Məhkəmə qərarları › İş №3(001)-2308/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2308/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2308/2024 03.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, AR DİN NBPİ X7 Polis İdarəsinin Biləcəri ST. X12 ictimai təhlükəsizlik qrupunun baş inspektoru X2, Bakı Şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Naxçıvan MR, Şərur rayonu, Mahmudkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Mehdibad qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə AR DİN NBPİ X7 Polis İdarəsinin Biləcəri ST. X16 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına AR DİN NBPİ X7 Polis İdarəsinin Biləcəri ST. X16 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında AR DİN NBPİ X7 Polis İdarəsinin Biləcəri ST. X12 ictimai təhlükəsizlik qrupunun baş inspektoru X3 izahat verərək bildirmişdir ki, xx.xx.2024–cü il tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 28 ünvanında "xxxx" QSC-yə məxsus 526 və 540 nömrəli sığınacaqların ərazisində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tikinti işləri aparmışdır. Həmin iş üzrə AR DİN NBPİ X7 Polis İdarəsinin Biləcəri ST. X13 təhqiqat araşdırması aparılmaqdadır. Şəxs tikintini dayandırması ilə bağlı ərizə ilə müraciət olunmuş, həmçinin şifahi formada tikintinin dayandırılmalı olduğu sonuncuya bildirilmişdir. xx.xx.2024-cü il tarixində "xxxx" QSC-nin əməkdaşları tikintinin aparıldığı yerə getmiş və tikilinin sökülməsi üçün gəldiklərini söyləmişdirlər. Bundan sonra tərəflər arasında mübahisə yaranmışdır. Hər iki tərəfin torpaq sahəsi ilə bağlı rəsmi sənədi təhqiqata təqdim olunmuşdur. Mübahisə zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs nalayiq ifadələr işlətmişdir. Odur ki, sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, sözügedən torpaq sahəsini 2006-cı ildə almış və 2006cı ildən indiyə qədər həmin torpaq sahəsinə görə vergi ödənişləri etmişdir. Həmin torpaq sahəsinin üzərində tikinti işləri aparmışdır, həmin torpaöa onun adına işıq sayğacı da quraşdırılmışdır. Ümümilikdə torpaq sahəsinə 30000 manatdan çox xərc çəkmişdir. Tikintinin birinci mərtəbəsini yekunlaşdırmış, ikinci mərtəbənin tikintisi gedən zaman "xxxx" QSC-nin əməkdaşları gəlib heç bir sənəd təqdim etmədən tikintinin sökülməli olduğunu bildirmişdirlər. Keçən günlərdə "xxxx" QSC-nin əməkdaşları yenidən gəlmiş və bu zaman mübahisə yaranmışdır. Tərəfindən tikilmiş ev heç bir qanuni əsas olmadan sökülmüş, ona isə məhkəmə qərarı və yaxud hər hansı bir digər rəsmi sənəd təqdim olunmamışdır. Mübahisə zamanı da heç kimin ünvanına nalayiq ifadələr işlətməmişdir. Sadəcə əsəbini cilovlaya bilmədiyindən şəxsən heç kimə ünvanlamadan ümumi vulqar sözlər işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş AR DİN NBPİ X7 Polis İdarəsinin Biləcəri ST. X12 Post-patrul xidməti taqımının polis nəfəri, polis baş serjantı X6 izahat verərək bildirmişdir ki, həmin tikintinin həyata keçirildiyi ünvana getmişlər. Orada Şəxs ilə "xxxx" QSC-nin əməkdaşları arasında sözlü mübahisə olmuşdur. Şəxs şəxsən heç kimi təhqir etməmiş, heç kimin ünvanına nalayiq ifadə işlətməmişdir. “Heç kimin hünəri çatmaz onun ərazisinə daxil olmağa” məzmununda ifadəni arqo şəkildə ifadə etmişdir, bundan sonra sonuncu tərəflərindən polis bölməsinə gətirilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs kimisə hədələdiyinin şahidi olmamışdır. Məhkəmə iclasında AR DİN NBPİ X7 Polis İdarəsinin Biləcəri ST. X12 Post-patrul xidməti taqımı polis nəfəri, polis serjantı X4 izahat verərək bildirmişdir ki, Şəxs tikinti apardığı ərazidə sonuncu ilə "xxxx" QSC-nin əməkdaşları arasında mübahisə olmuşdur. Mübahisə zamanı Şəxs şəxsən heç kimi təhqir etməmiş, heç kimin ünvanına nalayiq ifadə işlətməmişdir. Ümumi olaraq bir dəfə vulqar sözdən istifadə etmiş, bundan sonra tərəflərindən sonuncu polis bölməsinə təmin edilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs kimisə hədələdiyinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahat verərək bildirmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 28 ünvanında "xxxx" QSC-yə məxsus 526 və 540 nömrəli sığınacaqların ərazisində qeyri-qanuni tikinti işləri aparılır. Bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edilmişdir. Həmçinin tikinti ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə də müraciət olunmuş, Binəqədi Rayon İcra Hakimiyyətinin həmin tikintinin qanuni olması ilə bağlı heç bir rəsmi sənədi yoxdur. İcra nümayəndəsi torpaq sahəsinə gəlmiş və tikintinin qeyri-qanuni olduğunu bildirmişdir. "xxxx" QSC-nin rəhbərliyinə bu məsələlər məruzə edilmişdir. "xxxx" QSC-nin rəhbərliyi tikintinin dayandırılmalı olduğunu bildirmişdir. Daha sonra həmin torpaq sahəsinə getmişlər, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tikintini dayandırmaq lazım olduğunu bildirmişlər. Çünki torpaq sahəsi ilə bağlı bələdiyyənin müvafiq rəsmi sənədi həmin adamın yox, başqa adamın adınadır. Sonradan rəhbərlikdən məlumat daxil olmuşdur ki, ərazidə yenidən tikinti işləri aparılır. Həmin əraziyə yenidən gedən zaman niyə tikintini dayandırmadıqlarını soruşmuşlar və cavabında isə tikmədiklərini, sadəcə iş gördüklərini onlara bildirmişlər. Bundan sonra polislərin ərazisinin mühafizəsini təmin etməsi ilə müvafiq tikilinin sökülməsi ilə bağlı göstəriş gəlmişdir. Onlar da əməkdaşlarla birgə həmin əraziyə getmişlər, lakin həmin zaman Şəxs onlara mane olmuş və nalayiq ifadələr işlətmişdir. Ümumiyyətlə sonuncu əvvəllər də “kim əraziyə daxil olsa, onu vuracam, öldürəcəm” məzmununda ifadələr işlətmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs şəxsən onun ünvanına hər hansı bir nalayiq ifadə işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirmişdir ki, Şəxs "xxxx" QSC-nin mülkiyyətində olan ərazidə qanunsuz tikili aparmışdır. Həmin tikilinin sökülməsi ilə bağlı tikilinin yerləşdiyi əraziyə getmişlər. Bu zaman Şəxs qeyri-etik ifadələr işlətmişdir. Onlar tərəfindən Şəxs bütün zəruri sənədlər təqdim edilmişdir. Sonuncu tərəfindən əraziyə girəni “vuraram”, “öldürərəm” məzmununda ifadələr işlədilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs şəxsən onun ünvanına hər hansı bir nalayiq ifadə işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, Azərbaycan Dəmir Yolları” QSC-nin mülkiyyətində olan ərazidə Şəxs tərəfindən qanunsuz tikili tikilməkdə idi. Bununla bağlı "xxxx" QSC əməkdaşları olaraq həmin əraziyə getmişlər. Şəxs həmin zaman onlarla mübahisə etməyə başlamışdır. Şəxs mübahisə zamanı şəxsən kiminsə ünvanına olmasa belə, ümumi olaraq nalayiq ifadələr işlətmişdir. Şəxs nalayiq ifadələr işlətdikdən sonra polis əməkdaşları tərəfindən oradan uzaqlaşdırılmışdır. Əlavə olaraq bildirmişdir ki, "xxxx" QSC tərəfindən Şəxs tərəfindən həmin ərazidə inşa edilmiş tikilinin qanunsuz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Məhkəmə iclasında Bakı Şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri yoxdur. Şəxs tikintini həyata keçirdiyi əraziyə dair mülkiyyət hüququnu təsdiq edən sənədləri mövcuddur. Odur ki, Azərbaycan Dəmir Yolları” QSC əməkdaşlarının həmin əraziyə gələrək Şəxs tikintini dayandırması barədə tələbləri qanunsuz olmuşdur. Normaldır ki, kiminsə əziyyətlə tikdiyi evi sökməyə cəhd edildikdə həmin şəxs qeyri-iradi olaraq öz mülkünü qorumaq üçün müəyyən səylər göstərəcəkdir. Odur ki, məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:40-da inzibati qaydada tutulmuşdur. Hadisə zamanı qeyd alınmış və məhkəməyə təqdim olunmuş videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs tərəfindən hər hansı bir qeyri-etik ifadə işlədilmir. O, mübahisənin məhkəmə qaydasında həll edilməsini tələb edir, həmçinin yalnız məhkəmə qərarı olduğu alda ona məxsus tikilinin sökülməsinin mümkünlüyünü bildirir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə əsassız inzibati protokol tərtib edilmişdir, onun əməlində qeyd edilən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə İXM-in 510-cu maddəsi ilə məsuliyyət yaranmasının əsaslarına dair qeyd etməyi zəruri hesab edir ki, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi ictimai qaydanın pozulmasında ifadə olunur. İctimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi üzərində hər iki tərəfin hüquqlarını təsdiq edən rəsmi sənədlər mövcuddur və bununla bağlı təhqiqat araşdırılması aparılmaqdadır. Həmçinin Şəxs tərəfindən həyata keçirilmiş tikilinin qanunsuz hesab edilməsi ilə bağlı da "xxxx" QSC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Hadisə zamanı Şəxs tərəfindən həyata keçirilən tikintinin sökülməsi məqsədi ilə "xxxx" QSC əməkdaşları həmin tikilinin yerləşdiyi yerə gəlmişlər, həmin zaman Şəxs məhkəmə qərarı tələb etmişdir. Şəxs tərəfindən heç kimin ünvanına birbaşa yönəlmədən bir dəfə nalayiq ifadə işlədilmiş, bundan sonra da sonuncu polis əməkdaşları tərəfindən polis bölməsinə aparılmışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində isə ictimai qaydanın pozulması ifadə olunmur. Şəxs tərəfindən hadisə zamanı qeyri-etik söz işlədilməsi ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksinin pozulmasına yönələr hərəkət kimi qiymətləndirilə bilməz. Nəzərə alındıqda sonuncu həmin tikiliyə kifayət qədər xərc çəkmiş, sonuncunun mülkünü müdafiə etməsi və məhkəmə qərarı tələb etməsi kifayət qədər təbii və sivil bir tələbdir. Sözügedən tikilinin qanunsuz hesab edilməsi ilə bağlı məhkəmə qərarı olmadığı, həmçinin Şəxs da həmin mənzilə dair hüquqlarını təsdiq edən rəsmi sənədlərin olduğu nəzərə alındıqda, sonuncunun həmin tikilini öz qanuni mülkiyyəti hesab etməsi kifayət qədər normal və anlaşılan haldır. Belə olan halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz mülkiyyətini müdafiə məqsədi ilə sivil qaydada Azərbaycan Dəmir Yolları” QSC əməkdaşlarından tikilinin sökülməsinə dair məhkəmə qərarı tələb etməsi, məhkəmə qərarı olmadan tikilinin qanunsuz hesab edilməsinin yolverilməz olduğunu bildirməsi onun hüququdur və heç bir halda ziyanına şərh edilə bilməz. Məhkəmə hesab edir ki, Şəxs baş vermiş hadisə zamanı bir dəfə qeyri-etik ifadə işlətməsi xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsiri müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o qeyd edilən əməli törətməkdə təqsirsiz hesab edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar