Məhkəmə qərarları › İş №3(001)-2280/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2280/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2280/2020 27.08.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şikayət vermiş şəxs Məmmədov X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Məmmədov X2 Azərbaycan Respublikası DİN Sabunçu rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Məmmədov X3 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DİN Sabunçu rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məmmədov X3 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixində saat 10:35-də yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə sms müraciət göndərmiş, saat 10:50-də ona cavab olaraq 3 saatlıq yaşayış yerini tərk etmək üçün icazə verilmişdir. Yaşayış yerini **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə tərk etdikdən sonra təqribən 25-30 dəqiqə sonra Bakıxanovda, Razin stansiyası deyilən ərazidə post patrul əməkdaşları onu saxlamışlar, yoxlama aparılan zaman ona bildirmişlər ki, onun icazəsi texniki vasitə tərəfindən təsdiqlənmir. Telefondakı təsdiq sms-ni göstərsə də onlar qəbul etməmişlər və ona haqsız olaraq 200 manat cərimə tətbiq ediblər. Bununla bağlı DİN 102 xidmətinə şikayət etmiş və ona Binəqədi Rayon Məhkəməsinə müraciət etməyi bildirilmişdir. Göstərilənlərə əsasən barəsində qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətin baxılmasında iştirak etməsi üçün Azərbaycan Respublikası DİN Sabunçu rayon DYPŞ-yə məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, habelə məhkəmə iclasının təxirə salınmasına dair vəsatət verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Məmmədov X3 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Sabunçu rayon DYPŞ Yol Patrul Xidməti inspektoru polis kiçik serjantı X1 tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Məmmədov X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Məmmədov X2 şikayəti təmin edilərək inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarın icrasına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 aprel tarixli 147 nömrəli qərarının 1.5-ci maddəsinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir. Həmin qərarın 1.5-ci maddəsininin 1.5.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 120 nömrəli Qərarının 4-cü hissəsinə əsasən fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli sms çıxarışdan məlum olur ki, Məmmədov X3 xx.xx.2020-ci il tarixində yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103-e saat 10:35-də 2 yazaraq sms yollamış, saat 10:50-də 3 saat müddətinə yaşayış yerini tərk etmək haqqında sms təsdiqi almışdır. İnzibati xəta haqqında protokol isə xx.xx.2020-ci il tarixdə saat 11:26-da tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Məmmədov X2 barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə əsas verən heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsində qeyd olunur ki, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələblərinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respubliksası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd olunur ki, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qəbul edilmiş qərarların qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda həmin Məcəllənin 135.1.1-ci və 135.1.6ci maddələrində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iş materiallarını araşdırıb proses iştirakçısını dinləyib belə qənaətə gəlir ki, Məmmədov X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Məmmədov X2 şikayəti təmin edilərək Azərbaycan Respublikası DİN Sabunçu rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən qəbul edilən TP ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-131, 133-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şikayət təmin edilsin. Məmmədov X2 inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası DİN Sabunçu rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən tərtib edilən TP ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilərək inzibati icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar