Məhkəmə qərarları › İş №3(001)-2311/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-2311/2022

02.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-2311/2022 02.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X1, Zərər çəkmiş şəxs (tələbkar) X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, xxxxxxx FİN-ə malik olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru X4 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X4 məhkəmə prosesində verdiyi izahatında bildirmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-866/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs mülkiyyətində olan ünvan 1 ünvanında özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttlərin ləğv edilməsi, həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsi cavabdeh Şəxs üzərinə qoyulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-866/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı ünvan 1 ünvanına getmişlər. İcra sənədinin mahiyyətinə əsasən öz başına çəkilmiş daxili və xarici qaz xəttləri ləğv edilmişdir. Şəxs mənzilinə verilən qaz təczihatı tam şəkildə dayandırılmışdır. Lakin Şəxs tərəfindən həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsi icra olunmamışdır. Ona görə də, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, məhkəmədən Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 866/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttləri ləğv edilməsi, həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsi onun üzərinə qoyulmuşdur. O, bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etmiş, qaz xəttləri yeri dəyişdirilmişdir. Başqa sözlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 866/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttləri ləğv edilməsi vəzifəsini həyata keçirmişdir. Qətnamənin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsinə münasibətdə isə həmin vəzifəni yerinə yetirmək maddi vəziyyəti ilə əlaqədar mümkün deyildir. Deyilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs X5 izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-866/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs mülkiyyətində olan ünvan 1 ünvanda özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttləri ləğv edilməsi, həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsi cavabdeh Şəxs üzərinə qoyulmuşdur. Borclu indiyədək icra sənədini həyata keçirməmişdir. Eyni zamanda Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 b saylı binanın 48 və 52 saylı mənzillərdəki özbaşına edilmiş dəyişikliklər, yəni təyinatı dəyişdirilmiş otaqların, qanunsuz çəkilmiş su və kanalizasiya xəttlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması, asılı balkonlarda qapalı (şüşəbənd) şəraitdə icazəsiz quraşdırılmış real təhlükə (dayaqsız-asılı balkonların əlavə yüklənməsi) yaradan kombilərin ləğv edilməsi iddiası ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan apellyasiya şikayəti vermiş, həmin apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə baxılacaqdır. Ona görə də deyilənlərin nəzərə alınaraq Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək bu qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Şəxs ünvan 1 ünvanda qaz xəttinin yerinin dəyişdirilməsinə köməklik göstərilməsi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etmişdir. 13 aprel 2020-ci il tarixli qərardan görünür ki, ünvan 2 ünvanda yerləşən 47,48,49,51 və 52 saylı mənzillərdə aparılmış təmir tikinti işlərində cinayət hadisəsi olmadığı üçün cinayət təqibinin başlanılması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs ləğv edilmiş xarici və daxili qaz xəttlərini əvvəlki layihəyə uyğun bərpa etməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-866/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs mülkiyyətində olan ünvan 1 ünvanda özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttləri ləğv edilməsi, həmin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsi cavabdeh Şəxs üzərinə qoyulmuşdur. xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs barəsində iş üzrə icraata başlanmışdır. xx.xx.2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs tələbin 10 gün müddətinə könüllü icra etməyi barədə rəsmi bildiriş göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, iddiaçı X3 cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 b saylı binanın 48 və 52 saylı mənzillərdəki özbaşına edilmiş dəyişikliklər, yəni təyinatı dəyişdirilmiş otaqların, qanunsuz çəkilmiş su və kanalizasiya xəttlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması, asılı balkonlarda qapalı (şüşəbənd) şəraitdə icazəsiz quraşdırılmış real təhlükə (dayaqsız-asılı balkonların əlavə yüklənməsi) yaradan kombilərin lağv edilməsi və sakinlərin inzibati məsuliyyət yaradan əməlləri barədə inzibati protokollar tərtib edilməsi vəzifəsi cavabdeh Binəqədi RİH-nin başçısının üzərinə qoyulmasına dair iddiası mümkün sayılmamışdır. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-866/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmuru aktda qeyd olunan əməkdaşlarla ünvan 1 ünvanına getmişlər. Ünvana gəlmə səbəbləri icra sənədinin mahiyyətinə əsasən öz başına çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi olmuşdur. Qaz istismar idarəsinin əməkdaşları ilə göstərilən xəttlərə baxış keçirilmişdir. Şəxs mənzilinə verilən qaz təczihatı tam şəkildə dayandırılmış və qaz sayğacının giriş hissəsinə qaz idarəsi tərəfindən nömrəli plomp vurulmuş və qaz idarəsinin əməkdaşları tərəfindən aktlaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Qərarından görünür ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Məcəllənin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır.” Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və icra məmuru X4 Z.Cabarovun Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 866/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən ünvan 1 ünvanında özbaşına (layihədən kənar və aidiyyəti səlahiyyətli qurumların icazəsi olmadan) çəkilmiş daxili və xarici qaz xəttlərinin ləğv edilməsi barədə qoyulmuş vəzifənin icra olunduğunu qeyd etdilər. Qətnamənin mənzildə olan qaz xəttlərinin mövcud layihəyə uyğun şəkildə bərpa edilməsi vəzifəsinə münasibətdə isə zərər çəkmiş şəxs X5 Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 b saylı binanın 48 və 52 saylı mənzillərdəki özbaşına edilmiş dəyişikliklər, yəni təyinatı dəyişdirilmiş otaqların, qanunsuz çəkilmiş su və kanalizasiya xəttlərinin ilkin layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə qaytarılması, asılı balkonlarda qapalı (şüşəbənd) şəraitdə icazəsiz quraşdırılmış real təhlükə (dayaqsız-asılı balkonların əlavə yüklənməsi) yaradan kombilərin ləğv edilməsi iddiası ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından isə apellyasiya şikayəti verilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı məqamda Şəxs əməli icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olan əməl olduğunu xüsusilə qeyd edərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xəta tərkibi olmadığı üçün Bakı şəhəri Binəqədi rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar