Məhkəmə qərarları › İş №3(001)-2256/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2256/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2256/2024 16.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs 21 yanvar 2023-cü il tarixdə saat 22:30-da idarə etdiyi “Lexus” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində hərəkətdə olarkən manevr edib qarşı istiqamətə keçən vaxt “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsinin İİİ bəndinin tələbini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, X1 idarə etdiyi “Daevo” markalı avtomobil ilə toqquşmuş, nəticədə X1 yüngül dərəcəli bədən xəsarəti almasına və “Kuba” markalı mopedə zərər vurulmasına səbəb olmuşdur. Bakı şəhəri Binəqədi RPİ-in Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən 06 fevral 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin əlamətləri olduğundan qərarın surəti müvafiq tədbir görülməsi üçün Binəqədi RPİ-in DYPŞ-yə göndərilmişdir. Bundan sonra Binəqədi RPİ-in DYPŞ-in əməkdaşı, polis leytenantı X2 tərəfindən Şəxs barəsində 17 aprel 2023-cü il tarixdə İXP seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 21 yanvar 2023-cü il tarixdə saat 22:30-da idarə etdiyi “Lexus” markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində hərəkətdə olarkən manevr edib qarşı istiqamətə keçən vaxt X1 idarə etdiyi “Daevo” markalı avtomobil ilə toqquşmuş, nəticədə X1 yüngül dərəcəli bədən xəsarəti almasına və “Kuba” markalı mopedə zərər vurulmasına səbəb olmuşdur. Hadisə ehtiyatsızdan baş vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Binəqədi RPİ-in DYPŞ-yə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə öncədən məlumat verməmişdir. Məhkəmə işə Binəqədi RPİ-in DYPŞ-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs İXM-in 327.8-ci maddəsi ilə inzibati təhbeh tətbiq edilməməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış icaata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş X1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, qərarın surəti tərəflərə göndərilmiş, tərəflər həmin qərarı mübahisələndirməmişlər. Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı 21 yanvar 2023-cü il tarixdə törətmiş, Binəqədi RPİ-in Təhqiqat şöbəsinin təhqiqatçısı X3 tərəfindən cinayət işi başlanmasının rədd edilməsi barədə qərar isə 06 fevral 2023-cü il tarixdə qəbul edilmişdir. Belə olan halda, yəni inzibati xəta haqqında protokola məhkəmədə baxıldığı zaman cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edildiyi gündən üç aydan artıq vaxt ötmüş, başqa sözlə, inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Eyni Məcəllənin 38.1-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə xətalara görə tənbehin inzibati xətanın törədildiyi gündən bir il keçənədək verilməsinin mümkünlüyü nəzərdə tutulsa da, nəzərə alınmalıdır ki, bu halda İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsi xüsusi norma kimi çıxış edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 10.4-cü maddəsinə görə eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən – bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Təsvir olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ona İXM-in 327.8-ci maddəsi ilə inzibati təhbeh tətbiq edilməməli, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış icaata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-in 38, 53, 114-cü maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs İXM-in 327.8-ci maddəsi ilə inzibati təhbeh tətbiq edilməsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanılmış icaata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar