Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-22/2025 09.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in direktoru X3 iştirakı ilə, Şəxs MMC, AZ1113, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ə.Ağayev, ev 124, mənzil 121, VÖEN ********** Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 10 dekabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 33614 (otuz üç min altı yüz on dörd) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 11 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 17135 (on yeddi min yüz otuz beş) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in direktoru X5 inzibati xəta haqqında protokolun dəlilləri ilə razılaşmayaraq izahatında bildirmişdir ki, Şəxs MMC 660 ədəd əlil arabası almaq üçün ümumilikdə 48020 ABŞ dolları məbləğində pul vəsaitini xarici ölkəyə köçürmüşdür. Qeyd edilən əlil arabalarının hamısı yükdaşıma şirkəti olan "xxxx" MMC tərəfindən xarici ölkədə tam şəkildə təhvil alınmışdır. Xarici ölkəyə köçürülmüş vəsaitdən 31092 ABŞ dolları dəyərində olan 430 ədəd əlil arabası "xxxx" MMC tərəfindən ölkə ərazisinə gətirilsə də, 16928 ABŞ dolları dəyərində olan 230 ədəd əlil arabası bu günə qədər "xxxx" MMC tərəfindən ölkə ərazisinə ümumiyyətlə gətirilməmiş və təhvil verilməmişdir. Həmin əlil arabaları faktiki olaraq daşıyıcı şirkətdə qalmışdır. Göstərilənlər Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-505/2024 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-915/2024 saylı qətnamələri ilə öz təsdiqini tapmışdır. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin tərkib əlamətləri formal cəhətdən mövcud olsa da, faktiki olaraq Şəxs MMC tərəfindən heç bir inzibati xəta törədilməmiş və qeyd edilən xüsusatda Şəxs MMC-in hər hansı formada təqsiri mövcud deyildir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, tərəfin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan 11 noyabr 2022-ci il tarixli ödəniş tapşırığının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, hüquqi şəxs Şəxs MMC 33614 (otuz üç min altı yüz on dörd) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti həmin ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından həmin tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. İşdə olan "xxxx" ASC-in 16 noyabr 2024-cü il tarixli məktubundan və ona əlavələrdən görünür ki, Şəxs MMC tərəfindən 33614 (otuz üç min altı yüz on dörd) ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən müvafiq hesabdan 11 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürsə də, ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 17135 (on yeddi min yüz otuz beş) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, eyni zamanda qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Halbuki, məhkəmə araşdırmaları zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 505/2024 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-915/2024 nömrəli qətnamələrindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Ortopedik İstehsalat və X2 Hüquqi Şəxsi ilə icraçı qismində Şəxs MMC arasında xx.xx.2022-ci il tarixli, 16/2022 nömrəli mallarının satınalma müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən sifarişçi sanitar-qovşaqlı kresloarabalar satın alınması məqsədi ilə icraçının ƏDV ilə birlikdə 177000 (bir yüz yetmiş yeddi min) manat məbləğində təklifini qəbul etmiş, icraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan malların təhvil verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə öhdəliklərin icra olunması, kreslo-arabaların alınması məqsədilə Şəxs MMC ilə Çin şirkəti olan “X4 Equipment Manufactory” şirkəti arasında alqı-satqı müqaviləsi bağlanmış, 660 ədəd əlil arabası sifariş edilmiş və həmin arabaların dəyəri olan 48020 ABŞ dolları məbləğində pul vəsaiti Şəxs MMC tərəfindən həmin şirkətə ödənilmişdir. Qeyd olunan malların daşınmasını həyata keçirmək məqsədilə daşıyıcı qismində "xxxx" MMC ilə sifarişçi qismində Şəxs MMC arasında xx.xx.2022-ci il tarixli “Yüklərin daşınması xidməti üzrə” müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən yükün Çin Xalq Respublikasından çıxdığı andan 15-20 gün müddətində təyinat yerinə çatdırılmasını təmin etmək daşıyıcının öhdəliyi kimi müəyyən olunmuşdur. 24 noyabr 2022-ci il tarixdə "xxxx" MMC tərəfindən Şəxs MMC-in aldığı 660 ədəd əlil arabasının hamısı Çin Xalq Respublikasında satıcıdan təhvil alınmış, lakin həmin malların bir qismi, yəni daşıyıcının qəbul etdiyi 660 ədəd əlil arabasından 430 ədədi xx.xx.2023-cü il tarixdə Şəxs MMC-yə çatdırılmış, malların tam və vaxtında çatdırılması ilə bağlı öhdəliklər daşıyıcı tərəfindən lazımınca icra olunmamış, 660 ədəd əlil arabasının qalan 230 ədədi Şəxs MMC-yə təhvil verilməmişdir. Buna görə Şəxs MMC cavabdeh "xxxx" MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən öhdəliklər pozulduğuna görə ziyana məruz qaldığını iddia etmiş, qeyd olunan məbləğdə pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmələrin gəldiyi qənaətə əsasən Şəxs MMC-yə zərər dəymiş, belə ki, iddiaçı satıcı olan “X4 Equipment Manufactory” şirkətindən aldığı 660 ədəd əlil arabasına görə həmin şirkətə 48020 ABŞ dolları məbləğində pul vəsaiti ödəmiş, lakin həmin malları tam şəkildə qəbul edən "xxxx" MMC yalnız 430 ədəd əlil arabasını Şəxs MMC-yə çatdırmışdır. Məhkəmə qətnamələrinə əsasən 16928 ABŞ dolları məbləğində pulun cavabdeh "xxxx" MMC-dən alınaraq iddiaçı Şəxs MMC-yə ödənilməsi qət edilmişdir. İşin müəyyən edilmiş qeyd edilən mübahisəsiz hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) əməl (hərəkət və ya hərəkətsizlik) törədilməsi məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Başqa sözlə, 17135 (on yeddi min yüz otuz beş) ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxal edilməməsinin səbəbi hüquqi şəxs Şəxs MMC ilə bağlı olmamışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in əməlində inzibati xəta tərkibi olmadığından 10 dekabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-22/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-22/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver