Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2223/2025 23.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Tural Ural oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə X1 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 24 mart 2025-ci il tarixli, EQ 26884478 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 24 mart 2025-ci il tarixli, EQ 26884478 nömrəli “inzibati tənbeh vermə haqqında” qərara əsasən, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. X2 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat inzibati cərimə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətini müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, 24 mart 2025-ci il tarixdə onun mobil telefonuna sözügedən inzibati cərimə ilə bağlı sms daxil olmuşdur. O, “SMS radar” tətbiqinə daxil olduqda ona məlum olmuşdur ki, cərimə həmin tarixdə, saat 22:21-də idarə etdiyi “Hyundai Accent” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə svetoforla nizamlanan yolayrıcını keçmə qaydalarını pozması əsası ilə tətbiq edilmişdir. Halbuki, həmin tətbiqdə inzibati xətaya dair fotoşəkildən görünür ki, şəkil günün işıqlı vaxtı qeydə alınmış, həmçinin, şəkildə svefotorun hərəkətə icazə verən yaşıl işığının yandığı görünür. Belə olan halda, hesab edir ki, qərar texniki səhv nəticəsində qəbul edilmişdir. Qərarın nömrəsiz olması da texniki səhvdən xəbər verir. Sonda M.K.İbrahimova məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Qərarından şikayət verilmiş inzibati orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş inzibati orqanın nümayəndəsi olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayətin qismən təmin edilməsi üçün əsas vardır. Belə ki, İXM-nin: - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şikayət vermiş şəxs X1 “SMS radar” tətbiqində qeydiyyata alınmış şəxsi kabinetinə göndərilmiş və M.İbrahimovanın məhkəmə prosesində nümayiş etdirdiyi xüsusi texniki vasitə ilə qeydə alınmış foto şəkillərdən görünür ki, inzibati xəta haqqında qərarın qəbul edilməsinə əsas kimi qiymətləndirilmiş hadisə həqiqətən də günün işıqlı vaxtına aiddir. Halbuki, mübahisələndirilən inzibati xəta haqqında qərardan görünür ki, inzibati xəta hadisəsi 22:21 dəqiqədə baş vermişdir. Eyni zamanda şikayət vermiş şəxs X1 “SMS radar” tətbiqində qeydiyyata alınmış şəxsi kabinetinə inzibati xəta hadisəsinin foto şəkli göndərildiyindən və həmin hadisənin videogörüntüsü mövcud olmadığından, M.İbrahimovanın idarə etdiyi avtomobillə yolayrıcında dayandığını və ya hərəkətdə olmasını müəyyən etmək mümkün olmamışdır. Hazırki halda M.K.İbrahimovanın sözügedən inzibati xəta hadisəsini törətməsinə dair BDYPİ tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən və iş materialları ilə M.K.İbrahimovanın sözügedən inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, hazırki şikayət qismən təmin edilməli, haqqında şikayət verilmiş qərar ləğv edilməli və inzibati xəta hadisəsi üzrə toplanmış materiallar inzibati xəta hadisəsinin yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Məsələ ilə bağlı məhkəmə İXM-nin aşağıdakı maddələrini qeyd etməyi zəruri hesab edir: 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 75.0. İnzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 80.1. Sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. 80.2. Sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında barədə qərar qəbul edilir. 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 134.1.4-cü maddəsini rəhbər tutmaqla, Q Ə R A R A A L D İ: X1 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 24 mart 2025-ci il tarixli, EQ 26884478 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayəti qismən təmin edilsin, həmin qərar ləğv edilərək iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim edildiyi tarixdən 10 (on) gün müddətinə onu qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-2223/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2223/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver