Məhkəmə qərarları › İş №3(001)-2205/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-2205/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-2205/2021 07.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 07.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını hərtərəfli araşdıraraq hesab edirəm ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində tərtib edilmiş 07.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib edilmiş 07.06.2021ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs törətməsi ehtimal edilən inzibati xətanın mahiyyəti düzgün göstərilməmişdir. Qeyd edilən protokolun həmin hissəsində inzibati xətanın mahiyyəti, yəni şəxsin İXM-in 528.1-ci maddəsinin hansı tərkib əlamətini pozması göstərilməli olduğu halda icra məmuru tərəfindən “Ağdam Rayon Məhkəməsinin icra vərəqəsinə əsasən 7584 man Kapital Bank ASC-yə, 1500 man isə X1 pul ödəməlidir” kimi qeyd edilmişdir. Halbuki, İXM-in 528.1-ci maddəsinə əsasən şəxs tərəfindən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə inzibati xətanın mahiyyəti dəqiq göstərilməsi zəruri olan mühüm əhəmiyyətə malik amillərdən biridir. Çünki şəxsin məsuliyyətə cəlb edilə bilməsi məsələsi yuxarıda göstərilən amilin dəqiq şəkildə iş materiallarında öz əksini tapmasından asılıdır. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:... 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;... Göründüyü kimi, qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Bununla belə, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Bundan başqa, iş üzrə şəxsin törətdiyi inzibati xətalara görə hər biri üçün ayrıayrılıqda inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda, icra məmuru tərəfindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə törətməsi ehtimal edilən inzibati xətalara görə yalnız bir inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin İXM-in 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Qeyd olunan qanunvericiliyin tələblərindən isə belə qənaətə gəlinir ki, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilməsi nəzərdə tutulmuşdursa bu zaman həmin inzibati xətalara dair səlahiyyətli şəxs tərəfindən ayrı-ayrılıqda inzibati xəta haqqında protokol tərtib edilməlidir. Bu həm qanunvericiliyin tələblərinə uyğun, həm də şəxsin hüquqlarının tam təmini məqsədini daşıyır. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə qeyd edilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş 07.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində tərtib edilmiş 07.06.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar