəhriz kəsmiyinin satış qiymətində uyğunsuzluğun yaranması istisna edilir. X3 vəkili Nümayəndə1 məhkəmə tərəfindən ona verilən suallara cavab olaraq “Davam” market tərəfindən alınan bütün malların hər birinin ayrı-ayrılıqda qiymətlərinin kompyuter sistemi vasitəsi ilə proqrama daxil edilməsini, malın sistemdə olan qiyməti ilə satış rəfindəki olan qiyməti arasında uyğunsuzluğun olmasının istisna edildiyini bildirmişdir. Məhkəmənin 28 dekabr 2022-ci il tarixli iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin baş məsləhətçisi-sektor müdiri vəzifəsini müvəqqəti icra edən Nümayəndə2 şikayətin dəlillərinə münasibət bildirərək, qeyd etmişdir ki, şikayətçi tərəfindən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsində göstərilən əsaslar tamamilə əsassızdır. Məhkəməyə X4 tərəfindən elektron qaydada ünvanlanmış şikayət ərizəsinin surətini, eyni zamanda “Nəfis dad” 3 faizli 200 gram çəkidə olan pəhriz kəsmiyinin satış rəfindəki qiymətini əks etdirən fotoşəkli təqdim edərək bildirmişdir ki, X6 tərəfindən İXM-in 447.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, göstərilən fakt şikayətçi X4 tərəfindən elektron qaydada ünvanlanmış şikayət ərizəsi, “Nəfis dad” 3 faizli 200 gram çəkidə olan pəhriz kəsmiyinin rəfdəki qiymətini əks etdirən fotoşəkil, eyni zamanda 08 sentyabr 2022-ci il tarixli 338 nömrəli satış çeki və 36147 nömrəli satış çeki ilə öz təsdiqini tapır. Bundan əlavə inzibati məsuliyyətə cəlbetmə müddətinin ötürülməsinə dair şikayətin dəlilini əsassız hesab edərək bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar inzibati məsuliyyətə cəlbetmə müddətini ötürmədən qəbul edilmişdir. 24 oktyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın X5 09 dekabr 2022-ci tarixdə göndərilməsinə dair şikayətin dəlilinə münasibət bildirərək, həmin qərarın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilməsini, onların tərəfindən göndərilməsini bildirmişdir. Məhkəmənin 28 dekabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclası inzibati xəta haqqında işə baxılma müddətinin uzadılmasına dair qərardad qəbul edilmiş, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin təqdim edilməsini təmin etmək məqsədi ilə təxirə salınmışdır. Məhkəmənin 11 yanvar 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin baş məsləhətçisi-sektor müdiri vəzifəsini müvəqqəti icra edən Nümayəndə2 “Nəfis dad” 3 faizli 200 gram çəkidə olan pəhriz kəsmiyinin rəfdəki qiymətini əks etdirən fotoşəklin çəkilməsi tarixini əks etdirən telefondan olan çıxarışı məhkəməyə təqdim edərək bildirmişdir ki, göründüyü kimi həmin fotoşəkil 08 sentyabr 2022-ci il tarixdə saat 12:58 radələrində çəkilib. Bu isə onu bir daha təsdiq edir ki, X6 tərəfindən İXM-in 447.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Göstərilənlərə əsasən, qəbul edilmiş inzibati tənbehvermə haqqında qərarın ləğv edilməsi haqqında verilmiş şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 11 yanvar 2023-cü il tarixli iclasında X1 vəkili Nümayəndə1 inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Nəfis dad” 3 faizli 200 gram çəkidə olan pəhriz kəsmiyinin rəfdəki qiymətini əks etdirən fotoşəklin çəkilməsi tarixinə dair məlumatı əks etdirən çıxarışı mübahisləndirərək göstərilən sənədlərin rəsmi qaydada təsdiq edilmədiyini, yalnız kserosurət olmağını bildirməklə həmin sənədlərin sübut kimi qəbul edilməməsini xahiş etmiş, verilmiş şikayətin qəbul edilməsini və vəzifəli şəxs X6 barəsində qəbul edilmiş 30 sentyabr 2022-ci il tarixli, MN0004154 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin MN ******* nömrəli, 19 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, X6 tərəfindən İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin MN ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 İXM-in 447.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 1500 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “inzibati tənbeh vermə haqqında” 30 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair fiziki şəxs X3 şikayəti təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X4 tərəfindən İqtisadiyyat Nazirliyinin rəsmi internet saytına 08 sentyabr 2022-ci il tarixdə saat 14:48-də şikayət ünvanlanmışdır. “Davam” market tərəfindən xx.xx.2022-ci il tarixdə saat 12:39:18–də verilmiş çekin surətindən görünür ki, 1 ədəd “Nəfis dad pəhriz kəsmiyi 3% 200qr” 1.10 manata, 3 ədəd yumurta 1 ədədi 0,19 qəpik olmaqla 0,57 manata, 1 ədəd “seçmə alma sirkəsi 0,5 lt” 1,49 manata satılmışdır. “Davam” market tərəfindən xx.xx.2022-ci il tarixdə saat 12:39:18-də verilmiş çekin surətindən görünür ki, müştəri tərəfindən alınan mala görə 3.16 manat məbləğində pul ödənilmişdir. Fotoşəkildən görünür ki, “Nəfis dad” 3 faizli 200 gram çəkidə olan pəhriz kəsmiyinin satış qiyməti rəfdə 0.90 manat müəyyənləşdirilmişdir. Fotoşəklin çəkildiyi tarixi əks etdirən çıxarışdan görünür ki. həmin fotoşəkil 08 sentyabr 2022-ci il tarixdə saat 12:58-də çəkilmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli malların alınması cədvəlindən görünür ki, “Nəfis dad kəsmiyi 9 % 200qr” alış qiyməti 0,80 manat, satış qiyməti 0,90 manat müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli ********* nömrəli malların alınması cədvəlindən görünür ki, “Nəfis dad kəsmiyi 3 % 200qr” alış qiyməti 0,90 manat, satış qiyməti 1,10 manat müəyyən olunmuşdur. “Azcargo” ekspress çatdırılma və kuryer xidmətlərinin 007182 nömrəli qəbzinin surətindən görünür ki, məktub xx.xx.2022-ci il tarixdə vətəndaş Vüqar Məmmədov tərəfindən qəbul edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında verilmiş şikayətin dəlilləri inzibati xəta haqqında işə əlavə olunmuş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən olundu ki, X4 08 sentyabr 2022-ci il tarixdə “Davam” marketdən 1.10 manata 1 ədəd “Nəfis dad pəhriz kəsmiyi 3% 200qr”, 1 ədədi 0,19 qəpik olmaqla 0,57 manata 3 ədəd yumurta, 1,49 manata 1 ədəd “seçmə alma sirkəsi 0,5 lt” almış, alınan mallara görə ümumilikdə 3,16 manat məbləğində pul ödəmişdir. Göstərilən hal “Davam” market tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə saat 12:39:18–də və xx.xx.2022-ci il tarixdə saat 12:39:18-də verilmiş çeklərin surətləri ilə təsdiq edilir. İş materiallarına əlavə edilmiş fotoşəkildən və həmin fotoşəklin çəkilməsi vaxtını əks etdirən çıxarışdan görünür ki, həmin fotoşəkil 08 sentyabr 2022-ci il tarixdə saat 12:58-də çəkilmişdir və “Nəfis dad 3% 200qr” pəhriz kəsmiyinin satış qiyməti rəfdə 0.90 manat qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0 və 447.0.1-ci maddələrinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə üç yüz manatda yuxarı olmayan məbləğ başa düşülür. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X6 barəsində İXM-in 447.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bundan əlavə məhkəmə X1 şikayət ərizəsində göstərdiyi dəlillərə münasibət bildirməyi zəruri hesab edir. İlk olaraq, X6 tərəfindən inzibati xəta törədilsə belə həmin inzibati xəta əməlinin yanlış olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə tövsif edilməsi barədə şikayətin dəlili ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətlərinə və ya keyfiyyətinə dair istehlakçıların az midarda aldadılması inzibati xəta tərkibini yaradır. Bəlli olduğu kimi “Davam” marketi ərzaq məhsullarınn satışını həyata keçirir və bununla da işdə olan sübutlarla təsdiq olunur ki, X3 barəsində 19 sentyabr 2022-ci il tarixli, M ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə və həmin protokol əsasında 1500 manat məbləğində inzibati cərimə olunmasına dair 30 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın qəbul edilməsinə əsas “Davam” marketdə piştaxtadakı qida məhsulunun qiyməti ilə çekdəki qiymət fərqi, yəni mal satan şəxs tərəfindən malın hesabına dair istehlakçının az miqdarda aldadılması faktı real olmuşdur. X1 müdafiəçisi Nümayəndə1 məhkəmə iclasında şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiq edən xx.xx.2022-ci il tarixli ********* nömrəli malların alınması cədvəli və xx.xx.2022-ci il tarixli ********* nömrəli malların alınması cədvəlinin surətini təqdim edərək bildirmişdir ki, 20 iyul 2022-ci il tarixdə “Nəfis dad 3% 200qr” pəhriz kəsmiyinin alış qiyməti 0,80 manat, satış qiyməti 0,90 manat müəyyən olunmuş, daha sonra həmin malın qiyməti artmış “Nəfis dad kəsmiyi 3 % 200qr” ” pəhriz kəsmiyinin alış qiyməti 0,90 manat, satış qiyməti 1,10 manat müəyyən olunmuşdur. Məhkəmə tərəfindən həmin sənədlər araşdırılarkən isə müəyyən olunmuşdr ki, şikayətçinin vəkili tərəfindənn təqdim edilmiş 20 iyul 2022-ci il tarixli malların alınması cədvəlində “Nəfis dad 9 % 200qr” **********403 ştrixkodlu kəsmiyin alış qiyməti 0.80 manat, satış qiyməti isə 0.90 manat müəyyən edilsə də, 25 iyul 2022-ci il tarixli malların alınması cədvəlində isə “Nəfis dad kəsmiyi 3 % 200qr” **********137 ştrixkodlu pəhriz kəsmiyinin alış qiyməti 0,90 manat, satış qiyməti 1,10 manat müəyyən olunmuşdur.(Malların alınması cədvəlləri arasında olan uyğunsuzluğun düzgün olub-olmamasını müəyyən etmək üçün hər iki cədvəldə eyni olan malların ştrixkodları müqayisə edilmiş, eyni olan malların ştrixkodlarının hər iki cədvəldə də eyni olması müəyyən edilmişdir). Göründüyü kimi, şikayətçinin özü tərəfindən məhkəməyə təqdim edilmiş malların alınması cədvəlində iki ayrı-ayrı malın alış və satış qiyməti müəyyənləşdirilmişdir. Şikayətçi şikayət ərizəsində həmin malın 06 iyul 2022-ci il tarixdə 0.80 manata alınıb, 0.90 manata satılmasını göstərsə də, 06 iyul 2022-ci il tarixli malların alınması cədvəli şikayət ərizəsinə əlavə edilməmiş, eyni zamanda məhkəmə iclasında da həmin sənəd təqdim edilməmişdir. Bundan əlavə şikayətçi şikayət ərizəsində sözügedən əməlin X6 tərəfindən qəsdən törədilmədiyini, onun əməlində qəsdin mövcud olmadığını göstərərək bildirmişdir ki, mal üzrə satış qiymətinin rəsmi qaydada elektron sistemə yüklənilməsi və həmin sistem üzrə satışın aparılması, ödəniş qəbzinin verilməsi və əlavə müdaxilənin olmaması şəxsin əməlində qəsdin olmadığını sübut edir. Məhkəmə şikayətin bu dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, mal üzrə satış qiymətinin rəsmi qaydada elektron sistemə yüklənilməsi və həmin sistem üzrə satışın aparılması, malın satış qiymətinin elektron sistemdə dəyişdirilməsi, həmin malın rəfdəki satış qiymətinin dəyişdirilməməsinə əsas ola bilməz. Belə ki, müştəri mal alan zaman onun rəfdəki qiymətinə baxaraq mal alır, malın elektron sistemdə olan satış qiyməti isə yalnız kassada həmin malın ştrixkod vasitəsi ilə sistemə vurulması zamanı bilinir. Bundan əlavə məhkəmə inzibati məsuliyyətə cəlbetmə müddətinin keçməsinə dair şikayətin dəlilinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddəti ötürülməmişdir, belə ki, 08 sentyabr 2022-ci il tarixdə inzibati xəta hadisəsi baş vermiş, şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar isə 30 sentyabr 2022-ci il tarixdə qəbul edilmiş, X6 həmin qərarla razılaşmadığından sözügedən qərardan şikayət etmiş və onun şikayətinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində baxılaraq, 24 oktyabr 2022-ci il tarixli 4 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla X6 tərəfindən 30 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edilməmişdir. X3 İXM-in 38-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi müddəti ötürülmədən inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 447.0.1-ci maddəsinə əsasən mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması istehlakçının hüquqlarının pozulması hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin MN ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X3 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin MN ******* nömrəli, 30 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-22/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-22/2023
11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver