Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2303/2024 03.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs direktoru Nümayəndə iştirakı ilə, Şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X1 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X1 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iclasında Şəxs direktoru Nümayəndə izahatında bildirmişdir ki, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin kim tərəfindən idarə olunması barədə səlahiyyətli orqanın sorğusu direktoru olduğu cəmiyyətə göndərilməmişdir. Əgər həmin sorğu göndərilsə idi, müvafiq cavab məktubu ilə səlahiyyətli orqanın sorğusu cavablandırılardı. ünvan 1 ünvanını onun qeydiyyatda olduğu ünvandır. Lakin ona hər hansı bir məktub və ya xəbərdaqlıq göndərilməmişdir. “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədə qeyd edilmiş “***-***-**-**” telefon nömrəsi ona aid deyildir. Onun istifadəsində olan nömrə “***-***-**-**”dir və həmin telefon nömrəsi on ildən çoxdur ki onun istifadəsindədir. Həmçinin həmin xəbərnamədə qeyd edilən “Marif” adlı şəxs əvvəllər cəmiyyətdə işləmişdir. Lakin Maarif adlı şəxs Şəxsndə işlədiyi dövrdə çoxsaylı qanunsuzluqlar etdiyindən 2023cü ilin may ayında onu işdən çıxarmışdır və artıq bir ilə yaxındır ki, onun direktoru olduğu cəmiyyətdə işləmir. Maarifə kiminsə telefonla məlumat verilməsindən xəbəri yoxdur. Məlumat verilmiş olsa belə Maarif ona hər hansı məlumat verməmişdir. Çünki həmin şəxs şirkətdən qanunsuz əməllərinə gprə uzaqlaşdırılmışdır və şirkət rəhbəri kimi ona zəng etməyə üzü yoxdur. Polis idarəsindən ona nəqliyyat vasitəsinin kimin istifadəsində olması barədə hər hansı sorğu göndərilsəydi indiyədək bu barədə məlumatı polis orqanına təqdim edər və qayda pozuntusuna görə cəriməni də ödəyərdi. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqan məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəməyə işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. SX008234593AZ şrtix kodlu “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, sorğu "şəxsən ***-***-**-** Marif verildi” qeydi aparılmış, etibarnamə ilə verildi qrafasında isə “***-***-**-** Şakir əlaqə saxlanıldı məlumat verildi” qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir; 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər; 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir; 58-ci maddəsinə əsasən bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: inzibati xəta haqqında iş üzrə sənədi göndərən orqanın adı və ünvanı; sənədin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; verilən sənədin adı; verilmənin vaxtı (tarix və saat) və yeri; sənədin verilməməsinin səbəbləri (göstərilən ünvanda olmama, səhv ünvan və sair); sənədin verildiyi şəxs; sənədin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanı nümayəndəsinin imzası. Məhkəmə ilk növbədə iş materiallarına əlavə edilmiş poçt xəbərnaməsinə dair qeyd edir ki, İXM-in 57-ci maddəsinə əsasən hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Lakin, iş materiallarında olan poçt xəbərnaməsində isə İXM-in göstərilən tələblərinə riayət edilməmişdir. İXM-nin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki halda iş materiallarına qeyd olunan sorğunun Şəxsnə çatdırılması öz təsdiqini tapmır. SX008234593AZ şrtix kodlu “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamə isə qanunvericiliyin tələblərinə uyğun təqdim olunmadığından, həmçinin həmin xəbərnamadə sorğunun konkret Şəxs MMC-nin hansı səlahiyyətli şəxsi tərəfindən qəbul edilməsi müəyyən edilmədiyindən sözügedən xəbərnamə iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz və həmin xəbərnamə əsasında hüquqi şəxsə məlumatın təqdim edilməsi kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, fərz edildiyi halda xəbərnamədə “Şakir” olaraq qeyd edilmiş şəxs Şəxs direktoru Nümayəndə olmasını belə fərz etsək, məhkəmə araşdırması zamanı ***-***-**-** saylı nömrənin Nümayəndə məxsus olmadığı, sonuncunun istifadəsində olan nömrənin ***-***-**-** saylı nömrə olduğu müəyyən edilmişdir. Qeyd olunan hal SX008234593AZ şrtix kodlu “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamənin formal olaraq tərtib edilməsinə, Nümayəndə səlahiyyətli orqan tərəfindən sorğunun onlara çatdırılmadığına dair verdiyi izahatın inandırıcı olmasına əsas verir. Məhkəmə qeyd edir ki, məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, daha sonra müvafiq olaraq xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərinə təxirə salınmışdır. 4 məhkəmə iclasının hər biri barəsində inzibati xəta haqqında protokol tərtib etmiş orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclaslarının heç birinə gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gələrək müvafiq sorğunun hüquqi şəxsə çatdırılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən hazırki inzibati xəta haqqında iş üzrə Şəxs əməlində inzibati xətanın tərkib əlamətlərinin mövcud olmasını müəyyən etmək mümkün deyildir. Odur ki, 77JH369 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barəsində məlumatların təqdim edilməsinə dair səlahiyyətli orqanın sorğusunun Şəxs MMC-nin ünvanına çatdırılması öz təsdiqini tapmadığından hazırki halda hüquqi şəxsin İXM-nin 347-ci maddəsi ilə təqsiri bilinməsi yolverilməzdir. Çünki qeyd edilən maddə ilə hüquqi şəxsi o zaman təqsirli hesab etmək mükündür ki, inzibati orqanın sorğusu hüquqi şəxsə çatsın və sorğunun çatdırıldığı gündən sonra beş gün müddətinə həmin sorğuya cavab verilməsin. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X1 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-nin 347-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin X1 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-2303/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2303/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver