Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2222/2022 01.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi İnzibati orqanın nümayəndəsi Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X8 onun barəsində İXM-nin 521-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi rayon Polisi İdarəsinin 5-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətində və əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, Gəncə şəhərində qeydiyyatda olsa da, Bakı şəhərində kirayədə yaşayır. Təxminən bir neçə aydır ki, ünvan 1 ünvanında yerləşən “Rose Garden” restoranında ofisiant kimi işə başlamışdır. Həmin restoran əvvəllər “Bəyaz gecələr” adı ilə fəaliyyət göstərən həmin restoranda əsasən saat 14-dən gecə saatlarına kimi işləyir. Həmin restoranda həm qapalı məkanda, həm də açıq havada müştərilərə xidmət göstərilir, müştərilər üçün musiqi səsləndirilir. 18 iyul 2022-ci il tarixdə də saat 14 radələrində işə gəlmişdir. Həmin gün restoranda müştəri çox olduğu üçün gecə saat 01 radələrində də iş yerimdə idi. Həmin işlədiyi restorana polis əməkdaşı gəlib, Binəqədi Rayon Polis idarəsinin 5-ci Polis bölməsinin sahə rəisi olduğunu, restoranda yüksək səslə musiqi səsləndirildiyini bildirib, restoranın müdiriyyətindən kimin orada olduğunu soruşdu. O, polis əməkdaşına restoranda müdiriyyətdən heç kimin olmadığını dedi. Həmin polis əməkdaşı bu halda onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə protokol tərtib edəcəyini bildirdi. O, polis əməkdaşına restoranda heç bir səlahiyyət sahibi olmadığını, ofisiant işlədiyini dedi. Lakin həmin polis əməkdaşı müdiriyyətdən heç kimin orada olmadığına görə onun barəsində protokol tərtib edəcəyini dedi. Polis əməkdaşı Nümayəndə onun barəsində İXM-in 521-ci maddəsi protokol tərtib etdi və həmin protokolu imza edib, surətini aldı. Həmin gün ona inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərar verildi. Protokol və qərar əsassız və qanunsuzdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi, işlədiyi “Rose Garden” restoranında heç bir səlahiyyət sahibi deyil, həmin restoranda ofisiant işləyir. Bundan əlavə polis əməkdaşının işlədiyi restorana gəlib barəsində protokol tərtib edildiyi vaxt restoranda yüksək səslə musiqi səsləndirilməmişdir. Bir qayda olaraq həmin restoranda axşam saatlarında musiqi səsləndirilsə də, heç vaxt yüksək səslə səsləndirilmir. Polis əməkdaşı restorana gələrkən onda səsin səviyyəsini ölçmək üçün heç bir aparat, qurğu olmamış, səsin səviyyəsi ilə bağlı ölmə aparılmamışdır. O, bununla bağlı polis əməkdaşına irad bildirdikdə o, restorandan şikayət daxil olduğu üçün protokol tərtib etməli olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən inzibatyi orqanın nümayəndəsi bildirmişdir ki, əvvəlki adı “Bəyaz gecələr” indi isə “Golden rose” və ya “Rose Garden” adı altında fəaliyyət göstərən restoranın adminstratoru Tural Cavadzadə barəsində DİN–in 102 xidmətinə gələn çoxsaylı şikayətlərə görə inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Hadisə yerinə tərəfindən baxış keçirilmiş və həqiqətən də gecə saatlarında yüksək səslə musiqiyə qulaq asılması və bunun da vətəndaşların haqlı narazılığına səbəb olduğu müəyyən edilmişdir. Həmin restoranda işləyən musiqiçilər barəsində də müvafiq qayda inzibati tənbeh tətbiq edildiyini bildirərək məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmənin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə şikayətçinin iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi rayon Polisi İdarəsinin 5-ci Polis Bölməsinin qəbul etdiyi MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X8 xx.xx.2022-ci il tarixdə məişət səsküyünə qarşı mübarizə qaydalarının pozulmasına görə İXM-in 521-ci maddəsi ilə təqsirli bilinib 150 manat cərimə edilmişdir. Qərar MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Şəxs İXM-nin 521-ci maddəsinə əsasən məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması əməlinə görə təqsirli bilinsə də, onun barəsində tərtib edilmiş protokol və çıxarılmış qərar üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri ” normalarında müəyyən edilmişdir ki, yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, qocalar və əlillər üçün internat-evlərinə, məktəbəqədər , ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilər üzrə səs-küy səviyyəsi normaları gündüz 70 dBA, gecə 60 dBA kimi müəyyən edilmişdir. Həmin Normaların 1.3-cü bəndinə əsasən həmin normalar mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir. Lakin şəxs barəsində tərtib edilmiş protokol və qərarda müəyyən edilmiş həmin normalardan nə qədər artıq səs-küy normalarını pozduğu aydınlaşdırılmamış, ölçü aparılmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, iş materialları araşdırılan zaman işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqavilənin surətindən müəyyən edilmişdir ki, X2 ilə X6 arasında ünvan 2 ünvanında olan 20 kv.m qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. Göründüyü kimi törədildiyi iddia edilən inzibati xəta hadisəsinin subyekti düzgün müəyyən edilməmişdir. Belə ki, barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmiş X5 məişət səs-küyünə səbəb olan restorana aidiyyətini təsdiq edən heç bir araşdırma aparılmamışdır. Törədildiyi iddia edilən inzibati xəta hadisəsinin həqiqətən də X9 tərəfindən törədilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir. Yəni əgər şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmırsa, protokol tərtib etmiş şəxsin subyektiv mülahizəsinə əsasən, öz müşahidəsinə əsasən tərtib etdiyi yeganı sübut növü olan protokol əsasında şəxsə inzibati tənbeh verilə bilməz. Həmin protokolda müəyyən edilmiş inzibati xətanın mövcud olub-olmamasına dair səlahiyyətli şəxs İXM-də müəyyən edilmiş əlavə sübut növlərinə istinad etməklə şəxsin təqsiri təsdiq edildiyi təqdirdə, onun barəsində inzibati tənbeh tətbiq edə bilər. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X11 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Sadalananlara əsasən inzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün, məhkəmə belə bir qərarın qanuniliyini yoxlaya bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. Beləliklə hazırkı iş üzrə İXM ilə müəyyən edilmiş yuxarıdakı prosessual pozuntular törədilməklə qərar qəbul edilmişdir. Qeyd edilən həmin prosessual pozuntular işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə olduğundan, son nəticədə qanuni və əsaslı olmayan qərarın qəbul edilməsinə gətirib çıxartmışdır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2-ci maddəyə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.5-ci maddəyə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6-cı maddəsinə əsasən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən çıxarılan qərarlar siyahısında İXM-in 134.1.4-ci maddəsinə əsasən həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; İXM-in 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati işə baxılarkən İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması müəyyən edildiyindən, qərar ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X8 onun barəsində İXM-nin 521-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhəri Binəqədi rayon Polisi İdarəsinin 5-ci Polis Bölməsinin MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-2222/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2222/2022
01.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver