Məhkəmə qərarları › İş №3(001)-2219/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2219/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2219/2024 23.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ 20022960 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ 20022960 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şkayət ərizəsini onunla əsaslandırmışdır ki, o, etibarnamə ilə idarə etdiyi "Toyota Prius" markalı 10XY618 dövlət qeydiyyat nişanlı avtomobilli xx.xx.2024-cü il tarixində, saat 08:30 radələrində Bakı şəhəri, 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən həmin tarixdə onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şikayətə əlavə edilmiş şəkillərdən də göründüyü kimi ümumi istifadə də olan avtobus zolağı X2 təxminən 100 metr sonra yolun sağdan sola ikinci zolağı nəzərdə tutulmuş və müvafiq nişanlanma xətti ilə nişanlanmışdır. Qayda pozuntusu kimi nəzərdə tutulan hərəkəti isə avtobus zolağı ilə deyil, həmin zolaqdan sağda yerləşən zolaqda olmuş və hərəkəti qanuni qaydada Xocǝsən dairəsi istiqamətində olmuşdur. Onun hərəkət etdiyi zolaqla ümumi istifadədə olan avtobus zolağının aidiyyatı yoxdur. Hətta həmin qayda pozuntusunu əks etdirən şəklində də görsənir ki, avtobus onun hərəkət etdiyi zolaqla deyil, sol zolaqla, yəni öz zolağı ilə hərəkət edir. Bu isə başa düşülən deyil ki, niyə onun haqqında inzibati xəta protokolu tərtib edilmişdir? xx.xx.2024-cü il tarixdə hazırki qayda pozuntusu hesab edilən zolaqda yox, onun sol tərəfində (əslində faktiki avtobus zolağında) hərəkətdə olarkən ona yenə eyni inzibati xəta protokolu tərtib edilmişdir. Əslində isə Bakı-Quba yolunda cəmi bir avtobus zolağı olmasına rəğmən ona 2 fərqli zolaqda DYP tərəfindən protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən EQ 20022960 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Baş X7 İdarəsinin əməkdaşı tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2024-cü il tarixli, EQ 20022960 saylı protokol tərtib olunmuşdur. Həm şikayət ərizəsinə, həm də elektron məhkəmə sisteminə əlavə etdiyi kamera görüntülərdən açıq formada görünür ki, tərəfindən hər hansı bir inzibati xəta törədilməmişdir. Minik avtomobilləri üçün nəzərdə tutulmuş zolaqla hərəkət etmiş, avtobus üçün ayrılmış zolaqa daxil olmamışdır. Daha əvvəl də orta zolaqla hərəkət etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokola əsasən də inzibati tənbeh edilmişdir. Həmin protokol və qərarla razılaşdığından qeyd edilən cəriməni ödəmiş və həmin qərarı mübahisələndirməmişdir. Lakin hazırkı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan həmin qərarı mübahisələndirir. Həmin protokol əsassız olaraq tərtib edildiyindən şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20022960 nömrəli, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati material yenidən baxılması üçün Bakı şəhər X7 İdarəsinə qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Asan Ödəniş” sisteminin rəsmi internet saytından əldə edilmiş çıxarışdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 13:45-də Bakı Quba yolunun 8.7-ci kilometrində 5.9 yol nişanının tələbinə riayət etməyərək ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolaqda hərəkət etmiş və bununla da AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. X3 məhkəməyə təqdim etdiyi fotogörüntüdən görünür ki, **-XY-*** dövlət qeydiyyat nömrəli Toyota “Prius” markalı nəqliyyat vasitəsi yolun sağ zolağı, umumi istifadədə olan nəqliyyat vasitələri isə soldan ikinci zolaqla hərəkət edir. X3 məhkəmə iclası zamanı təqdim etdiyi digər fotoşəkillərdən görünür ki, onun inzibati xəta törətdiyi qeyd edilən yolun sağ zolağına (1-ci zolağa) keçid üçün hər hansı qadağa edici yol nişanı mövcud deyildir və soldan ikinci zolaqda umumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün zolaq müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X4 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Baş X7 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, səlahiyyətli orqandan tərəfindən X3 5.9 yol nişanının tələbinə riayət edilməməsi qənaətinə gəlinmiş və sonuncu barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 5.9 yol nişanı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolağı ifadə edir. Həmin qanununun 48-ci maddəsinin İV bəndinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X3 5.9 yol nişanının tələbinə riayət edib-etməməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına və şəxsin təqsirli bilinməsinə dair inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati araşdırma materiallarını məhkəməyə təqdim etməmişdir. xx.xx.2024-cü il tarixli, EQ 20022960 nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20022960 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə yenidən araşdırma aparılan zaman hadisə yerini müşahidə edən kamera görüntülərinin olub-olmaması müəyyən edilməli, olduğu halda həmin görüntülər əldə edilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 barəsində Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ 20022960 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş X7 İdarəsi tərəfindən qəbul edilmiş EQ 20022960 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Baş X7 İdarəsinə geri göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar