Məhkəmə qərarları › İş №3(001)-229/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-229/2023

17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-229/2023 17.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bərdə rayonu, İmamqulubəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kəlbəcər rayonu, Tatlar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, R. Xəlilov küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, xxxxxxx FİN-ə malik olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahat verərək bildirmişdir ki, 05 dekabr 2022-ci il tarixdə xidmətdə olan Ekoloji Nəzarət üzrə YPXB əməkdaşları tərəfindən bölməyə bir nəfər şəxsin polisin qanuni tələblərinə tabe olmaması ilə bağlı məlumat daxil olmuşdur. Müəyyən edilmişdir ki, adı sonradan məlum olan Şəxs yol patrul xidməti inspektoru tərəfindən saxlanılan zaman polisin qanuni tələblərinə tabe olmayaraq, polisi təhqir etmişdir. Həmin tarixdə şəxs polis əməkdaşları tərəfindən bölməyə gətirilmiş, bölmədə izahatı alınmış və barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərindən Bakı şəhəri istiqamətində gedərkən YPX-in əməkdaşları onu Bakı-Sumqayıt yolunun kənarında yerləşən “Delfin” otelin yanında saxlamışdılar. YPX-in əməkdaşları ona yaxınlaşıb onların xidməti avtomobilinə əyləşmələrini bildirmişdilər. O, da onların xidməti avtomobilinə əyləşmişdir. Onlar ona saxlamaqlarının səbəbini izah edərək bildirmişdilər ki, onun idarə etdiyi “Renault Megan-3” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilindən normadan artıq tüstü çıxır. O da onlara bildirmişdir ki, avtomobili yeni işə salıb və həmçinin dizel mühərriklidi. Mühərrik hava soyuq olduğu üçün belə artıq tüstü verir. Bundan sonra avtomobilin nömrə nişanı yoxlanılmış, yoxlama zamanı avtomobildə ödənməmiş cərimənin olduğunu bildirmişdilər və buna görə avtomobilin cərimə meydançasına aparılacağının bildirmişdilər. O, cəriməni yerində ödəməyə hazır olduğunu bildirsə də, onlar avtomobilin cərimə meydançasına qoyulmalı olduğunu israr etmişlər. Daha sonra polis əməkdaşları onun içkili olduğunu qeyd etmişlər. O, cəriməni ödəməsi və sərxoşluğunun yoxlanılması üçün X8 İdarəsinə getmələrini təklif etsə də, onunla razılaşmamışlar. Polis əməkdaşlarından biri onun mobil telefonunu götürüb onlarla getməsini tələb etmişdir. Bundan sonra o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmişdir. O, X8 İdarəsinə getmək istəyərkən polis əməkdaşları 102 xidmətinə zəng etdiyinə görə, ona zor tətbiq edib, şalvarının kəmərindən tutub zorla sürüyüb xidməti avtomobillərinə mindirmişlər. O, polis əməkdaşlarının tələblərini yerinə yetirmiş, heç bir tabesizlik göstərməmiş, polis əməkdaşlarına qarşı təhqiramiz sözlər deməmişdir. Əksinə polis əməkdaşları tərəfindən təhqir olunmuşdur. Qeyd olunanları nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Baş X8 İdarəsinə bilavasitə tabe olan YPX bölüyü yol patrul xidməti alayının xüsusi taqımı yol patrul xidməti baş inspektoru X5 bildirmişdir ki, 05 dekabr 2022-ci il tarixdə Binəqədi rayonu ərazisində ekipaj yoldaşı X1 ilə birlikdə xidmətdə olarkən “Renault Megan” markalı **-SN-*** dövlət qeydiyyatlı avtomobilin sürücüsü qayda pozuntusuna görə, yəni avtomaşınından normadan artıq tüstü çıxdığı üçün tərəflərindən saxlanılmışdır. Sürücünün ad, soyadı portalda yoxlanılarkən cərimələrinin olduğu müəyyən edildiyindən avtomaşının cərimə meydançasına aparılmasını sürücüyə bildirdi. O, sürücünün avtomaşınına əyləşib gedərkən sürücü avtomaşını saxlayıb Baş X8 İdarəsinə gedəcəyini və cərimələri ödəyəcəyini bildirdi. Eyni zamanda sürücü yaxın məsafədə olduğundan onu içkili olduğundan şübhə etdiyindən analiz verilməsi üçün müvafiq quruma gedilməsini təklif etdikdə Şəxs imtina etmiş, qaçmağa cəhd göstərmişdir. Lakin o, Şəxs kəmərindən tutub xidməti avtomaşına əyləşdirmiş, Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil verilmişdir. Sonra isə tərəfindən həmin bölmənin rəisinə raportla müraciət olunmuşdur. Ona qarşı heç bir zorakılıq və təhqir olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, AZA 003096 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığından İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmadığı üçün barəsində raport tərtib olunmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-3844/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 gün müddətə inzibati həbs edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-3056/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-3844/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı, barəsində qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş şikayətə əsasən ləğv edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında heç bir polis əməkdaşına tabesizlik göstərmədiyini, ondan tələb olunanlara əməl etdiyini bildirmişdir. Qeyd edilməlidir ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə Şəxs tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsinə dair qeyd təkzib edilmişdir. Çünki məhkəmə iclasında toplanmış sübutlarla Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmasına dair müddəalar öz təsdiqini tapmamış və sonuncunun həmin əməli törətməsinə dair məhkəməyə heç bir tutarlı dəlil təqdim olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi, məhkəmədə Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin, yəni onun polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, qanuni tələblərinə qəsdən tabe olmaması ilə bağlı hərəkətlərə yol verməsi sübut edilə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar