Məhkəmə qərarları › İş №3(001)-2208/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2208/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2208/2022 04.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X8 katibliyi, Bakı şəhər Baş X10 İdarəsinin nümayəndəsi X4, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Bakı şəhər X10 İdarəsinin yol patrul xidməti tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhər X10 İdarəsinin əməkdaşı tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə istifadəsində olan mobil nömrəsinə AR İXM-in 329.1-ci maddəsi ilə cərimə olunmasına dair mesaj gəlmişdir. Bununla bağlı “Asan Pay”də hesabına daxil olaraq, öyrənmişdir ki, guya etibarnamə əsasında idarə etdiyi “Audi A4” minik markalı, 99-GL- 633 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı, Mədən 2. "2. GPS: 40.4690148,49.84016 ərazisində (araşdırmasına görə həmin ərazi Binəqədi rayonunda yerləşir) İXM-nin 329.1 ci maddəsinin tələbini pozduğu üçün, yəni təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə inzibati qaydada cərimə olunmuşdur. Qeyd etmək istəyir ki, o nəqliyyat vasitəsini idarə edərkən daima təhlükəsizlik kəmərindən istiladə edir və yuxarıda qeyd edilən hal ümumiyyətlə baş verməyib. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta vetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o. təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyi sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göstərilən qərar onun əməlində inzibati xətanın tərkibi olmadığına görə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək, 08 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi X6 inzibati tənbeh vermə haqqında qərarın əsaslı olaraq qəbul edilməsini bildirərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarında olan “Asan Pay” kabinetdən elektron çıxarışın surətindən görünür ki, X3 “Audi A4” minik markalı, 99-GL- 633 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-in 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 40 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmişdir. Halbuki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamışdır. Belə olduğu təqdirdə qərar qəbul etmiş şəxs tərəfindən İXM-in 124-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, İXM-in: 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, hazırki iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən İXM-in 124-cü maddəsinin tələbləri pozulmuşdur ki, bu isə öz növbəsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətmişdir. İXM-in: 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılaraq qəbul edilən qərarlardan biri də bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir; 135.1 və 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, İXM-lə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğundan Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar