Məhkəmə qərarları › İş №3(001)-2283/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2283/2022

09.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2283/2022 09.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 347-ci maddəsi ilə Bakı şəhər Nərimanov rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Açıq Səhmdar Cəmiyyətinin İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş iş materialları baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(005)- 715/2019 nömrəli qərarı ilə Şəxs Açıq Səhmdar Cəmiyyəti İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(005)-715/2019 nömrəli qərarından verilmiş apellyasiya şikayəti əsasında inzibati xəta haqqında iş materialı xx.xx.2022-ci il tarixdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(013)-1743/2022 nömrəli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(005)- 715/2019 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 bildirmişdir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Çünki inzibati xəta törədilmiş avtomobil Şəxs-nin mülkiyyətində olsa da, Şəxs ilə "xxxx" MMC arasında bağlanmış LA-001-031439 saylı daxili lizinq müqaviləsinə əsasən, həmin MMC-nin sahibliyinə və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsi Baş Dövlət Yol Polisi İdarəsində qeydiyyata alınmışdır. Qeyd edilən avtomobilin "xxxx" MMCnin tabeliyində olması barədə Baş Dövlət Yol Polisi İdarəsində məlumat olduğundan Şəxsyə göndərilmiş sorğuya cavab verilməməsi barədə tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Həmçinin Şəxs Açıq Səhmdar Cəmiyyətinə mülkiyyətində olan nəqliyyat vasitələri barədə məlumat verilməsi ilə bağlı sorğu Nərimanov rayonu, Ziya Bünyadov prospekti 118 ünvanına göndərilsə də, Şəxs-nin qeyd edilən ünvanla heç bir bağlılığı olmamış, ASC-nin faktiki və hüquqi ünvanı ünvan 16B olmuşdur. Məhkəmədən qeyd olunanların nəzərə alınaraq Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan DİN-nin DYP portal çıxarışından və SS550541988AZ, SS550540846AZ, SS550541081AZ kodlu Bakı şəhər Nərimanov rayon Polis İdarəsi DYPŞ tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnamələrindən görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinə mülkiyyətində olan “X4” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək İXM-in 327.1 və 328.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş fiziki şəxs barədə məlumat verilməsinin xahiş olunmasına dair Bakı şəhər Nərimanov RPİ-nin DYPŞ tərəfindən sorğular verilmiş, lakin həmin sorğular Şəxs Açıq Səhmdar Cəmiyyətinin hüquqi və ya faktiki ünvanına deyil, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 118 ünvanına göndərilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2019-cu il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul edilmiş sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumat verilmədiyindən barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi, qanunvericilik İXM-in 347-ci maddəsi ilə olan inzibati xətada yalnız hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyət nəzərdə tutmuşdur. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin DYPŞ tərəfindən sözügedən sorğu Şəxs Açıq Səhmdar Cəmiyyətinin hüquqi və faktiki ünvanı olan ünvan 16B ünvanına deyil, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 118 ünvanına göndərilmiş, qeyd olunan sorğu cəmiyyətin ünvanına getməmiş və həmin sorğudan cəmiyyətin heç bir məlumatı olmamışdır. Digər tərəfdən məhkəmə, iş materiallarında olan poçt xəbərnamələrinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmiş, həmin xəbərnamələr “Quluyeva” soyadlı şəxs tərəfindən qəbul edilib, imzalansa da, həmin şəxsin Şəxs ilə nə kimi münasibəti olması qeyd edilməmişdir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində İXM-in 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar