Məhkəmə qərarları › İş №3(001)-2240/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2240/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2240/2024 29.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, taksi sürücüsü işləyən, Kürdəmir rayonu, Yenikənd ərazi dairəsi, Dəyirmanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİdən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən Şəxs barəsində İXM 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin polis sahə inspektoru, polis mayoru X3 izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yolhərəkəti qaydalarını pozduğuna Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşları sonuncuya saxla işarəsi vermişlər. Lakin Şəxs avtomobili saxlamamış, hərəkəti davam etdirmişdir. Bir qədər sonra süni tıxac yaradılmaqla Şəxs idarə etdiyi avtomobilin qarşısı kəsilmişdir. Şəxs idarə etdiyi avtomobilin saxlanıldıqdan sonra sonuncu avtomobildən düşmüş, lakin sənədlərini təqdim etməkdən imtina etmiş, səs-küy salaraq DYPŞ-nin əməkdaşlarını təhqir etmişdir. Şəxs DYPŞ-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə həmin əraziyə Binəqədi RPİ-nin 6-cı PB-nin post patrul xidmətinin əməkdaşları çağırılmışdır. Şəxs sakitləşmədiyi və tabesizlik göstərməyə davam etdiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-yə gətirilmiş və raport yazılmışdır. Bölmədə Şəxs izahatı alınmış və barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, fərdi qaydada taksi sürücülüyü ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində idarə etdiyi “Xəzər” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “20 Yanvar” metrostansiyasının yaxınlığından Masazır qəsəbəsinə aparmaq üçün 4 nəfər sərnişin götürmüşdür. Biləcəri qəsəbəsində hərəkət edərkən YPX avtomobilinin sayrışan işıqları yandırdığını görüb, yol istədiyini düşünmüş, lakin yolda avtomobil çox olduğundan avtomobilini sağa çəkə bilməmişdir. YPX avtomobili onun arxasınca gəlib Bakı-Sumqayıt yolunda səsgücləndirici ilə ona avtomobili saxlamasını demişlər. O, da idarə etdiyi avtomobili kənara çəkib, saxlamışdır. Bundan sonra polis əməkdaşları ona yaxınlaşıb, maşının açarını götürmüşlər və onu Binəqədi RPİnin 6-cı polis bölməsinə aparmışlar. Bölmədə izahatı alınaraq barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əməlindən peşmançılığını nəzərə alaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X2 ilə birlikdə Binəqədi rayonu, Biləcəri qəsəbəsinə xidmətdə olarkən “Xəzər” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün yolhərəkət qaydasını pozduğunu görüb, saxla işarəsi vermişlər. Lakin avtomobilin sürücüsü, adını sonradan bildiyi Şəxs avtomobili saxlamamış, yol-hərəkəti qaydalarını dəfələrlə pozaraq, uzaqlaşmağa cəhd göstərmişdir. Bakı-Sumqayıt yolunda yerləşən “Rahat” marketin qarşısında süni tıxac yaradılaraq Şəxs idarə etdiyi avtomobil saxlanılmışdır. Şəxs avtomobildən düşdükdən sonra sənədlərini təqdim etməkdən imtina etmiş, səs-küy salaraq onları təhqir etmiş, ətrafa kənar şəxslərin toplaşması üçün diqqəti öz üzərinə çəkmişdir. Onlar Şəxs sakitləşməsini və sənədlərini təqdim etməsini desələr də sonuncu sakitləşməmiş və tabesizlik göstərməyə davam etmişdir. Bundan sonra həmin əraziyə Binəqədi RPİ-nin 6-cı PB-nin post patrul xidmətinin əməkdaşları çağırılmış, Əlvan Məmmədov polis bölməsinə aparılmışdır. Onlar da polis bölməsinə gedib, baş vermiş hadisə ilə bağlı raport yazmışlar. Məhkəmə iclasında şahid Bakı şəhəri Binəqədi RPİ-nin Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektoru, polis serjantı X2 digər şahid X4 ilə oxşar məzmunda izahat verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi RPİ-nin Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektorlarının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün Binəqədi RPİ-nin 6-cı PB-yə gətirilmiş və barəsində raport tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00-da inzibati qaydada tutularaq növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı-Sumqayıt yolunda Binəqədi RPİ-nin Dövlət yol polis şöbəsinin yol patrul xidməti inspektorlarının qanuni tələblərinə tabe olmayaraq İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Binəqədi RPİnin 6-cı PB tərəfindən İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni sonuncunun ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması iş materialları və məhkəmə iclasında toplanmış sübutlarla tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Şəxs barəsində təyin edilmiş inzibati həbsin əvvəli 28 mart 2024-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 28 mart 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar