Məhkəmə qərarları › İş №3(001)-2309/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2309/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2309/2024 03.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ-nin Dəmir yolu NPİ-nin Biləcəri stansiyası xətt polis şöbəsinin İctimai təhlükəsizlik qrupunun baş inspektoru, polis kapitanı X2, mdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Danyeri kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Binəqədi RPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Biləcəri stansiyası xətt polis şöbəsi tərəfindən Şəxs barəsində İXM 510-cu maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ-nin Dəmir yolu NPİ-nin Biləcəri stansiyası xətt polis şöbəsinin İctimai təhlükəsizlik qrupunun baş inspektoru, polis kapitanı X6 izahat verərək bildirmişdir ki, Şəxs və X3 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən, "xxxx" QSC-yə məxsus sığınacaqların ərazisində qanunsuz tikinti işləri apararkən onlara mane olmaq istəyən "xxxx" QSC-nin əməkdaşları ilə mübahisə edərək onları nalayiq ifadələrlə təhqir etdiyi üçün Biləcəri stansiyası xətt polis şöbəsinin polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişlər. Şəxs polis şöbəsində izahatı alınmış, inzibati qaydada tutulmuş və barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 02 aprel 2024-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsində kirvəsi Sahib Quliyev tərəfindən aparılan tikinti ərazisində olarkən həmin yerə gəlmiş "xxxx" QSC-nin əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Belə ki, "xxxx" QSC-nin əməkdaşları ilə tikinti ərazisinin "xxxx" QSC-yə məxsus olduğunu bildirsələr də həmin ərazi ilə bağlı Sahib Quliyevin də sənədləri olmuşdur. "xxxx" QSC-nin əməkdaşları həmin ərazidə olarkən ora polis əməkdaşları da gəlmişdir. O, "xxxx" QSC-nin əməkdaşlarından ərazi ilə bağlı sənədləri göstərmələrini dedikdə polis əməkdaşları onu və Sahib Quliyevi saxlayıb Biləcəri stansiyası xətt polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun izahatı alınmış, inzibati qaydada tutulmuş və barəsində protokol tərtib edilmişdir. O, heç bir ictimai qaydanı pozmamış, "xxxx" QSC-nin əməkdaşlarını təhqir etməmişdir. Ona görə də, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədən hüquqlarını müdafiə etdiyi Şəxs hər hansı bir inzibati xəta törətmədiyini bildirib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ-nin Dəmir yolu NPİ-nin Biləcəri stansiyası xətt polis şöbəsinin Post patrul xidməti tağımının polis nəfəri, polis baş serjantı X8 izahat verərək bildirmişdir ki, Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsində aparılan tikinti ilə bağlı əraziyə gəlmiş "xxxx" QSC-nin əməkdaşlarına nalayiq ifadə işlətdiyinə görə tərəflərindən polis şöbəsinə gətirilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxs ağır formada nalayiq ifadə işlətməmiş, "xxxx" QSC-nin əməkdaşlarından ərazi ilə bağlı sənədləri göstərmələrini tələb etmiş, “sənəd olmadan qələt edib əraziyə girərsiz deyə” irad bildirmişdir. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ-nin Dəmir yolu NPİ-nin Biləcəri stansiyası xətt polis şöbəsinin Post patrul xidməti tağımının polis nəfəri, polis serjantı X7 izahat verərək bildirmişdir ki, Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsində aparılan tikinti ilə bağlı əraziyə gəlmiş "xxxx" QSC-nin əməkdaşları ilə uca səslə, kobud tərzdə danışdığı üçün tərəflərindən polis şöbəsinə gətirilmişdir. Lakin o, şəxsin Şəxs nalayiq ifadələr işlətməsinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid "xxxx" QSC-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin Əməyin mühafizəsi şöbəsinin müdiri vəzifəsində işləyən X11 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 28 ünvanında yerləşən "xxxx" QSC-nin 526 B və 540 nömrəli sığınacaqlarının ərazisində qeyri-qanuni tikintinin sökülməsi ilə bağlı "xxxx" QSC-nin rəhbərliyi tərəfindən tapşırıq verilmişdir. Belə ki, həmin ərazi ilə bağlı hal-hazırda məhkəmə prosesləri davam etməsinə baxmayaraq ərazidə qanunsuz tikinti işləri davam etdirildiyindən söküntü aparılması üçün əraziyə texnika cəlb olunmuş, həmçinin təhlükəsizliyin təmin edilməsi məqsədilə X10 Polis İdarəsinə məlumat verilmişdir. Bu məqsədlə əraziyə X10 Polis İdarəsinin Biləcəri stansiyası xətt polis şöbəsinin polis əməkdaşları gəlmişdir. Həmin vaxt orada Şəxs və yanında olan digər bir şəxs onları hədələməyə başlamış, onu təhdid etmiş, həmçinin təhqir etmişdir. Həmin vaxt Biləcəri stansiyası xətt polis şöbəsinin polis əməkdaşları Şəxs və digər şəxsi polis şöbəsinə apardılar. Bundan sonra ərazidə söküntü işləri aparıldı. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, söküntü işlərinin aparılması ilə bağlı hələ ki, məhkəmə qərarı yoxdur. Tikinti qanunsuz aparıldığından "xxxx" QSC-nin rəhbərliyinin göstərişi ilə aparılmış tikinti sökülmüşdür. Baş vermiş hadisə "xxxx" QSC-nin əməkdaşları tərəfindən video çəkilişlə qeydiyyata alınmışdır və həmin görüntüləri məhkəməyə təqdim edə bilər. Məhkəmə iclasında şahid "xxxx" QSC-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin mülki müdafiə üzrə aparıcı mütəxəssis vəzifəsində işləyən X12 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 28 ünvanında yerləşən "xxxx" QSC-nin sığınacaqlarının ərazisində qeyri-qanuni tikintinin sökülməsi zamanı adını sonradan bildiyi Şəxs və yanında olan şəxs onları hədələyərək söküntü işlərinin aparılmasına etiraz edərək Sadiq Şirinovu hədələmiş və təhqir etmişlər. Şəxs "xxxx" QSC-nin əməkdaşlarının üzərinə gedərək “siz kimsiz, bu əraziyə girə bilməzsiniz” dedikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq aparılmışdır. Məhkəmə iclasında şahid "xxxx" QSC-nin Əməyin təhlükəsizliyi və mülki müdafiə departamentinin əməkdaşı X5 izahat verərək bildirmişdir ki, .04.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 28 ünvanında yerləşən "xxxx" QSC-nin sığınacaqlarının ərazisində qeyri-qanuni tikintinin sökülməsi ilə əlaqədar həmin əraziyə getmişdir. Orada olarkən adını sonradan bildiyi Şəxs Sadiq Şirinovun üzərinə gedərək “siz kimsiz ki, sənədləri göstərin” deyib kobud danışmış, təhqiramız hədələr işlətmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 02 aprel 2024-cü il tarixdə saat 19:40da "xxxx" QSC-nin 540 və 526 nömrəli sığınacaqlarının ərazisində tikinti aparılan yerdə X9 və Şəxs "xxxx" QSC-nin əməkdaşlarına qarşı nalayiq ifadələr işlətdiklərinə görə Biləcəri stansiyası xətt polis şöbəsinin Post patrul xidməti tağımının polis nəfərləri tərəfindən polis şöbəsinə gətirilmişlər. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:40-dan inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:20 radələrində Biləcəri qəsəbəsi ərazisində yerləşən "xxxx" QSC-yə məxsus sığınacaqların ərazisində "xxxx" QSC-nin işçiləri ilə aralarında yaranmış mübahisə zamanı ünvansız nalayiq ifadələr işlətdiyinə görə barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş hadisənin görüntülərini əks etdirən diskə baxış keçirilərkən Şəxs "xxxx" QSC-nin əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməsi və ya digər forma ictimai qaydanı pozması müşahidə edilməmiş, həmin görüntülərdə Şəxs "xxxx" QSC-nin əməkdaşlarından sənəd tələb etməsi, X3 polis əməkdaşları tərəfindən aparıldıqdan sonra kənarda sakit durması, həmin vaxt onun da polis əməkdaşları tərəfindən aparılması görünür. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin nə iş materiallarında, nə də məhkəmə iclasında Şəxs əməlində İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaların olması müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Biləcəri stansiyası xətt polis şöbəsinin İctimai təhlükəsizlik qrupunun baş inspektoru, polis kapitanı X2, həmçinin şahidlərin məhkəmə iclasında verdiyi izahatlarından müəyyən edilmişdir ki, Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verilməmişdir. Belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 28 ünvanında tanışı X3 tərəfindən aparılmış tikintinin sökülməsi ilə bağlı həmin əraziyə gəlmiş "xxxx" QSC-nin əməkdaşlarından müvafiq ərazi ilə bağlı sənədləri tələb edərkən əsəbi şəkildə və kobud tərzdə danışdığı üçün Biləcəri stansiyası xətt polis şöbəsinin Post patrul xidmətinin polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmış və barəsində İXM 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Göründüyü kimi Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov 28 ünvanında davranışları ilə ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol verməmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ-nin Dəmir yolu NPİ-nin Biləcəri stansiyası xətt polis şöbəsinin İctimai təhlükəsizlik qrupunun baş inspektoru, polis kapitanı X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi NBPİ-nin Dəmir yolu NPİ-nin Biləcəri stansiyası xətt polis şöbəsinin İctimai təhlükəsizlik qrupunun baş inspektoru, polis kapitanı X6 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 510-cu maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar