Məhkəmə qərarları › İş №3(001)-23/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-23/2024

29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-23/2024 29.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X6 iclas katibliyi, X1 müdafiəçisi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X1 Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2009-cu il tarixdən etibarən ********** qeydiyyat nömrəsi (VÖEN) əsasında fərdi sahibkarlıq fəaliyyətini həyata keçirməklə Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində yerləşən “Malışok” uşaq ləvazimatları mağazasında malların satışı ilə məşğul olur. Bir müddət öncə elektron hökümət portalı vasitəsilə ona məlum olmuşdur ki, xüsusi karantin rejimi dövründə onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilir ki, xx.xx.2022-ci il tarixdə ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarının pozulması faktı ilə bağlı “Malışok” uşaq geyimləri mağazası müdiri X4 barəsində vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən tərtib edilmiş MN ******* nömrəli protokol üzrə MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar ilə tətbiq edilmiş 4000 manat məbləğində inzibati cərimə tətbiq edildiyi tarixdən 1 ay müddətində ödənilmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.1 və 150.7-ci maddələrinin tələblərinə əsasən ödənilməsinin təmin edilməsi məqsədilə toplanmış material Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir.İşin faktiki halları ondan ibarət olmuşdur ki, ona məxsus mağazada işləyən 3 nəfər işçidə İİİ doza vaksinin müddətinin keçməsi aşkarlanmışdır. Bununla da, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin heç bir sənəd verilməmişdir.Qeyd olunan protokol qanunsuz və əsassızdır.Belə ki, xüsusi karantin rejimi dövründə İ və İİ doza vaksin alma məcburi göstəriş olmuş, İİİ doza vurulması isə tövsiyə edilməklə könüllü xarakter daşımışdır.Bu səbəbdən işçilərin İİİ doza vurdurmamaları inzibati xəta tərkibi yaratmır.Həmçinin üç nəfər işçidə İİİ doza vaksinin müddətinin keçməsi dedikdə nəyin nəzərdə tutulması aydın olmamışdır.Bundan əlavə İXM-nin 103.1, 102.6, 111.1-ci maddələrinə riayət olunmadığından qeyd olunan inzibati tənbeh haqqında qərar ləğv edilməlidir. Şikayətçi yuxarıda göstərilənləri əsas tutaraq, Sumqayıt Şəhər Polis İdarəsinin 4.05.2022ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən X1 müdafiəçisi X7 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətdə göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini, Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. İnzibati orqan Sumqayıt Şəhər Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Buna görə də, məhkəmə işə inzibati orqan Sumqayıt Şəhər Polis İdarəsinin səlahiyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin çıxışını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə görə epidemya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, vətəndaş tərəfindən AR İXM-nin 211.2-ci maddəsinin tələblərinin pozulması ilə bağlı qeyri-müəyyənliklər mövcuddur.Belə ki, xüsusi karantin rejimi dövründə İ və İİ doza vaksin alma məcburi göstəriş olmuş, İİİ doza vurulması isə tövsiyə edilməklə könüllü xarakter daşımışdır.Bu səbəbdən işçilərin İİİ doza vurdurmamaları inzibati xəta tərkibi yaratmır.Həmçinin üç nəfər işçidə İİİ doza vaksinin müddətinin keçməsi dedikdə nəyin nəzərdə tutulması aydın olmamışdır.Bundan başqa, hadisəni əks etdirən video və foto görüntülər nə məhkəməyə, nə də ki şikayətçiyə təqdim edilməmişdir.Bu da nəticədə obyektiv həqiqətin müəyyən olunmasında çətinliklər yaratmışdır.Buna görə də, məhkəmə hesab edir ki, qeyd edilən nöqsanları aradan qaldırmaq üçün şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə qəbul edilmiş MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırma aparılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şikayət qismən təmin olunsun. Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol üzrə qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında materiallar yenidən araşdırılması üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar