Məhkəmə qərarları › İş №3(001)-2280/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2280/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2280/2021 18.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Şikayət onunla əsalandırılmışdır ki, yaşayış yeri olmadığından müvəqqəti olaraq kafedə məskunlaşmışdır. 08 yanvar 2021-ci il tarixdə polis əməkdaşları kafeyə yaxınlaşaraq, karantin rejimi qaydalarını pozmasını bildirmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə əsassız olaraq protokol tərtib edilmişdir. O, həmin zaman kafedə tək olmuşdur. Belə ki, yaşayış yerindən məhrum olduqdan sonra kafedə olan otaqda məskunlaşıb yaşamşdır. Bu barədə polis əməkdaşına bildirsə də, ona əhəmiyyət verilməmişdir. O, hal-hazırda da həmin kafedə yaşayır. Heç bir araşdırma aparılmadan elə həmin gün, 08 yanvar 2021-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 4000 (dörd min) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Bu qərar tamamilə qeyriqanuni, əsassız olaraq qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmişdir. Çünki o, İİ qrup gözdən əlildir və əlilliklə bağlı hər ay 110 manat pensiya alır. Həyat yoldaşından boşanmış və iki uşağın saxlanılması üçün hər ay hər uşağa 100 manat məbləğində aliment təyin edilmişdir. O, alimenti tam şəkildə ödəyə bilmədiyi üçün keçmiş həyat yoldaşı ilə razılaşaraq pensiya kartını vermiş və pensiyası hər ay keçmiş həyat yoldaşı tərəfindən alimentin əvəzi olaraq götürülür. Yerdə qalan alimenti isə ödəmək iqtidarına malik deyildir. Onlar boşandıqdan sonra yaşayış yeri olmadığından küçələrdə qalmış, kafenin sahibi olan şəxs isə onun acınacaqlı vəziyyətini görərək kafedə qalmasına icazə vermiş və o, həmin kafedə yaşamışdır. Hətta qeydiyyata düşməyə yeri olmadığından o, polis idarəsinin inzibati binasına pasport qeydiyyatına alınmışdır. Heç bir yerdə işləmir, qazanc və gəliri yoxdur. Maddi durumu həddindən artıq pis vəziyyətdədir. O, bu barədə bildirsə də qətiyyən nəzərə alınmamışdır. Lakin bu amillər nəzərə alınmadan protokol verilmiş və heç bir araşdırma aparılmadan həmin gün qərar qəbul edilmişdir. O nə fiziki, nə də hüquqi şəxs kimi qeydiyyatdan keçməmiş, vergi ödəyicisi olmamışdır. O, əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd etdiyi kimi faktiki yaşadığı yerdə olmuş və kafenin tərəfindən işlədilməsi halı baş verməmişdir. Barəsində olan qərar araşdırılmadan çıxarılmış və əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilmişdir. Qeyd olunanlardan da görünür ki, onun əməlində inzibati xəta törədilməsi halı mövcud olmamışdır. Qanunvericliyin tələbləri kobud şəkildə pozularaq barəsində əsassız qərar qəbul eilmişdir. Ona görə də, qeyri-qanuni və qanunvericiliyin tələblərinin pozulması şəraitində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuzdur. Çünki həmin qərarla o, vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin o, həmin kafeni işlətmir və fiziki şəxs qismində sahibkarlıqla məşğul olmur. Bir müddətdir ki yaşayış yeri olmadığından kafedə yaşayır. Ona görə də, məhkəmədən qeyd olunanların nəzərə alınmasını və barəsində qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 08.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X1 qaydalarını pozaraq Abayev parkında yerləşən adsız kafeni işlədib məclis edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 08.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 4000 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmənin portal çıxarışından görünür ki, X3 heç bir yerdə işləmir, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X3 barəsində Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış və iş üzrə hazırda X2 qeyd olunan inzibati xətanı törətməsi şübhə yaradır. Çünki səlahiyyətli orqan tərəfindən araşdırma aparılan zaman karantin rejimi qaydalarını pozmuş obyektin vəzifəli şəxsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılsa da, yekun qərar qəbul edilən zaman yanlışlığa yol verilərək X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, X3 fiziki şəxs qismində sahibkarlıq hüququ ilə məşğul olmamış və törədilməsi ehtimal edilən inzibati xətanın baş vermə yeri olan kafeni işlətmə səlahiyyəti olmamışdır. Belə olan vəziyyətdə sözügedən kafedə inzibati xəta hadisəsi olsa da, həmin xəta ilə bağlı X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tərkib əlamətlərinin olması az inandırıcıdır. Bundan başqa, iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən, eləcə də ona hansı səbəbə barəsində icraat aparılması haqqında məlumat verilmədən, inzibati xəta haqqında aparılan araşdırmada iştirak edərək müvafiq sübutların təqdim edilməsi və araşdırmanın obyektiv aparılması məqsədi ilə şəxsin icraatda iştirak etməsi, eləcə də müvafiq sübutu varsa təqdim etməsi üçün şərait yaradılmadan şəxs barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsinə dair məhkəmə tərəfindən verilmiş sorğuya Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi heç bir cavab verməmiş, üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması.. Beləliklə məhkəmə, şikayətçi X2 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi tərəfindən qəbul edilmiş 08.01.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün qərar Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar